Orta məktəblərin yalnız 64 faizində psixoloq var
Ölçü:


"Ümumi təhsil müəssisələrində risk faktorlu və intihara meylli uşaqları müəyyən etməyə çalışırıq”.

Koordinat.az
xəbər verir ki, bunu "Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi" mövzusunda keçirilən konfransda çıxışı zamanı Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev deyib. O bildirib ki, əsas hədəf və məqsədlərdən biri belə uşaqlarla işləməkdir: "Təsadüfi deyil ki, Təhsil naziri Ceyhun Bayramov da məktəb rəhbərləri qarşısında belə tələb qoyub, onlar hər bir şagird barəsində kifayət qədər geniş məlumata malik olmalıdırlar. Uşaqlara qarşı zorakılığın aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən biri məktəblərdə 2016-cı ildən həyata keçirilən "Məktəblinin dostu" layihəsidir. Əvvəl 31 məktəbdə həyata keçirilən bu layihə hazırda 70 məktəbdə icra olunur".

Sektor müdiri qeyd edib ki, layihə şagird kontingenti nisbətən çox olan məktəblərdə həyata keçirilir: "Layihənin könüllüləri şagirdlərin psixologiyasını öyrənir, məktəb rəhbərliyinin görmədiyi hallar barədə məktəbə və ya digər yuxarı instansiyalara məlumat verirlər. Zorakılığın qarşısının alınması fəaliyyətinin təşkilində daha çox məktəb psixoloqları ilə işləməyə üstünlük veririk. Çünki məktəb psixoloqlarının bütün şagirdlərlə işləmək funksiyası var. Lakin bu məsələdə müəyyən problemlərimiz var".

F. Həmzəyev bildirib ki, ölkədəki orta məktəblərin yalnız 64 faizində məktəb psixoloqu var: "Yəni məktəblərdə 2500 psixoloq işləyir. Qalan məktəblərdə isə psixoloq ştatları vakantdır. Məktəblərdə ixtisası psixoloq olan şəxslərə ehtiyac var. Psixoloqların müəyyən hissəsi ali təhsilli deyil, onlar yenidən hazırlanma təhsili alıblar. Bizim digər çətinliyimiz ondan ibarətdir ki, 150 şagirdi olan məktəbdə də, 2000 şagirdi olan məktəbdə də bir  psixoloq işləyir".


21.11.2019 12:35:00
Oxuma sayı: 313