Dilçi alim yeni orfaqrafiya qaydalarına etiraz etdi - yeni təkliflər
Ölçü:


Yeni hazırlanan "Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi elmi ictimaiyyətdə mübahisə yaradıb.

Koordinat.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutunun birgə hazırladığı layihə AMEA Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında müzakirə olunub və çap üçün tövsiyə edilib. Amma bu yeni qaydlar heç də birmənalı qarşılanmayıb. Ziyalılar və bəzi dilçilər yeni qaydaların bir hisəsilə razılaşsalar da, müəyyən məsələlərə iradlarını bildiriblər, müəyyən təkmilləşdirmələrin vacib olduğunu dilə gətiriblər.  Bu arada filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist Nəsir Əhmədli AMEA-ya yazılı təkliflər göndərib.

Koordinat.az
həmin təkligləri təqdim edir ("Azərbaycan dilinin orfoqrafiya qaydaları”nı buradan oxuya bilərsiniz: http://koordinat.az/meqale.php?id=2020)

Hörmətli dostlar, həmkarlar! Yeni tərtib olunmuş "Azərbaycan dilinin orfoqrafiya qaydaları”nı təsdiqə göndərməzdən əvvəl mənim bu qeydlərimi nəzərdən keçirmənizi xahiş edirəm.

•2-ci bəndin əvvəli belə yazılsın: "Son səsi [x] kimi tələffüz olunan...”, çünki lüğəvi şəraitdə onlardan heç birinin son səsi [ğ] kimi tələffüz olunmur. Burada Qazax və Yevlax sözlərinə də aydınlıq gətirmək lazımdır. Məncə, onlar etimologiyalarına uyğun olaraq Qazaq və Yevlaq kimi yazılmalı, Qazax və Yevlax kimi  tələffüz olunmalıdır.

•3-cü bəndin
"Qeyd” hissəsindəki mexanik, texnik sözləri bu bəndə uyğun deyil, onların son səsi [kʹ] kimi tələffüz olunur.

•5-ci bənd belə yazılsin: "-əng sonluqlu milli və alınma sözlər g hərfi ilə yazılır: çələng, pələng, səhəng, tüfəng,  ahəng, qəşəng, nəhəng və s. Dördüncü bənddəki qayda bu sözlərə də aiddir”.

•6-cı bənd
belə yazılsin: "Son səsi [ç] kimi tələffüz olunan sözlər c hərfi ilə yazılır: kərpic, qılınc, ülgüc, künc və s. Dördüncü bənddəki qayda bu bəndə də aiddir.

•9-cu bənd
belə yazılsin: "Son hecasındakı saiti [i], bəzən də [ü] ilə tələffüz olunan ərəbmənşəli sözlər ənənəvi-tarixi prinsipə əsasən i ilə yazılır: külli (miqdarda), təsadüfi, müdir, müdrik, müflis,müxbir, müxlis, münbit, münsif, mürid, mürşid, müsibət və s.
Qeyd: Mühüm və üfüq sözlərindəki ikinci heca ü hərfi ilə yazılır”.

•11-ci bənd belə yazılsın: "a saiti ilə bitən alınma sözlər iki cür yazılır:

a) Mənbə dildə a saiti ilə bitən aşagıdakı sözlərin sonunda a hərfi yazılmır: aksiom, anket, aptek, atmosfer, fabrik, fonem, kaset, kayut, konfet, kontor, qəzet, qrafem, qravür, qrup, leksem, lent, maşın, perspektiv, planet, pyes, reklam, rezin, sistem, sistern, sitat, teorem, vitrin və s.

b) Belə sözlərin sonundakı a saiti atılarkən mənası anlaşılmayan və ya başqa məna verən sözlər mənbə dildəki kimi a hərfi ilə yazılır: botanika, doktrina, forma, kamera, qrammatika, norma, poetika, poeziya, respublika, taktika və s. Belə sözlərin bəzilərinin sonunda a hərfi yazılmadıqda məna dəyişikliyi baş verir. Məsələn, botanika elm sahəsi olduğu halda, botanik həmin sahə üzrə mütəxəssisdir.

•14-cü bənd belə yazılsin: "Latın və ingilis dillərində tərkibində c, alman dilində z, rus dilində ц samiti olan Avropa mənşəli alınma sözlərin yazılışında aşağıdakı qaydalar əsas götürülür:

a) ümumi isimlər s ilə yazılır: aseton, dosent, konsert, lisey, sex, sement, senzura, sirk və s.
Qeyd: Vitse sözü istisnadır, ts ilə yazılır.

b) xüsusi isimlərdə sözün əvvəlində s ilə (Setkin, Sialkovski və s.); sözün ortasında və axırında isə ts (Motsart, Muromets, Vorontsov  və s.) yazılır.
 
•16-cı bənddə verilmiş Höte sözü alman dilində h ilə deyil, g ilə yazılır: Goethe. Azərbaycan dilində bu söz mənbə dildəki tələffüzə uyğun olaraq Qoythe kimi, Heyne isə Hayne kimi işlənməlidir.

•17-ci bənddəki
istisna sözlərə tambur, tamburin, müşəmbə, vampir sözləri də əlavə olunmalıdır. Bunu da nəzərə almaq lazımdır ki, dilimizdə həm Qənbər, həm də Qəmbər sözləri var.

•21-ci bənddə
verilmiş gigiyena sözü mənbə dil olan yunan dilində g ilə yox, h ilə başlanır: hygieinos. Deməli, bizim dildə o, higiyena formasında olmalıdır. Eyni fikir Praqa sözünə də aiddir (Mənbə dildə: Praha). Alman dilindən alınmış qalstuk sözü halstux kimi yazılmalı və deyilməlidir (almancası: halstuch. Hals – boyun, tux – mahud, parça).
 
•34-cü bənd. Ssenari mənbə dildə (İtaliya) ss qoşa samiti ilə deyil, sc samitləri ilə başlanır: scenario. Ona görə də bu sözü əvvəlki formada (ssenari) saxlamaq lazımdır. Bundan başqa, dilimizdə ssuda sözü də var. Bəs o necə yazılsın?
 
•35-ci bənd 30-cu bəndlə ziddiyyət təşkil edir.

•38-ci bənddəki "Sonu saitlə bitən...”, "Sonu samitlə bitən...” deyimlərində sonu sözünə ehtiyac yoxdur.

•43-cü bəndlə bağlı: zənnimcə, açıq-sarı, tünd-göy defissiz (ayrı) yazılsa, daha yaxşıdır.

•45-ci bənddə verilmiş xas sözü, məncə, qoşmadan daha çox sifət rolunda çıxış edir. Qeydlərin 1-ci bəndi birmənalı olmalıdır: "İlə qoşması samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq -la, -lə şəklində bitişik yazılır: çəkiclə, qatarla, qələmlə və s.

•"Birinci hərfi böyük yazılan sözlər” bölməsində (51-61-ci bəndlər) fakültə və kafedra adlarının necə yazılmalı olduğuna aydınlıq gətirilməlidir.

•62-ci bənd. AzərTAC-da c Acans sözünün 2-ci hərfi olduğu üçün, məncə, kiçik hərflə yazılsa, yaxşıdır.

Hörmətli həmkarlarım! "Orfoqrafiya qaydaları” çox ciddi məsələdir. Xahiş edirəm, layihəni təsdiqə verməyə tələsməyin. Geniş müzakirə olunsun, rəylər toplanıb ümumiləşdirilsin, son olaraq bir də baxılsin və mükəmməl şəkildə nəşr olunsun.

Təşəkkür edirəm.
15.01.2018 10:13:00
Oxuma sayı: 953