Sağlam yaşamaq necə qidalanmağımızdan asılıdır - gənc mütəxəssis yazır
Ölçü:

Coşqun SALAHOV,
ADİU-nin magistrantı    

Yemək üçün yaşamasaq da, yaşamaq üçün qida qəbulu zəruridir. Təəssüf ki, bəzən yaşamaq üçün zəruri olan qidalanma xoşagəlməz hallara da səbəb olur. Başqa sözlə, qidalanma bizi həm yaşadır, həm də ...

Hippokratın belə bir fikri var: “Biz nə yeyiriksə, oyuq”. Doğurdan da nəzərə alsaq ki, qida məhsulları sağlam yaşamaq üçün zəruri olduğu qədər də, bəzən təhlükəli olur, onda nə yediyimizə qarşı diqqətli olmağımız çox vacibdir.

Dünyanın ən məşhur alimləri də qəti şəkildə bəyan edirlər ki, sağlam yaşamağın sirri, ilk növbədə, insanın nə dərəcədə sağlam qidalanmasındadır. Gün ərzində yediyimiz qidalar orqanizmin gündəlik ehtiyacı olduğu vitamin və mineralları ödəməlidir. Hər bir şeyin ölçüdən artıq qəbul edilməsi, təbii ki, xoşagəlməz halların yaranmasına səbəb ola bilər. Amma məsələ yalnız miqdarın çoxluğu ilə bağlı deyil.

Əslində, müasir dövrdə keyfiyyət məsələsi daha önəmlidir.  Müasir təcrübə sübut edir ki, əksər hallarda miqdar lazım olan mineral və ya kalori təminatı ilə uzlaşmır. Yəni, həcm və həmin həcmdə olan zəruri maddələrin norması ilə real xüsusi çəkisi arasında ciddi fərqlər var. Qidanı qəbul etdikdə fiziki doyumluluq yaranır, amma lazımi kalori yoxdur. Bütün bunlar keyfiyyət məsələsinə hər zaman diqqətlə yanaşmağı zəruri edir.     

İngiltərədəki Lids Universiteti qidalanma ilə ömür arasında əlaqəni araşdıraraq belə nəticəyə gəlib ki, insanın gündəlik qidası ilə onun ömrü arasında çox sıx bir əlaqə var. Belə ki, təbii qidalanma insanı infarkt, xərçəng kimi ağır xəstəliklərdən qoruya bilir. Bu, həm də o deməkdir ki, əksinə, qeyri-təbii qidalanma xəstəlik risklərini artırır. 

Müasir qloballaşma dövlətlərarası sərhədləri formallaşdıraraq, hər bir əmtəənin, xammalın dövriyyəsini sərbəstləşdirib. Hazırda milli bazarlar yerli istehsalla yanaşı xarici məhsullarla da zəngindir. Bu baxımdan keyfiyyətə nəzarətə müxtəlif aspektlərdən yanaşılması vacibdir. Bu zaman nəzarət tədbirlərinin və məsuliyyətin yalnız müvafiq dövlət orqanlarının üzərinə qoyulması, yaxud təkcə inzibati tənbeh üsullarından istifadə olunması effektiv nəticə verməyə bilər. Deməli, qida təhlükəsizliyi üzrə nəzarət tədbirlərində həm də vətəndaş cəmiyyətinin yaxından iştirakı vacib, bəzən də həlledici rol oynayır. Başqa sözlə, keyfiyyətə nail olunması üçün məsələyə sistem halında, kompleks yanaşılması çox vacibdir.

Müasir bazar münasibətləri şəraitində dövlət və ictimai nəzarətlə yanaşı maarifləndirmə tədbirlərinin aparılması xüsusilə aktualdır. Nəzərə alsaq ki, gündəlik qida məhsullarının əksəriyyəti yerli istehsala məxsusdur, onda ictimai maarifləndirmənin nə qədər önəmli olduğu daha aydın görünür. Sahibkarların, o cümlədən xaricdən məhsul idxal edən iş adamlarının milli düşüncəyə sahib olması, qida təhlükəsizliyi məsələlərinə qarşı diqqətli olması və istehlakçıya çatdırılan yeyinti məhsullarının milli genefondumuza birbaşa təsirini dərk etməsi çox vacibdir.

Bütün bunlar heç də "Sahibkarlarımız, milli istehsalçılarımız bunları bilmir" kimi dəyərləndirilməməlidir. Cəmiyyətə yönəlik bu mesajların əsas qayəsi və məramı ondan ibarətdir ki, sağlam yaşamaq, sağlam cəmiyyət qurmaq üçün qida təhlükəsizliyi sahəsində maarifləndirmə işləri davamlı xarakter daşımalıdır.

Məsələnin yalnız, istehsalçının üzərinə qoyulması da düzgün olmazdı. Ona görə ki, məhsullar istehsalçıdan mətbəxə qədər bir neçə mərhələdən keçir: qablaşdırma, daşınma, saxlanma və s. Hər bir mərhələdə keyfiyyət məsələlərinə diqqətlə yanaşılması növbəti mərhələ üçün çox əhəmiyyətlidir. Təcrübə göstərir ki, iri supermarketlərdə bu məsələlərə daha yaxşı əməl edilir. Məhəllə marketlərdə isə bəzi hallarda məhsullar bir-birinə - şirniyyat poroşoka, hisə verilmiş balıq bişintilərə, corab, peçeniyəyə və qarışıbdır. Belə olan halda hansısa keyfiyyətdən, yaxud da insan sağlamlığının qorunmasından danışmaq yersizdir. Axı,  bu məhsulların hər birinin özünün saxlanma şəraiti və normaları mövcuddur. Bütün bunlar da maarifləndirmə işlərinin zəruri olduğunu, iş adamlarının ixtisaslaşma istiqamətində məlumatlandırılmasının zəruriliyini ortaya qoyur.

Odur ki, sağlam yaşamaq üçün özümüz özümüzü qorumalıyıq. Axı, satan da bizik, alan da...
14.11.2019 11:56:00
Oxuma sayı: 40980