Səsi ilə məşhurlaşan çoban: "Nazirlər Kabinetindəki görüşdə dedilər ki..." -
MÜSAHİBƏ
Ölçü:


"Səsi ilə internetdə məşhurlaşan çoban" deyiləndə ilk olaraq ağıla o gəlir - Pərvin Səfərov. Bu günlərdə hamı onun haqqında danışır, ifasına qulaq asır. Pərvin müsahibələrində məqsədinin məşhurlaşmaq deyil, təhsil almaq olduğunu bildirir. Bu gün "Yeniavaz.com" saytının redaksiyasının qonağı olan Pərvin Səfərov Milli Konservatoriyada qiyabi təhsil almaq təklifindən, gələcək planlarından danışıb.

Koordinat.az həmin müsahibəni oxucularına təqdim edir:
- Dünən məni Nazirlər Kabinetinə çağırmışdılar. Dəyərli bir insan qəbul elədi məni, çox sağ olsun, ona minnətdaram. Müsbət qarşıladı və dedi ki, bu mənim sahəm deyil, sadəcə olaraq bir vətəndaş olaraq, sənətə dəyər verən insan kimi səni dəstəkləyirəm. Milli Konservatoriyanın rektoru, hörmətli professor Siyavuş Kərimi mənə bildirmişdi ki, qiyabi təhsil al, yəni maddiyyata görə - Bakıda gəlib qalmağım, ev kirayələməyim çətin olar deyə nəzərə almışdı. Ancaq dünən Nazirlər Kabinetindəki görüşdə mənə təklif elədilər ki, qiyabi yox, əyani təhsil alsan, daha yaxşıdır sənin üçün, öyrənərsən. Dedilər ki, maddiyyatı düşünmə, biz o sahədə nə çətinliyin olsa, səni dəstəkləyəcəyik. Sən sadəcə öz yoluna davam elə təhsil sahəsində.

- Həmin vəzifəli şəxsə sən müraciət etmişdin, yoxsa özü zəng vurmuşdu?
- Yox, kənddə qoyun otararkən gördüm ki, telefonuma şəhər telefonundan zəng gəlir. Dedi Nazirlər Kabinetindən zəng vurmuşam, ifana qulaq asdım, səsin də, ifan da çox xoşuma gəldi, bir vətəndaş olaraq dəstəkləyirəm, Bakıya gələndə zəng vur mənə, görüşək. Mayın 2-də görüşdük. Çox sağ olsun, özü axtardı, özü də dəyərləndirdi.

- Deyilənə görə ailən çox imkansızdır. Əslində heyvandarlıqla məşğul olanlar elə də kasıb olmurlar.
- Neftçala rayonunun Qaçaqkənd kəndində kasıb bir ailədə anadan olmuşam. Uşaqlıqdan kənddə böyümüşəm. Əsgərliyə qədər həm məktəbə gedirdim, həm də qoyun-quzu otarırdım - təsərrüfatla məşğul olmuşam. 2003-cü ildə məktəbi bitirib hərbi xidmətə yollanmışam. Bundan sonra yenə də kənd həyatına davam eləmişəm. Bununla bərabər başqa-başqa işlərdə, yəni tikinti işlərində, yol tikintilərində fəhlə işləmişəm. Əslində orta məktəbə 5-6-cı sinifə qədər getmişəm. Sonra qoyun-quzu ilə məşğul olduğuma görə çox getməmişəm. Çöldə oxuyurdum. Çöldə oxuyanda dost-tanış görürdü, başqa adamlar görürdü, "yaxşı oxuyursan" deyirdilər.
Bir dəfə məktəbimizdə Novruz tədbiri var idi, mənə təklif etdilər ki, orada ifa et. Mən onda ictimaiyyət arasında çıxmamışdım, ancaq qoyun-quzu otarırdım deyə utanırdım. İsrar elədilər və oxudum. Amma ritmi tuta bilmirdim deyə, ifam uğurlu olmadı və bir az uşaqlar məni lağa da qoydular ki, oxuya bilmirsənsə, niyə oxuyursan? Ondan sonra həvəsdən düşdüm. Bir il sonra isə artıq bəzi şeyləri öyrəndim deyə başladılar məni dəvət eləməyə, tədbirlərdə iştirak elədim, müsabiqələrdə ifa elədim. Ailəmin kasıb olması barədə deyilənlər həqiqətdir.

