"Azərbaycanda və regionda arbitraj və mediasiya” mövzusunda beynəlxalq konfrans keçirilir
Ölçü:


Bakıda beynəlxalq hüquq şirkəti “Hogan Lovells” və Azərbaycanın ən böyük hüquq şirkətlərindən biri olan BHM Hüquq Şirkətinin təşkilatçılığı, Beynəlxalq Ticarət Palatasının, Rusiya və MDB Arbitraj Şəbəkəsinin dəstəyi ilə “Azərbaycanda və regionda arbitraj və mediasiya” mövzusunda beynəlxalq konfrans keçirilir.

Koordinat.az-ın məlumatına görə, konfransda beynəlxalq ekspertlər, hüquq şirkətlərinin əməkdaşları, korporativ hüquqşünaslar və vəkillər iştirak edirlər. Konfransı giriş sözü ilə açan BHM Hüquq Şirkətinin Direktoru Mehman Sultanov və “Hogan Lovells” şirkətinin partnyoru David Dunn qonaqları salamlayaraq hazırda mübahisələrin alternativ həlli mexanizmlərinin inkişaf etdirilməsinin aktuallığı və əhəmiyyətini qeyd ediblər.

M. Sultanov bildirib ki, kiçik və orta sahibkarlıq biznesinin inkişafı üçün mübahisələrin alternativ həlli getdikcə aktual məsələyə çevrilir: "Biznes və iş fəaliyyətində hər hansı bir problemi həll etmək üçün alternativ mexanizmlər, həllər təqdim etmək lazımdır. Prezident İlham Əliyevin 2016-cı ildə verdiyi sərəncam kiçik və orta biznes sahibkarlarına dəstək olmaq, eyni zamanda məhkəməyə qədər olan hər hansı problemin həll olunması ilə bağlı arbitraj və mediasiyaya təkan verib. Eyni zamanda dövlət başçısının hüquqi ədliyyə sistemində olan islahatların sürətlənməsi ilə bağlı xüsusi sərəncamı var. Bu sərəncamda ədliyyə sistemində islahatlar, eyni zamanda mübahisələrin alternativ həlli məsələlərinə toxunulub. Ümidvarıq ki, hüquqi çərçivədəki islahatlar və inkişaf mərhələləri praktiki şəkildə öz əksini tapacaq və problemlərin alternativ həlli reallaşacaq”.

Daha sonra konfrans arbitraj və mediasiya mövzuları üzrə sessiyalarla davam edib. BHM Hüquq Şirkətinin partnyoru Gülnar Qurbanovanın moderatorluğu ilə keçirilən arbitraj sessiyasında Giorgi Batlidze Gürcüstan, Anna Qrişçenkova Rusiya, Turqay Hüseynov isə Azərbaycanda arbitraj qanunvericiliyi və praktiki vəziyyət barədə təqdimat ediblər. “Hogan Lovells” şirkətinin partnyoru Karl Pörnbacherin moderatorluğunu etdiyi sessiyada isə Sofi Tkemaladze Gürcüstan, Lilia Kloçenko Rusiya, Aleksandr Korobeynikov Qazaxıstan, Ruslan Mirzəyev isə Azərbaycanda mediasiya barədə təqdimatlar edərək nəzəri və praktiki biliklərini konfrans iştirakçıları ilə bölüşəcəklər.

18.11.2019 11:35:40
Oxuma sayı: 25