Rövşən Ağayev: "Bakıda şəffaf və hesabatlı idarəetmə yoxdur" - MÜSAHİBƏ
Ölçü:

Dekabrın 23-də Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Amma 1999-cu ildən yerli özünüidarə oqranları kimi fəaliyyətə başlayan bələdiyyələr çox məhdud səlahiyyət və imkanlara malik olduğundan cəmiyyətdə ona olan etimad özünü doğrultmayıb. Elə buna görə də Azərbaycan ictimai həyatında bələdiyyə seçkilərinə maraq çox aşağıdır. Hətta o dərəcədə ki, ölkədə fəaliyyət göstərən müxalif siyasi partiya və təşkilatlar dekabrın 23-də keçiriləcək seçkilərdə iştirak etmək niyyətində deyil.

Koordinat.az xəbər verir ki, iqtisadçı ekspert Rövşən Ağayev "Amerikanın Səsi"nə müsahibəsində elə bu məsələlərdən, eləcə də bələdiyyələrin mövcud durumundan, Bakı şəhərinin inzibati idarəçiliyindən danışıb. Həmin müsahibəni oxuculara təqdim edirik:

-Üç milyondan çox əhalisi olan Bakının inzibati idarə edilməsini qənaətbəxş hesab etmək olarmı? Paytaxtın əsas problemləri kimi nəyi göstərərdiniz?
- Çətin ki, mövcud olan idaretməni qənaətbəxş hesab etmək mümkün olsun. Ən azı beynəlxalq təcrübəyə baxsaq, inkişaf etmiş ölkələrin təcrübəsində, hətta Azərbaycanla bərabər Sovet İttifaqından ayrılmış bir sıra postsovet ölkələrinin təcrübəsində paytaxt bu cür mərkəzləşmiş şəkildə, bir şəxsin iradəsinin altında və təyinatı ilə formalaşmış bir idarəçiliklə yönəldilmir. Daha çox vətəndaşın səsi ilə formalaşmış şuralar və mer vasitəsi ilə idarə olunur. Bu baxımdan Avropa Şurasının Azərbaycana son 16 ildə, - 2003-cü ildə və 2016-cı ildə iki dəfə tövsiyələri olub. Onların əsas tövsiyəsi bu olub ki, paytaxt idarəetməsinə xüsusi yanaşma olmalıdır. Paytaxt özü bir makroorqanizmdir, içərisində çoxlu qəsəbələr və rayonlar var. Bunların hər birninin spesifik problemləri olmasına baxmayaraq, onlar həm də üzvü şəkildə vahid bir paytaxt sistemi əmələ gətirir. Bu baxımdan Avropa Şurası öz üzvlərinin təcrübəsindən də çıxış edərək təklif edib ki, vətəndaşın səsinin eşidildiyi, vətəndaşın bilavasitə iştirakçılığının təmin olunduğu və vətəndaş qarşısında hesabatlı olan seçkili institutun yaradılması çox önəmlidir. Əgər bu təcrübədən çıxış etsək, şübhəsiz ki, qənaətbəxş deyil.

- 12 inzibati rayon, 5 şəhər tipli qəsəbə və 32 kəndi birləşdirən Bakı şəhər İcra Hakimiyyətinin balansında 11 min yaşayış evi var. İcra hakimiyyətinin bu qədər yaşayış evinin problemlərini həll edəcək infrastrukturu varmı?

- Açığı deyim ki, bu statistikanı ilk dəfədir eşidirəm. Çünki Bakı şəhər İcra Hakimiyyətinin özü kifayət qədər qapalı strukturdur. Yəni, onun nə əmlakı ilə bağlı, nə maliyyəsi ilə bağlı yetərincə məlumat ala bilmirik. Bu baxımdan, hətta onun infrastrukturunun özünü də qiymətləndirmək baxımından çətinlik çəkirik. Hərçənd ki, biz yetərincə bu işlərin içərisində olmağa çalışırıq. Bu istiqamətdə dəfələrlə tədqiqatlarımız, araşdırmalarımız olub. Bu baxımdan demək çətindir. Amma mən o cür yanaşmıram ki, tutaq ki, Bakı şəhər İcra Hakimiyyətinin bugünkü infrastrukturu effektiv idarəetməyə imkan verir, ya vermir. Mən başqa kontekstdən yanaşıram. Mən deyirəm, bugünkü idarəetmə, bu cür qapalı idarəetmə, şəffaf olmayan idarəetmə, əmlakın effektiv idarə edilməsinə imkan verir-vermir? Məncə məsələni bu şəkildə qoymaq daha doğrudur. Bu halda biz daha düzgün qiymətləndirmə apara bilərik ki, bu qədər əmlakın şəffaf olmayan bir qurumda cəmləşməsi iqtisadi baxımdan effektildir, ya effektli deyil.