- Sosial şəbəkələrdə məşhurlaşana qədər öz rayonunuzda tanınırdınmı?
- Bizim kənd kiçikdir. Hamı deyirdi ki, Pərvinin yaxşı səsi var, oxuyur. Ancaq rayon, zona səviyyəsində tanınmırdım.

- Oxuyan və videosunu yayan çoxdur, ancaq sənin təbiət qoynunda, qoyunların yanında oxumağın çoban ifaçı kimi tanınmağına səbəb oldu. Cəmiyyət də bəlkə elə buna görə "bu istedad itib-batmamalıdır" dedi. Bu ideyanı sənə kim verdi?
- Qohumum akustik gitara ifaçısıdır, onunla özümüz üçün bir video çəkmişdik, məsələn, "Sarı gəlin"i ifa eləmişdim. Başqa bir mahnı da ifa eləmişdim, lakin marağa səbəb olmamışdı. Sonra bir müddət yol çəkilişində fəhlə işlədim. Orada həm də texnika idarə edirdim. İstəyirdim texnikada bir çəkiliş eləyəm, o daha maraqlı olardı. Adətən, çox fəhlələr, qoyun otaranlar muğam oxuyurlar, amma məndə başqa janrdır. Mən klassikaya, vokala üstünlük verirəm həmişə. Yol çəkilişində gecə növbəsində işlədiyimə görə, bir az şərait olmurdu. Deyirdim gündüz növbəsinə keçsəm, oxuyaram. Elə oldu ki, iş yerində ixtisar aparıldı və çıxdım. Kənddə qoyun otaranda isə istəyirdim ifa edib çəkəm, amma çəkinirdim, düşünürdüm ki, birdən artıq-əskik nəsə deyərlər, nəsə yazarlar və mənə pis təsir edər.
Bir gün dedim ki, çəkəcəyəm. Doğrudan da qısa bir mahnı oxudum - gözəl bir əsər idi, Şövkət Ələkbərovanın repertuarından. Qoyunların yanında, təbiətin qoynunda...
Bax, gəlir ilk bahar,
Qaynayır sular.
Gör, nələr söyləyir
Quşların səsi.

Çəkiliş etdiyim ərazidə gözəl bir atmosfer yaranmışdı. Mən oxuduqca quşlar da oxuyurdu, qoyunlar otlayırdı. Maraqlı olmuşdu. Əslində inanmazdım ki, bu cür reaksiya verərlər, bu cür müsbət qarşılanar. Düşünməmişdim. Videonu paylaşandan 5 gün sonra səhhətimdə problem oldu, xəstələndim, səhər-səhər gördüm ki, telefonum zəng çalır. Çox zəng gəlirdi, "WhatsApp"da yazırdılar. Deyirdilər ki, oyan, nə yatmısan, "facebook"a gir, sənin videon "partlayıb", hər kəs səndən danışır. Yuxulu-yuxulu girdim "facebook"a gördüm ki, bir-iki səhifə paylaşıb. İlk olaraq "Qazax-Ağstafa" səhifəsi də paylaşmışdı, orada məni "tağ" eləmişdilər. Görürdüm ki, şərhlər də yazırlar, paylaşırlar. Nəticəsi də belə...

