Vergi Məcəlləsinin 164 bəndinə dəyişikliklər edilir
Ölçü:


Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi 164 bənddən ibarətdir. Bu dəyişikliklər əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergitutuma metodunun ləğv edilməsi və həmin şəxslərin vahid vergi rejimində fəaliyyət göstərməsinin təmin edilməsi (ƏDV və mənfəət vergisi metodu), Transmilli Şirkətlər Qrupu anlayışının müəyyən olunması, quş əti satışının ƏDV-dən azadolma müddətinin daha 4 il müddətinə uzadılması, habelə heyvan ətinin satışının 4 il ərzində ƏDV-dən azad edilməsi ilə bağlı müddəalardır.

Koordinat.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib. O qeyd edib ki, Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər  sadələşdirilmiş vergi ödəyicisi ola bilər. Vergi Məcəlləsinin 219-cu maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etdikləri halda  tikinti-quraşdırma işlərinə başlandığı rübdə tikilən binanın sahəsinin hər kvadratmetri üçün 45 manata Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsallarını tətbiq etməklə sadələşdirilmiş vergi hesablanmalı və hesablanmış vergi bərabər hissələrlə 10 rüb ərzində dövlət büdcəsinə ödənilməlidir. Bu halda hüquqi şəxslər ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxslər isə ƏDV-nin və gəlir vergisinin ödənilməsindən azad edilirlər.
08.11.2019 11:27:00
Oxuma sayı: 20