İsa Qəmbərin həkimi danışdı: "Vəziyyəti müsbətə doğru dəyişir"
Ölçü:


“İsa Qəmbərin əməliyyatı dünyada ola biləcək ən ideal, həssas şəkildə həyata keçirilib”.

Koordinat.az xəbər verir ki, bu barədə musavat.com-a açıqlamasında sabiq spiker, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbəri həkimi, kardioloq Firdovsi İbrahimov deyib. Onun sözlərinə görə, İ.Qəmbərin müalicəsi hazırda davam edir və o, Mərkəzi Klinik Xəstəxanasının kardioreanimasiya şöbəsindədir: “Ürəkgücləndirici, stendləri qoruyucu müalicələr davam edir. 3 gün boyunca xüsusi nəzarət altında olacaq. Müsbətə doğru dinamika var, amma durumu öz əhəmiyyətini qoruyur”.

F.İbrahimov eyni zamanda xatırlatdı ki, İ.Qəmbərin öncə bir ürək damarı, daha sonra isə digəri açılıb. Ardınca isə stent qoyulub. Hazırda durumu stabil olan sabiq spikerin huşu yerində, təzyiqi isə normadadır: “Xəstəxanaya gətirilən durumu çox kritik olduğu üçün riskimiz ən azı 48 saat davam edir. İnfarktla bağlı durum çox həssasdır, onunla bağlı konkret bir söz demək olmur. Amma ürəyinə stent qoyulandan sonra vəziyyət müsbətə doğru gedib. Ehtimallarımız durumun daha da yaxşı olacağı ilə bağlıdır”.

İ.Qəmbərin həyat yoldaşı Aida Qəmbər isə hazırda onun durumunun qənaətbəxş olduğunu dedi. Dünən gün ərzində bir çox dostları və ailə yaxınları ona xəstəxanada baş çəkiblər.

Xatırladaq ki, yanvarın 13-də İ.Qəmbərin ürəyində narahatlıq yaranıb və kardioloqa müraciət edib. Həkim İsa Qəmbərə ürəyini anju etdirməyi məsləhət görüb. Daha sonra Mərkəzi Klinikada müayinələrdən keçən İ.Qəmbərin ürəyində problemlərin yarandığı məlum olub.

İsa Qəmbər hazırda Mərkəzi Klinikada müalicə olunur və həkimlərin məsləhəti ilə bir neçə gün xəstəxanada qalacaq.
15.01.2018 18:46:00
Oxuma sayı: 1451