- Nazirlik sənə iş verdi, kollecə imtahansız qəbul olacaqsan. Dövlətdən, nazirlikdən başqa nə istəyərdin?
- Bəzən sosial şəbəkələrdə fikirlər bildirirlər ki, guya bu reklam xarakterli bir şeydir. Mən bunu səmimi olaraq deyirəm ki, mənim başqa bir istəyim olmayıb, hər kəs kimi mənim də ən böyük arzum var - istedad Allah tərəfindən verilir, mən bu istedadı özümdə görürəm, cəmiyyət də görüb, müsbət dəyərləndirib, istəyirəm ki, cəmiyyət üçün faydalı olum. Bəzən belə bir şey də yazırlar ki, kənd yerində, ucqar rayonda çobanda smartfon telefon, internet nə gəzir?
Bilirik ki, hazırda hər kəsdə smartfon var. Mənim telefonum son model deyil. Ön kamerası da yoxdur bunun. Arxa kamerası ilə çəkirəm - belə çəkmək xüsusi istedad tələb edir (gülür). Necə düşdüyümü özüm görə bilmirəm. Təxmini çəkirəm özümü. Gördüyünüz kimi sadə telefondur, bahalı deyil. Satsam, heç 40 manat da etməz.
İş barəsinə gəldikdə mən düşünməmişdim ki, bu sahədə çalışım. Əslində öyrənmək istəyirəm. İşləmək üçün, kiməsə nəyisə öyrətmək üçün gərək əvvəlcə özün öyrənəsən.
Düzdür, Mədəniyyət və Turizm Nazirliyinə öz böyük, dərin təşəkkürümü bildirirəm ki, maraqlandılar, gəldilər, nümayəndələr görüşdülər, diqqət və qayğı göstərdilər. Bu da dövlətimizin qayğısı nəticəsində oldu. Sonra Milli Konservatoriyadan zəng oldu, xalq artisti, professor Siyavuş Kəriminin köməkçisi zəng vurdu mənə. Mən müsahibədə demişdim ki, təhsil almaq istəyirəm, vurğuladılar ki, bunu oxuyublar və dəvət elədilər, gün təyin elədilər. Mayın 1-i görüşdük, dəyərli ustadlar mənə qulaq asdılar, müsbət fikirlərini də bildirdilər və söz verdilər ki, təhsil barəsində mərhələ-mərhələ öz dəstəklərini əsirgəməyəcəklər.
Yeri gəlmişkən deyim ki, əvvəllər musiqi ilə yatıb, musiqi ilə durudum, ancaq son zamanlar bir az yorğunçuluq, işlər, fəhləçiliklə əlaqədar musiqiyə çox qulaq asmıram. Amma qulaq asanda da gözəl əsərlərə, klassik musiqilərə, xalq mahnılarına qulaq asıram.

- Hazırda Bakıdasan, bəs qoyunlarına kim baxır?
- Əvvəllər lazım olan yerlərə gedirdim, qoyunlara qardaşım baxırdı. Ancaq 2015-ci ildə elektrik vurması nəticəsində 22 yaşında vəfat etdi. İndi qardaşım yoxdur, anam var, atam da fəhlə işləyir, qoyunlara anam baxır. Otlaq sahəsi bizə yaxındır, anam çıxarır qoyunları.

- Məşhurluq necə bir hisdir?
- Əslində bu gözlənilməz oldu mənim üçün. Yenə deyirəm, mənim də xəyallarım var idi ki, böyük səhnələrdə oxuyum, məni sadəcə ifama görə tanısınlar. Necə deyim, bu nəticə gözlənilməz oldu mənim üçün. Elə bilirəm yuxudayam, oyanacağam, belə bir şeylər olmamış kimi olacaq. Ancaq bu gerçəkdir, reallıqdır. Çox xoşbəxtəm. Məqsədim gündəmdə qalmaq deyil, istəyirəm ki, bu nəticə olubsa, fürsətdən yararlanım və cəmiyyətə faydalı olum.

- Valideynlərin baş verənləri necə qarşılayırlar?
- Bir valideyn olaraq onlar da sevinirlər, əlbəttə. Düzdür, mən hərbi xidmətdən gələndən sonra cəhd eləmişəm təhsil almaq üçün, ancaq maddiyyat imkan vermədiyinə görə gedə bilmədim, hətta evdə bir az gileylənmişəm ki, imkan olsaydı, gedib oxuyardım, burada batıb qalmazdım. Onlar da buna çox pis olurdular. Ancaq bu gün sevinirlər ki, bu nəticə var. Yol açılıb, təhsil almağım üçün ümid var. Əlbəttə, onlar da özlərini xoşbəxt hiss edirlər.

