Sevgisiz yaşamaq olmur...
Ölçü:


Elşən ƏLİYEV
“Azərbaycan işıqları” qəzetinin baş redaktoru

Dostum və həmkarım Nizami Rəhmanlının 65 yaşına təbrik əvəzi

Müasir Azərbaycan jurnalistikasının adsız-sansız çəfakeşlərindən biridir Nizami… Onunla düz iyirmi beş il əvvəl “Azərbaycan” qəzetində işləyərkən tanış olmuşam. Sonralar “Respublika”, “Panorama” qəzetlərində birgə çalışmışıq. Ötən əsrin axırlarında iş yerlərimiz dəyişsə də, səmimi dostluğumuz davam edib. Mən ona “qağa” deyirəm: təkcə müraciət formasında yox, həm də böyük qardaş mənasında…  Bu gün – mayın 5-də Nizami qağamın 65 yaşı tamam olur.

Hərdən imkan düşdükcə elədiyimiz söhbətlərdən onun mənimlə tanışlığa qədərki tərcümeyi-halı ilə bağlı xeyli fakt və məlumatları yaddaşımın itməyən bir guşəsində yığıb saxlamışam. Bu gün onları yada salmağın yeridir…

Dəvəçi – indiki Şabran rayonunun 20-23 evlik Orta Əmirxanlı kəndində bir-birini saf  məhəbbətlə sevən Sədri müəllimlə Məzəxanım müəllimənin ailəsində dünyaya göz açıb Nizami... Beş bacı, iki qardaş valideynlərindən görüb-götürdükləri birliyi və səmimiyyəti ömür boyu itirməyiblər. Bacıları üçün də, erkən haqq dünyasına qovuşmuş qardaşı üçün də, valideynlərindən sonra, ailə böyüyü, ağsaqqalı Nizami olub.

Ziyalı ailəsinin övladı kimi o, erkən yaşlarından kitablara, mütaliəyə meyil salıb. “İlk növbədə, valideynlərimi sevindirim deyə, orta məktəbdə də, universitetdə də, hətta Moskvada Ali Komsomol Məktəbində də yalnız əla qiymətlərlə oxumuşam. Beş yaşında hərfləri tanıyırdım, altı yaşında məktəbə getmişəm, ikinci sinifdən isə sərbəst, sistematik mütaliəyə başlamışam”, – uşaqlıq illərini xatırlayarkən belə deyir. Artıq dördüncü sinifdə bir neçə iri həcmli kitab oxuduğunu xatırlayır: hətta onların adlarını və müəlliflərini də unutmayıb. Məsələn, gənc partizan Volodya Dubinin haqqında rus yazıçıları Lev Kisselin və Mark Polyanovskinin müştərək əsəri olan “Kiçik oğul küçəsi”, yenə rus yazıçı Nikolay Nosovun “Vitya Maleyev məktəbdə və evdə”, fransalı yazıçı Hektor Malonun çox məşhur “Ailəsiz” povestləri…

Doqquzuncu sinifdə oxuyanda o dövrün tanınmış yazıçısı Əlfi Qasımova məktub yazıb: “Ədilənin taleyi” əsərini oxuduqdan sonra… Yazıçıdan aldığı cavab məktubu isə Nizamini bütün Dəvəçidə məşhurlaşdırıb. Universitetdə təhsil alanda mərhum yazıçı ilə şəxsən tanış olub və uzun müddət dostluq edib.

…Kəndə, evlərinə o dövrün bütün mətbuatı gəlirmiş. “Hətta bəzən mütaliəsiz darıxanda “Təşviqatçı” jurnalını oxuyurdum”, – deyir. Mən isə təsdiq edirəm: onun həyat tələbatını bu gün də ifadə edəcək bir neçə məfhum arasında, heç şübhəsiz, birincisi mütaliədir.  Hər həftənin birinci günü mənim iş yerimə gəlir, ötən həftə redaksiyanın aldığı qəzetləri oxumağa xeyli vaxt sərf edir, gedəndə isə abunəçisi olduğum “Azərbaycan” jurnalının təzə nömrəsinin gəlib-gəlmədiyini soruşur. Gəlibsə,  mütləq evdə oxuyub -qaytarmaq üçün götürəcək…

Özünün sözü ilə desəm, kənddə anadan olsa da, şəhər üçün böyüyb: “Ağaca çıxmırdım, qaranlıqdan qorxurdum, ağır təsərrüfat işlərinə göndərilmirdim, amma qonşu kəndin kitabxanasına gedib gəlməkdən yorulmurdum, bir də möhkəm futbol oynayırdım”. Məktəbli vaxtından rayon və respublika qəzetlərinə kənd həyatından yazıları, hətta təmsilləri dərc edilirmiş: əvvəl Nizami Əliyev, sonra Nizami Sədrioğlu imzası ilə… Amma peşəkar jurnalist kimi Nizami Rəhmanlı imzası ilə tanınıb.

Nizamini jurmalistikaya gətirən yolun bələdçisi radio olub. Ötən əsrin 50-ci illərində hələ elektrik işığı görməyən kəndlərində yalnız onların evində  “Rodina-47” və “Rodina-52”  adlı iki radioqəbuledici varmış… Özü deyir: “Mənə ədəbiyyatı, mütaliəni radio sevdirib. Elə o vaxtdan radioda işləmək arzum yaranmışdı”.  Universitetin kitabxanaçılıq fakültəsini bitirib iki il ixtisası üzrə Xəzər Dəniz Gəmiçiliyində işlədikdən sonra, 1976-cı ildə uşaqlıq arzusuna çatıb – Azərbaycan radiosunda jurnalistlik fəaliyyətinə başlayıb, 1983-cü ildən isə Azərbaycan televiziyasına keçib. 1991-dən “Həyat”–“Azərbaycan”, sonra “Respublika”, “Panorama” qəzetlərində işləyib .

Mən istedadlı jurnalist, söz adamı kimi Nizami Rəhmanlının zəngin yaradıcılığının ən yaxşı nümunələrinin onun Rusiyada yaşayan soydaşlarımız haqqında yazdığı maraqlı və oxunaqlı oçerklər olduğunu əminliklə deyə bilərəm. İndiyədək nəşr etdirdiyi 15 kitabda o, xalqımızı qərib diyarda ləyaqətlə təmsil edən və qəbində sönməyən Vətən sevgisi yaşadan yüzlərlə azərbaycanlını həyat hekayətini ictimailəşdirib.

Hə, bir də Nizaminin çox maraqlı, amma haqqında burada söhbət aça bilməyəcəyim sevgi tarixçəsi var: nakam və nisgilli… Düzdür, qırx ilə yaxındır birgə ömür sürdüyü, birlikdə iki oğul, bir qız-böyüdüb tərbiyə etdiyi həyat yoldaşı Hörmətxanımdan da dünyalar qədər razıdır. Ancaq kitablardadan qəlbinə köçürdüyü məhəbbət romantikasını qağam bu yaşda da axtarır… Hərçənd  bilirəm ki, hər gün nəvazişini çəkdiyi, təkcə baba deyil, həm də tərbiyəçi-müəllim kimi qayğıkeşliklə böyütdüyü nəvələrinin sevgisindən daha böyük bir sevgisi yoxdur və olmayacaq da…
65 yaşın mübarək, qağa!


05.05.2017 09:49:25
Oxuma sayı: 851