Eldar Həsənov: "Lavrovun səsləndirdiyi mövqe açıqlanan sənədlərdə yoxdur" - MÜSAHİBƏ
Ölçü:

Azərbaycanın Serbiya, Monteneqro və Bosniya-Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov Rusiya XİN başçısı Sergey Lavrovun Azərbaycanda hiddətlə qarşılanan məlum ermənipərəst açıqlaması ətrafında Moderator.az-ın suallarını cavablandırıb.

Koordinat.az həmin müsahibəni oxuculara təqdim edir:

– Eldar müəllim, Rusiya xarici işlər naziri Sergey Lavrovun bir neçə gün öncə Azərbaycanlı jurnalistin sualına cavab verərkən səsləndirdiyi fikirlər ölkəmizdə böyük narazılıqla qarşılanıb. Onun „Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili işi deyildir“ fikrinə münasibətinizi bilmək istərdik.
– Suallarınıza yurdu Ermənistan tərəfindən işğal olunmuş bir Azərbaycan vətəndaşı kimi cavab verirəm. S.Lavrov jurnalistin sualına cavabında münaqişənin istisnasız olaraq Azərbaycanın daxili işi olmadığını bildirdi. Aydın məsələdir ki, münaqişənin bir tərəfi Azərbaycan, digər tərəfi isə Rusiyanın öz müttəfiqi hesab etdiyi, son 25 ildə dəfələrlə təmənnasız və ya güzəştli qiymətlərlə silah ötürdüyü Ermənistandır. Bundan əlavə, unutmaq olmaz ki, 1990-cı illərin əvvəllərində Ermənistan işğalçı qüvvələrinə qarşı döyüşlər zamanı əsir götürülən hərbçilər arasında Rusiya zabit və əsgərləri də vardır. Bizim arxivlərimizdə də onların döyüşlərə necə və kimin əmri ilə qatıldıqlarına dair könüllü və səmimi etiraf ifadələri vardır. Rusiya-Ermənistan münasibətlərinin xüsusiyyəti heç kimə sirr deyildir, mən dəfələrlə bu barədə fikirlərimi bildirmişəm və bu cavabdan da təəccüblənmədim. Ayrı bir məsələdir ki, silahlı təcavüzə məruz qalmış ölkəmizin BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən fərdi və ya kollektiv sürətdə özünümüdafiə hüququ vardır. Bu hüququmuz nə S.Lavrovun, nə N.Bordyujanın nə də hər-hansı başqa bir şəxsin bəyanatı ilə məhdudlaşdırıla bilməz.
 
– Rusiya naziri həm də BMT Təhlükəsizlik Şurasının atəşkəsə kimin riayət edib-etməməsi barədə BMT arxivlərinə üz tutmağı məsləhət verdi.

