100-dən çox  doktorant dövlət xətti ilə xaricdə təhsil alacaq - RƏSMİ
Ölçü:


Xaricdə doktorantura pilləsi üzrə təhsil proqramı yeni formada davam etdiriləcək.

Koordinat.az xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli mətbuat konfransında deyib. O, bildirib ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” əsas iki istiqamətdə aparılacaq: “Birinci istiqamət xaricdə doktorantura təhsilinin maliyyələşməsidir. Bu gündən etibarən proqram çərçivəsində xaricdə təhsil almaq üçün elan yerləşdirilib. Yanvar ayının 10-a kimi sənəd qəbulu davam edəcək. Reytinq cədvəli üzrə müəyyən olunmuş 600-dən çox universitetə qəbul almış şəxslər proqrama qoşula bilər.

İkinci istiqamət isə ondan ibarətdir ki, ölkə təhsilinin gücləndirilməsi üçün tələbələr universiteti bitirdikdən sonra Azərbaycan universitetlərində dərs deməli, tədqiqat işinin təşviq olunmasında rol oynamalıdır. Proqramın mahiyyətində universitetlərimizin gücləndirilməsi durur".

Şöbə müdiri əlavə edib ki, Təhsil Nazirliyi tələbələri xaricə oxumağa göndərmir, tələbələr top-500 universitetə  qəbul almış, təhsil alan fərdlərin təhsil xərcini maliyyələşdirir: "Ötən proqramda bu məsələ ilə bağlı yanlış anlaşılma oldu. Əlində universitetə qəbul sənədi olan tələbələrin bütün xərcləri ödənilir. Təxmin edirik ki, hər semestr üçün 40-50, illik isə 100-dən çox tələbənin maliyyələşdirilməsi nəzərdə tutulub. Növbəti illərdə bu rəqəm artırıla bilər. Proqram bütün ixtisas qruplarını ehtiva edir.  Maliyyə hissəsi əvvəldə olduğu kimi Dövlət Neft Fondu tərəfindən ödəniləcək”.

18.11.2019 13:10:00
Oxuma sayı: 27