Azərbaycan jurnalistləri erməni jurnalistlərin Bakıya gəlişinə necə baxır?
Ölçü:

Noyabrın 17-də bir qrup erməni jurnalist Bakıya gələcək.

Koordinat.az xəbər verir ki, “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Modern.az-a açıqlamasında xəbəri təsdiqləyib. O, Riqada keçirilən "Şərq Tərəfdaşlığı Media Konfransı 2019”  tədbiri zamanı bir neçə jurnalistin belə bir məlumat eşidərək, ona bildirdiyini söyləyib: “Mən belə başa düşürəm ki,  məlumatı ya burada iştirak edən erməni nümayəndələrdən, ya da digər ölkələrin təmsilçilərindən eşidiblər. Bilavasitə burada heç bir iştirakımız olmadığına görə şərh verə bilmərəm".

Arif Əliyev Modern.az-a açıqlamasında deyib ki, erməni jirnalistlərin Bakıya səfərinə normal yanaşır: "Amma biz jurnalistlərin ayrıca təşəbbüsü kimi belə bir addım atılsa, heç bir nəticəsi olmayacaq. Çünki belə hadisələr olub, ilk vaxtlar müəyyən nəticələr versə də, sonda nəticəsiz qalıb. Bu bütöv bir yanaşmanın, proqramın tərkib hissəsi kimi səmərəli ola bilər. Jurnalistlər arasında hansısa informasiya mübadiləsinin genişlənməsini, davam etməsini götürsək, bunun siyasi müstəvidə paralel prosesi olmaycaqsa, vətəndaş cəmiyyətinin digər strukturları arasında paralel prosesi getməyəcəksə, bu, heç bir nəticə verməyəcək. Bir neçə mərhələdən sonra yenə sönəcək və cəmiyyətdə qıcıq yaradacaq”.

Arif Əliyev hesab edir ki, informasiya mübadiləsi istənilən halda başlıca bir məqsədə xidmət etməlidir: “Mübadilə elə qurulmalıdır ki, gedən proseslər haqqında həm cəmiyyətdə, həm də cəmiyyətin qərar verən təbəqəsində həmişə real məlumatlar olsun. Yəni biz ümumi illüziyalarla, stereotiplərlə deyil, həqiqi informasiya ilə yaşayaq, onun əsasında öz qərarlarımızı verək. Bu bir köməkçi funksiyadır. Jurnalistlərin mübadiləsi hansısa proqrama köməkçi funksiyası daşıya bilər. Bu proqramın özü mövcud olmayanda isə proses havada qalır və nəticəsiz olur”.

Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli isə son bir neçə ildə belə təşəbbüslərin dəfələrlə təkrarlandığını xatırladıb. Onun sözlərinə görə, azərbaycanlı və erməni jurnalistlərin müxtəlif beynəxalq toplantılarda təmasları mövcuddur: “Fərd olaraq da Ermənistana səfər edən azərbaycanlı jurnalsitlər var. Toplum şəkildə səfər edəcək jurnalistlərin hansı fayda verəcəyindən söhbət gedir. Mən şəxs olaraq, bundan böyük fayda gözləmirəm. Çünki bu cür görüşlər zamanında olub. Xüsusilə 1990-2000-ci illərdə belə səfərlər təkrarlanırdı. Nəticə maraqlıdır, ermənilər Azərbaycandakı həqiqətləri əks etdiriblərmi?”.

Qarabağ münaqişəsinin tənzimlənməsi yönündə işləri Azəraycan hökumətinin öz üzərinə götürdüyünü vurğulayan M.Ələsgərli düşünür ki, torpaqlar məsələsi ümumxalq məsələ olsa da, hazırda münaqişənin həlli məsələsilə hakimiyyət məşğuldur: “Azərbaycan xalqı isə hakimiyyətə etimad göstərib. Ona görə, dövlətin ali orqanları səviyyəsində qərar verilsə ki, jurnalistlərin mübadisəli aparılsın, bu münaqişənin həlli məsələsinə fayda verəcək, təbii, biz o görüşlərə məmnuniyyətlə qatılarıq. Yox burada dövlətin özünün dəstəyi, marağı, təklifi yoxdursa, hansısa özfəaliyyət formasındakı qüvvələrin təsiri ilə keçiriləcəksə, buradan bir fayda görmürəm və əleyhinəyəm”.

"Azadinform" Agentliyinin baş redaktoru Niyaz Niftiyev jurnalistlərin qarşılıqlı səfərlərinin əleyhinə olmadığını bildirib: “Təbii ki, proses dövlət qurumlarının nəzarəti altında həyata keçiriləcəksə, niyə də olmasın? Məsələnin ikinci tərəfi isə azərbaycanlı jurnalistlərin hara səfər edəcəkləridir. Əgər erməni jurnalistləri Bakıya, Azərbaycan jurnalistləri İrəvana səfər edəcəklərsə, bunun elə də bir ciddi əhəmiyyəti yoxdur, yəni getməsələr, daha yaxşıdır. Çox istərdim ki, azərbaycanlı jurnalistlər işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlara səfər etsinlər. Belə olan halda Azərbaycan ictimaiyyəti işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda baş verən dəyişikliklər – dağıntılar barədə daha dəqiq informasiya əldə edə bilərlər. Bu informasiyalar həm də gələcəkdə beynəlxalq ictimaiyyətə təqdim oluna bilər.
Üçüncüsü, yaxşı olardı ki, Dağlıq Qarabağa və ətraf rayonlara səfər edəcək - əgər bu mümkün olsa - kontingentin seçimi zamanı daha çox işğal olunmuş rayonlarımızdan olan jurnalistlərə üstünlük verilsin. Bu gün Azərbaycan mediasında bu rayonlardan olan kifayət qədər təcrübəli və hazırlıqlı həmkarımız var. Onlar həm də bölgəni yaxşı tanıyırlar, hara getmək, haranı çəkmək, haradan yazmaq lazım olduğunu daha yaxşı bilirlər”.

14.11.2019 17:52:00
Oxuma sayı: 221