Qüdrət Həsənquliyev: “Oktay Gülalıyevlə bağlı cinayət işinin istintaqı DTX-yə tapşırılmalıdır”
Ölçü:

"Oktay bəyin vurulmasını onun bəzi yaxın tərəfdarları adi avtomobil qəzası kimi qəbul etmir. Hətta sosial mediada onun avtomobillə vurulacağına dair hədələr alması barədə Cəmil Həsənlinin timsalında şahid ifadəsi ilə tanış oldum. Hadisə razılaşdırılmamış aksiyaların təşkil edildiyi dövrə təsadüf etdiyindən xarici və yerli mafioz qüvvələrin ictimai asayişi pozmaq üçün əhali arasında ciddi narazılıq və hiddət doğuracaq hadisələri təşkil edə bilməsi fərziyyəsi, eyni zamanda ictimai-siyasi xadim kimi Oktay Gülalıyevdən fəaliyyətinə görə hansısa dairələr tərəfindən qisas alınması fərziyyəsi, o cümlədən digər fərziyyələr istintaq tərəfindən hərtərəfli araşdırılmalıdır".

Koordinat.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında deyib. O, cəmiyyətdə daha çox hüquq müdafiəçisi kimi tanınan Oktay Gülalıyevin avtomobillə vurulması faktına münasibət bildirərkən deyib ki, onunla bağlı cinayət işinin istintaqı Dövlət Təhlükəsizlik Xidmətinə tapşırılmalıdır: "“ictimai sabitliyi pozmağa görə insanların həlak olmasına və sağlamlıqlarına zərər vurulmasına səbəb olan hərəkətlərin törədilməsinə görə məsuliyyət nəzərdə tutan” Cinayət Məcəlləsinin 214-cü (Terrorçuluq) maddəsinin, həmçinin “ictimai xadimin fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədi ilə həyatına sui-qəsd edilməsinə görə məsuliyyət nəzərdə tutan” 277-ci (Terror aktı) maddəsinin istintaq aidiyyatı Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Təhlükəsizlik Xidmətinə aid edildiyindən Baş Prokurorun qərarı ilə cinayət işinin istintaqı DTX-yə tapşırılmalıdır. Ümid edirəm, DTX obyektiv araşdırması ilə hadisə ilə bağlı ədalətli qərar qəbul olunmasını təmin edəcək, ölkəmizin imicinin korlanmasına imkan verməyəcək və bütün naratlıqlara son qoyacaqdır”.

11.11.2019 11:38:00
Oxuma sayı: 28