13-15 yaşlı qızların ana olması halları azalıb
Ölçü:


“Azərbaycanda ailələrin gizlətdiyi ekstra genital patologiyaların həkimlər tərəfindən aşkarlanması mümkün olacaq”.

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova APA-ya bildirib ki, komissiya tərəfindən bununla bağlı təkliflər hazırlanaraq Səhiyyə Nazirliyinə təqdim ediləcək. Onun sözlərinə görə, təkliflər əsasən elektron səhiyyə ilə bağlıdır. S.Məmmədova qeyd edib ki, elektron registrləri birləşdirilərək uyğunlaşdırılacaq və yeni doğulan uşaqda hansı qüsurların olduğu bilinəcək: “Uşaq ilk aylarda poliklinikaya aparıldığı zaman onun barədə  məlumatlar registrlərdə yerləşdiriləcək və müalicəsi üçün xüsusi ixtisaslı mütəxəssislər cəlb ediləcək. Həmin qız uşaqları 18 yaşına çatdıqda və ailə qurduqda registrdən onlar barəsində bütün məlumatlar götürüləcək. Bu zaman həmin qızın vəziyyəti, sağlamlığı barədə bütün məlumatları əldə etmək mümkün olacaq”.

S.Məmmədova qeyd edib ki, Azərbaycanın ucqar dağ kəndlərində mama-ginekoloq kadrları çatışmır. Onun sözlərinə görə, adətən bütün kənd üzrə bir feldşer və ya ailə həkimi olur: “Bizim təklifimiz var ki, mamaça olmayan yerlərdəki ailə həkimlərini əlavə mamalıq və antenatal kurslara cəlb edək. Onlar ailə həkimi kimi heç olmasa hamiləliyi qəbul edə, hansısa problem olarsa, həmin qadını şəhərə göndərə bilsinlər”.

Komissiya sədri qanunvericiliyə əsasən, 18 yaşına qədər qeydə alınan hamiləlik və ya doğuşla bağlı xəstəxanaya müraciət edildiyi halda polisə məlumat verilməli olduğunu qeyd edib: “Ona görə də ailələr 18 yaşa qədər olan hamiləlikləri gizlədirlər. Çox gənc orqanizmin 9 ay ikinci bir orqanizm yetişdirməsi fəlakətdir. Azərbaycanda 13-15 yaşlı uşaqların dünyaya uşaq gətirməsi halları aşağıdır. 20 il bundan əvvəl xüsusilə, cənub zonasında bu göstəricilər yüksək idisə, təbliğat nəticəsində bu faiz hər il aşağı düşür. Yeniyetmə vaxtı hamilə qalan qızların körpələri vaxtından əvvəl, yarımçıq doğulur. Yarımçıq uşaqlar əksər vaxtlarda tələf olur. Ananın bədəni tam formalaşmadığı üçün belə hamiləlik zamanı ağır travmalar alır. Bu da onların gələcək həyatında xoşagəlməz hallara səbəb olur”.
05.05.2017 18:28:41
Oxuma sayı: 367