“Qaçqınkom”un sədr müavini: “Köçkünlər onlara verilən evləri sata, kirayəyə verə bilməzlər”
Ölçü:

"Məcburi köçkünlər üçün qəsəbələr, əsasən, onların ilk sığınacaqları olan düşərgələrə, müvəqqəti məskunlaşma yerlərinə yaxın ərazilərdə, mövcud kommunikasiya resurlarına əlçatanlıq, həmçinin müəyyən müddət ərzində iş, təhsil, tibbi xidmət və s. sahəsində formalaşan əlaqələr nəzərə alınmaqla salınır".

Koordinat.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Sabir Əhmədovun "Report"a müsahibəsində belə deyib. O, qeyd edib ki, məcburi köçkünlərin ən başlıca arzusu, istəyi doğma yurda qayıtmaqdır və buna görə də işğaldan azad edilən ərazilərdə yaşayış məntəqələrinin bərpası xüsusi əhəmiyyət kəsb edir: "Keçmiş Dağlıq Qarabağın inzibati ərazisi olan Şıxarxda, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində həyata keçirilən tədbirləri buna misal göstərə bilərik. Dövlətimizin başçısının apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyünün təmin ediləcəyinə və məcburi köçkünlərimiz öz daimi yaşayış yerlərinə qayıdacağına inanırıq. Həmin ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, normal həyat şəratinin təmin olunması üçün Azərbaycanın həm zəruri resursları, həm təcrübəsi vardır, buna uyğun qayıdış proqramı hazırlanıb".

Sabir Əhmədov deyib ki, məcburi köçkünlər üçün salınmış qəsəbələr və yaşayış komplekslərinin mənzil-təsərrüfat və kommunikasiya sistemlərinin səmərəli idarə edilməsi vacib məsələdir. Onun sözlərinə görə, Dövlət Komitəsinin strukturuna daxil olan Mənzil İstismar Departamenti və tabeliyindəki mənzil-kommunal istismar sahələri tərəfindən bununla bağlı gündəlik zəruri iş aparılır: "Mənzil İstismar Departamenti məcburi köçkünlərin istifadəsinə verilmiş dövlət mənzil fondunun normal vəziyyətdə saxlanmasını və səmərəli istismarını təmin edir. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və sosial problemlərinin həlli sahəsində dövlət siyasətinin həyata keçirilməsi, daxili miqrasiyanın idarə edilməsi baxımından bu təsisatın fəaliyyəti xüsusilə əhəmiyyətlidir. Mənzil-kommunal istismar sahələri məcburi köçkünlərin dislokasiya üzrə qeydiyyatını aparmaq, habelə binaların mühəndis-kommunikasiya sistemlərinin texniki vəziyyətinə nəzarəti təmin etməklə yanaşı, qəsəbələrin və yaşayış komplekslərinin ərazisində yaşıllaşma, abadlıq, işıqlandırma, məişət tullantılarının daşınması, mənzil kirayəçilərinin qaldırdıqları məsələnin həlli istiqmətində əməli tədbirlər görürlər. Əsas vəsaitin qeydiyyatı, balansda olan xüsusi texnikanın saz-işlək vəziyyətdə saxlanılması, su, qaz, elektrik təchizatının fasiləsiz verilməsinə nəzarət də mənzil-kommunal istismar sahələrinin öhdəliklərinə daxildir. Bu qurumların işçiləri evlərə, həyətyanı sahələrə, binaların fasadına, zirzəmisinə, dam örtüyünə, pilləkən qəfəsinə və s.-ə mütəmadi baxış keçirir, aşkar edilən qüsur və çatışmazlıqlar ya daxili imkanlar hesabına aradan qaldırılır, ya da bununla əlaqədar dərhal Departamentə məlumat verilir".
Səıdr müavini vurğulayıb ki, məcburi köçkünlərin onlara verilən yaşayış sahələrindən istifadə etməsi şərtləri Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Qayda ilə tənzimlənir. Həmin Qaydaya əsasən, müvəqqəti yaşayış sahələrindən məcburi köçkünlər onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər: "Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Qaydada göstərilir ki, məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər".

27.11.2019 13:54:00
Oxuma sayı: 265