İqbal Ağazadə Baş Polis İdarəsinə etiraz edir: "Bunlar nağıllardan başqa bir şey deyil"
Ölçü:

"Ümid" Partiyasının sədri İqbal Ağazadə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Xətai RPİ və 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən onun  yaşadığı ünvanın elektirik naqilinə müdaxilə edən şəxslə bağlı yaydığı məlumatla razılaşmır.

Koordinat.az xatırladır ki, Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin yaydığı məlumata əsasən İqbal Ağazadənin yaşadığı ünvanda əsas elektrik xəttini xüsusi alətlə kəsən, qaz sayğacından evə qaz dolmasını xəbərdar edən xətti sıradan çıxaran şəxs 2013-cü ildə Ruhi-Əsəb Dispanserində qeydiyyatdadır və ruhi xəstədir. Məlumatda deyilir ki, o, etdiyi əmələ əsas kimi İqbal Ağazadənin həmin ünvanda yaşamağını istəməməsi, guya, orada onun yaxınlarından kiminsə yaşaması və onu sonradan satmasını göstərib.

İqbal Ağazadə isə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin yaydığı məlumata etiraz edib. Partiya sədri Bakı Şəhər Baş Polis İdarəsinə və işi araşdıran müstəntiqlərə xitabən deyib:

"Məsələnin birinci tərəfi
Həmin ərazidə o adamın tanıdığı kimsə yaşamayıb. Ərazi də 1992-ci ildən mənə məxsusdur. Həmin ildə də o adamın cəmi-cümlətanı 6 yaşı olub. Guya orda yaşayan bir tanışının evinin olmasına və satılmasına etiraz edib. 6 yaşı olan zaman olmayan hadisəni bu gün etdiyi hərəkəti bəhanə gətirməsi absurd yanaşmadır. Həm də ona görə ki, biz 1992-ci ildən o ünvanda yaşayırıq.

Məsələnin ikinci tərəfi

Adam Ruhi-Əsəb Dispanserində qeydiyyatdadırsa, ruhu xəstə olması haqda arayış - ruhi xəstə kimi qeydiyyatda olmasını təsdiqləyən bir sənəd təqdim etsinlər. O zaman biz də ikinci bir sənəd göstərəcəyik ki, bu adam ruhu-əsəb xəstəsi kimi qeydiyyatda olmayan başqa hansı sənədlərə malikdir. Sözügedən ikinci sənəd əlimizdədir.

Məsələnin üçüncü tərəfi

Xatırladıram ki, Bakı Şəhəri Baş Polis İdarəsi bu işi araşdırarkən bundan 20-25 gün əvvəl açmadığı baş verən bir hadisənin də niyə görə ortada cinayət faktoru ola-ola cinayət işi qaldırmadığının səbəbi və təfərrüatları da artıq mənə məlumdur. Hansı ki, ailəmlə bağlı olan bir məsələ idi və bu məsələyə cinayət işi qaldırılmadı, iş rədd edildi.

Məsələnin dördüncü tərəfi
Əgər adam ruhi xəstə idisə, nədən o uzunluqdakı məsafəni qət edərək özünü müdafiə üçün əlində silah tutmuşdu, mən ona çatarkən müqavimət göstərdi. Ruhi-əsəb xəstələri, şizofrenik xəstəliyə malik olan adamlar gəldiyi yolla da sakitcə geri dönür və onlar üçün də heç bir təhlükə hissi olmur. Adam getmək üçün kifayət qədər gizli yollar seçib, dalanlardan, keçilməz küçələrdən keçib mərkəzi küçəyə çıxarkən yaxalanıb. Bu da onun göstəricisidir ki, adamın ağlı yerindədir və nə etdiyinin fərqindədir. Şəxsin əlaqə saxladığı insanları təsbit ediblərmi? Adam çox professionalcasına evimdə işığı kəsib, kəsməmişdən yarım saat əvəl telefonuna Milli Ön vasitəsilə kontur yükləyib və o qədər peşəkar və o qədər ağıllı olub ki, ora gələrkən tutulmaq ehtimalını bilərək əlaqələri ələ keçməsin deyə telefonu üstündə götürməyib və yalnız bu işi bitirəndən sonra telefonunu əldə etmək üçün evinə doğru gedib.

Məsələnin beşinci tərəfi
Ruhi xəstə deyilən bu adam 36 saylı Dördüncü Seçki Dairəsinin 18-ci məntəqəsində 1022-ci seçici olaraq qeydiyyatdadır, seçicidir və bilirsiniz ki, ruhu-xəstələr səsvermə hüququna malik deyillər, adam ruhi xəstədirsə, ən azı onun xəstəliyi ilə bağlı qərar olmalı, seçici siyahısından çıxarılmalıdır.

Ona görə də bu nağılları kimsəyə danışmasınlar, bütün bunlar nağıllardan başqa bir şey deyil. Bakı Şəhər Baş Polis İdarəsinin verdiyi bu məlumat qətiyyən həqiqətə uyğun deyil, Respublika Prokurorluğuna, Daxili İşlər naziri - Vilayət Eyvazova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə müraciət edirəm ki, bu məsələni ciddiyyətlə araşdırsınlar. Əks təqdirdə məna bildiyim bütün həqiqətləri - bu işin arxasında dayananların kim olduğunu ölkə başçısı İlham Əliyevə rəsmi müraciətlə göndəriləcək, o cümlədən KİV-də sifarişçilərin adları ictimailəşəcək."
27.11.2019 18:58:00
Oxuma sayı: 280