- Bir insan istəyinə çatanda qurban kəsir. Qoyunların yanında oxudun və məşhurlaşdın, onlardan birini qurban kəsmək fikrin varmı?

- (Gülür). Niyyət eləməmişəm əslində. Bilmirəm, yəqin ki, qərarlaşdıraram. Əslində yaxşı fikirdir. İnşallah, nəticəsi müsbət olsun, əlbəttə, kəsərəm.

- "Özünü yorma, get toylarda oxu" deyənlər olubmu?
- Çox deyiblər ki, get özünə sənət tap, oxudun, diplom aldın, nə qazanacaqsan? Özünə gün ağla, başqa peşə sahibi ol. Get toylarda oxu, pul toylardadır. Mən özüm bunu hiss edirəm ki, incəsənət üçün doğulmuşam. Düzdür, çox həvəsdən düşdüm, heç oxumadım, getdim fəhləliklə məşğul oldum. Sonradan yenə cəhd elədim, müsabiqələrə qatıldım. Müsabiqələr var idi ki, mən oxuduğum formata uyğun gəlmirdi və ya təhsilli bir adam istəyirdilər. Mənim isə təhsilim yoxdur. Yenə də cəhd edirdim. Nəticəsi isə bu tərəfdən göründü.

- Kövrək insan təsiri bağışlayırsan.
- Kövrəklik əvvəl də var idi, qardaşımın vəfatından sonra daha da artıb. Əlimdə imkan olsa, hər kəsə əl tutmaq istəyirəm. Mən keçmişi heç vaxt unutmaram. Hər zamankı kimi yenə də səmimi olacağam. Həyatımda bir çox şeylər dəyişə bilər, ancaq xarakter olaraq Pərvin elə həmin Pərvindir. Əslində elə insanlar var ki, həmişə şəhərə can atıblar, ancaq məndə elə xüsusiyyət olmayıb. Kəndimə çox bağlıyam. Hətta Bakıda da işləyəndə uzağı 15 gün qalırdım, mütləq icazə alıb qaçırdım kəndə. Artıq 3 gündür Bakıdayam, darıxmağa başlamışam. Həm də qoyunlarım üçün narahatam ki, görəsən, doyurlar, yoxsa doymurlar (gülür).
Fürsətdən istifadə edib bir məqama da toxunmaq istəyirəm. Haqqımda yazılan yazıların başlığında bəziləri çoban yazıldığını görəndə elə fikirləşirlər ki, qoyun otarıram, heç nədən xəbərim yoxdur. Fikirləşirlər ki, nə bilir cəmiyyəti, nə bilir danışmağı, yəni başqa cür düşünürlər. Çoban da insandır. Elə çobanlar var ki, istedada malikdirlər, hansısa məqamda oturanların bəzilərindən çox istedadlıdırlar, mədəniyyətlidirlər. Kəndlərdə yaşayan uşaqların da arzusu var, onların da istedadı var. Mən qoyun otarsam da, bu o demək deyil ki, heç nəyi bilmirəm. Adi bir şey deyim - mənim kompyüterdən bildiyimi bəlkə heç ofisdə oturanlar da bilmir. Texnologiyanı da yaxşı bilirəm, insanlarla ünsiyyət qurmağı da.

- Sənə dəstək olanlara nə demək istərdin?
- Bu məqama gəlməyimə həqiqətən, "Yeniavaz.com" saytı da böyük dəstək olub. Mən insanın danışığından hiss edirəm ki, bu səmimidir, yoxsa səmimi deyil. Bir çoxları tək özləri dəstək olmayıblar, cəmiyyəti dəstəyə çağırıblar. İctimaiyyətin də gözəl dəstəyi nəticəsində mən buradayam. Ona görə də dərin minnətdarlığımı bildirirəm. O cümlədən ictimaiyyətə də dərin minnətdarlığımı bildirirəm ki, nələrinsə olması onların böyük reaksiyası və saytların dəstəyi sayəsində olub. Hər birinə təşəkkür edirəm.

03.05.2017 16:55:12
Oxuma sayı: 2478