Əli Hüseynli: "YAP-ın seçkiləri saxtaşalaşdırmağa ehtiyacı yoxdur"
Ölçü:


Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının parlamentinin buraxılması təşəbbüsü  cəmiyyətdə geniş müzakirə olunur. Müzakirələr çox pozitivdir. Bu onu göstərir ki, Yeni Azərbaycan Partiyasının bu təşəbbüsü həm də ictimai fikrə söykənir.

Koordinat.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Yeni Azərbaycan Partiyasının  rəsmi saytına müsahibəsində bildirib. O, qeyd edib ki, Yeni Azərbaycan Partiyasının çoxluq təşkil etdiyi Azərbaycan parlamenti daim cənab Prezidentin həyata keçirdiyi islahatlara qanunvericilik dəstəyi verib. Bu, qanunların qəbulunda daim özünü göstərib. Eyni zamanda, parlamentdə təmsil olunan bitərəf deputatlar da əsas etibarilə dövlət başçısının siyasətini dəstəkləmişlər: "Həmçinin, ötən dövrdə parlamentdə nizam-intizam gücləndirilib, 2016-cı ildə Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendumdan sonra deputatların etik davranış qaydaları haqqında qanun qəbul olunub. Və son illər parlamentarilərin davranışlarında da çox pozitiv meyllər müşahidə olunmaqdadır. Amma bütün bunlarla yanaşı müəyyən yeniliklərə ehtiyac var. Etiraf etməliyik ki, bu gün parlament üzvlərinin həm qanunvericilik sahəsində, həm də islahatlara ictimai-siyasi dəstək vermək baxımından yenilənməsinə ehtiyac var.  Xüsusi vurğulamaq istəyirəm ki, cənab Prezidentin məhz parlament üzvü olan şəxslərin icra strukturlarında rəhbər vəzifələrə təyin olunması da dövlət başçısının parlamentə göstərdiyi etimadın bir formasıdır. Amma biz görürük ki, qanunvericilik prosesinin çox böyük hissəsi qanunvericilik təşəbbüsü subyekti kimi məhz cənab Prezidentin öhdəsinə düşmüş olur. Bu baxımdan, hesab edirəm ki, parlament qanunların hazırlanması prosesində daha aktivlik nümayiş etdirməlidir".

Əli Hüseynov  müxalifət nümayəndələrinin parlamentin buraxılması ilə bağlı səsləndirdiyi iddialara da münasibət bildirib. O, qeyd edib ki, səsləndirilən iddiaların nə indi, nə keçmişdə, nə də gələcəkdə heç bir əsası ola bilməz: "Onlar iddia edirlər ki, guya bu addım parlament seçkilərini saxtalaşdırmaq məqsədi daşıyır və s. Müxalifətin nəzərinə çatdırım ki, Yeni Azərbaycan Partiyasının seçkiləri saxtaşalaşdırmağa ehtiyacı yoxdur. Seçkilər zamanında, yəni 1992-ci ildə AXC-Müsavat cütlüyü seçkilər keçirəndə saxtalaşdırılmışdı. Ondan sonra keçirilən bütün seçkilərdə xalqımız Ulu Öndər Heydər Əliyevin siyasətinə, bu siyasəti uğurla davam etdirən cənab İlham Əliyevə səs verib. Yeni Azərbaycan Partiyasının rəhbəri ölkə Prezidentidir və ölkə Prezidentinin həyata keçirdiyi islahatları xalq, ictimaiyyət dəstəkləyir. İnsanlar bilirlər ki, bu siyasətin icra olunmasında istirak edənlər də məhz Yeni Azərbaycan Partiyasının üzvləridir. Biz bu qərarı qəbul etməklə həm də əminliyimizi nümayiş etdiririk. Əgər Yeni Azərbaycan Partiyası əmin olmasaydı, bu mərhələdə bu addımı da atmazdı. Partiyamız üçün istənilən bir dövrdə seçki prosesində iştirak etmək həm asandır, həm də şərəfdir. Sadəcə, yeni seçkilər əlbəttə ki, YAP-ın parlamentdə təmsil olunmuş və uğurla fəaliyyət göstərmiş insanlarını həm yenidən parlamentdə görmək iradəsini ortaya qoyur, eyni zamanda ənənəvi olaraq sıralarının gəncləşdirilməsi, həmçinin bu seçkilərdən istifadə edərək hüquq, iqtisadiyyat, sosial, politologiya sahəsində daha peşəkar insanların namizədliyinin irəli sürülməsidir".
02.12.2019 11:16:00
Oxuma sayı: 207