– Hamı bilir ki, S.Lavrov uzun müddət Rusiyanın BMT yanında Daimi Nümayəndəsi kimi fəaliyyət göstərib. Yəqin ki, o, həmin dövrün proseslərini yaxşı xatırlamır. Biz isə o prosesləri yaxşı bilirik. Həm də Ermənistandan fərqli olaraq bizim arxivlərin açılması ilə bağlı hər hansı bir problemimiz yoxdur. Diqqət yetirin, o zaman BMT Təhlükəsizlik Şurası bir neçə ay ərzində bir məsələ, yəni Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar dörd qətnamə qəbul etdi. Bu çox nadir bir haldır ki, BMT TŞ belə qısa müddətdə bir məsələ üzrə dörd qətnamə qəbul edirdi. Qətnamələrin qəbulu bir qayda olaraq Azərbaycan rayonlarının işğalından sonra baş verirdi. O qətnamələr BMT Nizamnaməsində əks olunmuş beynəlxalq hüququn norma və prinsiplərini özündə əks etdirir, atəşkəsin kim tərəfindən pozulmasını, təcavüzkarı, günahkarı göstərir. Məsələn, 30 aprel 1993-cü ildə qəbul edilmiş 822 saylı qətnamədə ermənilərin Kəlbəcəri və digər torpaqlarımızı işğal etməsi qeyd olunmuş, güc tətbiqi ilə ərazilərin ələ keçirilməsinin yolverilməzliyi xüsusi vurğulanmış, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü birmənalı dəstəklənmişdir. Qətnamənin mətnindən də göründüyü kimi ermənilər atəşkəsi pozmuş, hərbi təcavüz etmişlər. Həmin dövrdə BMT Təhlükəsizlik Şurasında Sədrlik edən Pakistan nümayəndəsi qətnamənin qəbulu ilə Ermənistanın bütün silahlı qüvvələrinin Azərbaycanın ərazilərindən çıxarılacağına ümidini ifadə etmiş və dövlətlərin ümümqəbul olunmuş beynəlxalq sərhədlərinə hörmət etməyə çağırmışdır. Həmin ərəfədə ABŞ da Ermənistanın Azərbaycana hücumu ilə bağlı öz dərin narahatlığını bildirmişdir. Bu mövqeyi Dövlət Departamentinin sözçüsü Riçard Buçer rəsmən açıqlamışdır. Bir müddət sonra, 29 iyulda 853 saylı növbəti qətnamə qəbul edildi. Həmin qətnamədə də Ağdam və digər rayonlarımızın işğalı pisləndi və qətnamənin 9-cu paraqrafında BMT Təhlükəsizlik Şurası erməniləri 822 saylı qətnaməyə əməl etməyə çağırmışdır. Bu qətnamənin mətnində də hərbi əməliyyatların kim tərəfindən aparıldığı, yəni atəşi kimin açdığı aydın görünür. Lakin, BMT Təhlükəsizlik Şurası üzvləri görəndə ki, ermənilər hətta bu sənədlərə məhəl qoymurlar, 884 saylı digər bir qətnamə qəbul etmiş və bu qətnamədə hərbi əməliyyatların genişləndirilməməsi üçün Ermənistana artıq ünvanlı müraciət etmişlər. Türkiyə, İran və Avropa Birliyi o zaman bəyanatlar yayaraq işğalçı qüvvələrdən atəşkəsə əməl etməyi tələb etmişlər.

