“Çadır şəhərciklərindən yeni qəsəbələrə” sənədli filmi Youtube-da və "Facebook"da
Ölçü:

Noyabrın 29-da Baku Film School Prodakşn və Humaintar Tədqiqatlar İctimai Birliyinin birgə istehsal etdiyi “Çadır şəhərciklərindən yeni qəsəbələrə” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.

Koordonat.az bildirir ki, 2019-cu ilin avqustundan çəkilişlərinə başlanan film 1988-ci ildən Dağlıq Qarabağ münaqişəsinin başlanması, rayonların işğalı, məcburi köçkünlərin yerləşdirilməsi, onların çadırlarda çətin həyatı və yeni qəsəbələrə köçürülməsi ilə bağlı prosesləri əhatə edir.  Filmin hazırlanmasında Azərbaycan Respublikası yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Zəngilan rayon Tarix Diyarşünaslıq Muzeyi, Gəncə, Kəlbəcər, Zəngilan, Ağdam, Bərdə rayonu ictimaiyyətinin böyük rolu olub.

Filmin ssenari müəllifi və rejissoru, Baku Film School Production direktoru Əvəz Həsənovun sözlərinə görə, bu kimi filmlərin çəkilməsi üçün geniş auditoriya olmasına baxmayaraq, təəssüf ki, beynəlxalq auditoriyaya Azərbayacanda çətinliklər içində yaşayan məcburi köçkün obrazını tanıtmayıblar. Eyni zamanda beynəlxalq ictimaiyyət lazımi səviyyədə məlumatlı deyil ki, Azərbaycan kimi kiçik bir dövlət 1 milyona yaxın məcburi köçkün problemini necə həll edə bilib?

Yazıçı-publisist Kərim Kərimli isə bildirib ki, bu film məcburi köçkünlərin ağır həyat şəraitini göstərmək üçün yaxşı düşünülüb: "Məcburi köçkünlərin çadır və yataqxana həyatı barədə Azərbaycanda və onun hüdudlarından kənarda məlumatın olmamasına görə yeni nəsil 25 ildir ki, insanların ağır həyat şərtlərindən xəbərsizdir".

“Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov deyib ölkəmizdə məcburi köçkünlərin problemlərinin həll olunmasında dövlətin üzərinə düşən yükdən danışarkən bu işdə beynəlxalq təşkilatların da rolunu xüsusi qeyd edib: "Azərbaycanda bu mövzuların geniş ictimaiyyətə çatdırılması üçün hazırlanmış bu film diqqətəlayiq təşəbbüsdür".

Filmdə zəngin arxiv materiallarından istifadə olunmaqla rayonların işğalı və məcburi köçkünlərin ölkə ərazisində, xüsusən çadır şəhərciklərində, vaqonlarda yerləşdirilməsi müsahiblərin və ekspertlərin dili ilə çatdırılır. Burada yeni salınmış qəsəbələr və onların şəraiti, insanların həmin qəsəbələrə köçürülməsi ilə bağlı proseslər və çətinliklərin izahı verilir.

Azərbaycan dilində, inglis subtitrləri ilə hazırlanan film Humaintar Tədqiqatlar İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ərsəyə gəlib. Filmi Baku Film School Production youtube ünvanından və yaxud “Bakufilmschool”  facebook ünvanı üzərindən izləmək mümkündür. 
29.11.2019 14:55:00
Oxuma sayı: 90