Dövlət qulluğuna hazırlaşan gənclərə vacib dəstək
Ölçü:

“Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi Dövlət İmtahan Mərkəzinin tərəfdaşlığı ilə "Region gənclərinin dövlət qulluğuna təşviqi” adlı layihə çərçivəsində Mingəçevir və Gəncə şəhərlərində təlimlərə start verib.

Koordinat.az xəbər verir ki, həmin regionlardan olan 120-dək gəncin iştirakı ilə keçirilən təlimlərdə dövlət qulluğu, qulluğa qəbul, bu sahədə mövcud qanunvericilik, gənclərin peşə seçimi, dövlət qulluğuna hazırlaşmaq metodikası, Dövlət İmtahan Mərkəzinin dövlət qulluğuna qəbulla bağlı yenilikləri, dövlət qulluğunun üstünlükləri, www.dim.gov.az saytından istifadə qaydaları gənclərə ətraflı öyrədilib.

Təlimlər Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşı Rüfət Ağayevin tərəfindən aparılıb və gənclərin böyük marağına səbəb olub. İştirakçılar tərəfindən təlimçiyə müxtəlif suallar ünvanlayıb, fikir mübadiləsi aparılıb və bütövlükdə aktiv iştirakçılıq təlimin əsas metodikası olub. Layihə çərçivəsində nəşr edilmiş dövlət qulluğuna qəbulla bağlı maarifləndirici toplu region gənclərinə paylanılıb.

Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim edilib və tədbirlər qeyri-formal foto
çəkilişlər və çay süfrəsi ilə başa çatıb. Növbəti təlimlər noyabrın 29-u Lənkəran şəhərində və noyabrın 30-u Şamaxı rayonunda həyata keçiriləcək.

Xatırladaq ki, “Region gənclərinin dövlət qulluğuna təşviqi” layihəsi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilir.
18.11.2019 12:29:00
Oxuma sayı: 47