– Lavrov həm də torpaqların işğaldan azad olunması məsələsini Dağlıq Qarabağın statusuna bağladı…
– Lavrov BMT Təhlükəsizlik Şurasının qərarlarına deyil, ATƏT Minsk Qrupunun həmsədrlərinin hazırladığı sənədlərə istinadən belə danışdı. Həmsədrlərin adından ictimaiyyətə açıqlanan sənədlərdə S.Lavrovun səsləndirdiyi mövqeni görməmişəm. Ancaq nəzərə almaq lazımdır ki, 20 ildən artıqdır ki, danışıqlar davam edir. İllərdir davam edən bu danışıqlar zamanı Ermənistana açıq simpatiyası olan bəzi həmsədrlərin belə bir təkliflə çıxış etməsini istisna etmirəm. Lakin, bu o demək deyil ki, Azərbaycan belə bir yanaşma ilə razılaşıb və ya bu kimi təklifləri digər həmsədrlər də bölüşüb. Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasətimizin gücü ondan ibarətdir ki, milli maraqlarımıza uyğun olmayan təklif və təşəbbüslər olduğu təqdirdə onlar vaxtında neytrallaşdırılır, danışıqlar yenidən BMT TŞ qətnamələrinə, ATƏT, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, NATO, İKT, Qoşulmama Hərəkatının qəbul etdiyi sənədlərə uyğun olan obyektiv və ədalətli həllə yönəldilir. Xüsusilə, BMT Təhlükəsizlik Şurasının qətnamələrində işğal edilmiş torpaqlarımızın dərhal və qeyd-şərtsiz azad olunması barədə tələb var. Bu gün kimi aydındır. Bunu Azərbaycan xarici işlər naziri APA-ya sonuncu müsahibəsində bir daha xatırlatdı. Yadınızdadırsa, ABŞ-dan olan həmsədr bir vaxtlar sosial şəbəkələrə böyük həvəs göstərir, öz bildiyi görüşləri keçirirdi. Ona Azərbaycan dövləti, Xarici İşlər Nazirliyi tərəfindən sərt xəbərdarlıq ediləndən sonra daha diqqətli davranmağa başladı. Danışıqlar çərçivəsində təkliflər BMT TŞ qətnamələri, beynəlxalq hüququn norma və prinsipləri əsasında irəli sürüldükdə Ermənistan dərhal çətin duruma düşür və müxtəlif, xüsusilə də cəbhə xəttində təxribatlar vasitəsilə danışıqları pozmağa və ya uzatmağa çalışır. Ermənistan uzun müddətdir ki, bu taktika ilə hərəkət edir. Real mənzərə bax bundan ibarətdir. Sual oluna bilər ki, biz bu durumda nə etməliyik? Dövlət başçımız Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar milli mənafeyə, beynəlxalq hüquqa söykənən birmənalı mövqeyini ortaya qoyub. Bu mövqe şübhəsiz Azərbaycan xalqının iradəsinə və gözləntilərinə əsaslanıb. Dövlətimiz öz sözünü vaxtında və yerində deməyə qadirdir və deyir də. Bizim güclü, milli ruhlu, yüksək peşəkarlığa və döyüş qabiliyyətinə malik ordumuz var. Ötən ilin aprel hadisələri göstərdi ki, biz bu yola da hazırıq. Özü də bir millət olaraq hazırıq. İnanıram ki, bu məsələ gec-tez istənilən variantda Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və ümümtanınmış beynəlxalq sərhədlərinə hörmət əsasında həll olunacaqdır.
Bu gün Ermənistan cəmiyyətinin və diasporasının rasional düşünən, öz millətinin taleyini, gələcəyini fikirləşən təbəqəsi artıq anlamağa başlayıb ki, Azərbaycana qarşı təcavüz siyasətindən əl çəkmədən, işğal olunmuş torpaqlarımızdan çıxmadan onların üzləşdiyi dərin sosial-iqtisadi, siyasi, humanitar, demoqrafik, infrastruktur böhran və problemlərdən xilas olmaları əsla mümkün deyil. Əli minlərlə dinc azərbaycanlının qanına bulaşmış səhra komandiri Serj Sarkisyan, onun qurduğu rejim də bunu nə qədər tez anlasa və müxtəlif təxribatlardan əl çəkərək BMT Təhlükəsizlik Şurası qətnamələri, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq konsturktiv mövqe nümayiş etdirsə, münaqişə bir o qədər də tez sülh yolu ilə öz həllini tapar. Yalnız bu halda, Ermənistan öz qonşularına – Azərbaycan, Gürcüstan, Türkiyəyə qarşı əsassız ərazi iddialarından əl çəksə, həm Ermənistanın özündə, həm də ümumilikdə Cənubi Qafqaz regionunda sülh, təhlükəsizlik və sabitlik bərqərar olar.
Həmsədr statusunda olan dövlətin xarici işlər naziri kimi qərəzsiz mövqe tutmalı və bitərəflik nümayiş etdirməli olan S.Lavrov isə belə bəyanatları ilə Ermənistanı uçuruma aparmaq əvəzinə, onun öz təbirincə desək, BMT TŞ-nın qərarlarını arxivdən çıxarıb diqqətlə oxuyaraq Ermənistanı məhz yuxarıda göstərilən kriteriyaya uyğun davranmağa sövq etməlidir. Bununla Rusiya həm də keçmiş SSRİ məkanında hərbi münaqişələrdən heç olmasa birinin, həm də birincisi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına töhfə verməklə özünün sülhməramlı mövqeyini ortaya qoymaq üçün yaranmış tarixi şəraitdən istifadə etmiş olardı.

12.11.2019 16:38:00
Oxuma sayı: 72