Paşinyan Şuşada toya gəlib!
Ölçü:


Qarabağ təzə işğal olunmayıb və erməninin bu 30 ildə bizim müqəddəs bildiyimiz yerlərdə at oynatması da yenilik deyil. Amma...

Amma, hər dəfə Ermənistan rəhbərləri Şuşaya, məhz Şuşaya gələndə elə bilirəm, Qarabağ indicə işğal olundu. Bu dəfə Paşinyan Şuşaya toya gəlib. Paşinyan Şuşada yallı da gedib, nöqtə də qoyub, bunlar öz yerində. İndi Şuşanın ortasında, Sarıcalı Pənahəli xanın qurduğu qala divarlarının yanında Ermənistan Təhlükəsizlik Şurasının katibi, bəy Armen Qriqoryan gəlin Mane Minasyanla fotosessiya edir, dünən-cümə günü Şuşanın ortasında  Surb Amenaprkiç Qazançetsos (Müqəddəs İsa Məsih) kilsəsində nikah bağladır və bütün bu işlərə "Şuşada toy” əməliyyatı başlandı deyir. Bütün bunlardan sonra Sarıcalı Pənahəli xanın sümükləri bir də sızlayanda, Sarıcalı tayfasının bir nümayəndəsi kimi mən - İlham İsmayıl da yanıb-yaxılanda məlum olur ki, Nəsimi rayon polis idarəsi də "əməliyyat” keçirir. Yox, Qarabağda əməliyyat keçirmək polisin işi deyil, Müdafiə Nazirliyinin işidir. Qarabağdan yazdığım bu cür yazılara görə məni polis idarəsinə çağırırlar. Ayrı nə ola bilər? Siyasi fəaliyyətim yoxdur, siyasi partiya üzvü deyiləm, biznesim heç vaxt olmayıb, fəaliyyətim ancaq Qarabağdan, işğaldan yazmaqdır, deməli Qarabağdan yazmağım..,kimlərəsə xoş deyil.

Mənim səlahiyyətim olsaydı, Paşinyanın gəldiyi toyu qara gətirərdim. Mənim səlahiyyətim olsaydı, o toy günü əməliyyat keçirərdim, adını da "Şuşada atəşfəşanlıq” qoyardım. O atəşdən kimə hansı pay düşəcəyini bilmirəm, amma Azərbaycan xalqına o atəşfəşanlıqdan torpağının azad ediləcəyinə inam yaradan bir nurlu ümid payı, separatçı rejimə isə qarabasma ümidsizlik payı düşərdi.
 
Hələ gələn il bilirsiniz ermənilər nəyə hazırlaşır? Məhz 2020-ci il 31 martda, Azərbaycan xalqının rəsmən soyqırım kimi qeyd olunan günündə Qarabağda özlərinə prezident seçəcəklər. Həftənin ikinci gününə düşən bu vaxtda-bizi qırdıqları gün prezident və parlament seçkiləri keçirəcəklər. Rey Kərimoğlu demişkən, bax demədi deməyin haa... Deyirəm, bu günü erməni qəsdən seçib, bizə bir daha acıq vermək üçün seçib. Bəlkə o günə əməliyyat hazırlayasınız,  əməliyyatın adını da.., nə istəyirsiniz qoyun, kimin adını istəyirsiniz verin.., amma edin. Bu xalqda ümid yaradın, düşməndə çarəsizlik.

Bu an, bu dəqiqə isə Şuşada toydu, Paşinyan oynayır, Azərbaycana göz dağı verir...
 
Sarıcalı İlham İsmayıl



09.11.2019 23:54:00
Oxuma sayı: 33