-Paytaxt Bakıda əhali sıxlığının yaranmasının səbəbi nədir?
-Paytaxt Bakıda əhali sıxlığının yaranması daha çox sosial-iqtisadi səbəblərlə bağlıdır. Xüsusən də 2000-ci illərdə böyük neft pullarının axını və paytaxtla periferiya (əyalətlər) arasında sosial-iqtisadi baxımdan iqtisadi, sosial inkişafda olan çox kəskin disbalansın yaranması kütləvi şəkildə daxili miqrasiyanın birbaşa Bakıya istiqamətlənməsi ilə nəticələndi. Məsələn, müxtəlif ölkələrin təcrübəsinə baxa bilərsiniz, şəhərlərdə əhalinin sıxlığının artması bir şəhərin timsalında baş vermir, müxtəlif şəhərlərin timsalında baş verir. Türkiyənin timsalında biz bunu görürük. Bu halda urbanizasiya (əhalinin kənd yerlərindən şəhərlərə köçməsi-red) daha effektiv gedir və iqtisadi baxımdan daha səmərəli olur. Amma çox təəssüflər olsun ki, Bakı coğrafi baxımdan Azərbaycanın ərazisinin cəmi 5 faizini təşkil edir. Bakının 2000 kvadrat kilometr ərazisi var. Bu da ölkə ərazisnin cəmi 5 faizidir. Amma qeyri-rəsmi rəqəmlərə görə, Bakı və Abşeron yarımadasında əhalinin təxminən üçdə biri cəmləşib. Bu baxımdan Bakıda həddindən artıq yüksək sıxlıq var. Amma əsas səbəb pul, kapitalın, gəlirin yaranma imkanlarının və sosial inkişafın Bakıda təmərküzləşməsidir. Əsas səbəb budur.

-Bakıya ayrılmış büdcə vəsaiti infrastrukturun idarə edilməsi və problemlərin həlli üçün bəs edirmi?
- Bu suala bir qədər toxunduq. Amma bir qədər detallı danışa bilərik. Çox təəssüflər olsun ki, birinci sualda dediyimiz kimi, Bakıda şəffaf və hesabatlı idarəetmə yoxdur. Bunun ən bariz nümunələrindən biri onun büdcəsi iə bağlıdır. Məsələn, bu günlər Tbilisidə və ya İstanbulda büdcə müzakirələri gedir. Hər bir vətəndaş bilir ki, onun paytaxtının büdcəsi nə qədər olacaq. Bu gün Azərbaycanda ən məlumatlı ekspert və ya jurnalistin belə Bakının büdcəsi barədə məlumatı yoxdur. Niyə? Çünki, Bakı seçkili qurum tərəfindən idarə olunmur. Bakının ayrıca olaraq büdcəsi də təsdiqlənmir. Təbii ki, Bakıya pul xərclənir. Bunun cari və investisiya hissəsi də var. Amma siz elə bir mənbə göstərə bilməzsiniz, və yaxud mən uzun illərin büdcə tədqiqatçısı kimi elə bir mənbə göstərə bilmərəm ki, biz o mənbəyə baxıb, deyək ki, Bakının cari büdcəsi bu qədərdir, investisiya büdcəsi bu qədərdir. Bayaq dediyiniz məsələyə, sonda bir də gəlirik ki, Bakı həm də ona görə kollegial idarə olunmalıdır ki, həm vətəndaşın səsi eşidilsin, həm də şəffaflıq olsun. Vətəndaş görsün ki, paytaxtın büdcəsi necə yarandı və hara xərclənir.

08.11.2019 16:20:00
Oxuma sayı: 27105