SOCAR təbii qazı əhaliyə dəyərindən 7 dəfə baha satır
Ölçü:


2018-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) üzrə 1 ton neftin istehsal maya dəyəri 117,92 manat, 1000 kubmetr qazın faktiki istehsal maya dəyəri isə 57,60 manat təşkil edib.

Koordinat.az xəbər verir ki, şirkətin 2018-ci il üzrə illik hesabatında qeyd edilib ki, neft hasilatının maya dəyəri 2017-ci illə müqayisədə 6,5 manat və ya 5,8 faiz artıb, qaz hasilatının maya dəyəri isə 4,59 manat və ya 7,4 faiz azalıb. Bildirilib ki, neftin maya dəyərinin artması keçən ilə nisbətən material, əmək haqqının, sosial sığorta, nəqliyyat, mühafizə xərclərinin, mədən vergisinin, digər vergilərin və xidmətlərin artması hesabına baş verib. Belə ki, material xərcləri 7 404 min manat (31,1%), əmək haqqı xərcləri 13 093 min manat (11,7%), sosial sığorta xərcləri 2 792 min manat (12,4%), nəqliyyat xərcləri 1 756 min manat (1,4%), mühafizə xərcləri 672 min manat (5,1%), mədən vergisi 947 min manat (1,4%), digər vergilər 3 973 min manat (10,1%), digər xidmətlər 10 350 min manat (22,4%) artıb. Qazın maya dəyərinin azalması keçən ilə nisbətən əsas vəsaitlərin amortizasiyası, əsaslı təmir və texniki xidmət xərclərinin, digər xidmətlər üzrə xərclərin və digər xərclərin azalması hesabına baş verib. Belə ki, əsas vəsaitlərin amortizasiyası 1 765 min manat (2,1%), əsaslı təmir xərcləri 4 071 min manat (21,7%), texniki xidmət xərcləri 7 190 min manat (21,7%), digər xidmətlər üzrə xərclər 3 029 min manat (24,6%), digər xərclər üzrə xərclər 3 170 min manat (43,7%) azalıb.

Maraqlıdır, qazın maya dəyərinin azalması mavi yanacağın ucuzlaşmasına və limitin aradan qaldırılmasına səbəb ola bilərmi?

İqtisadçı ekspert Akif Nəsirli mövzunu şərh edərkən bildirib ki, qazın maya dəyərində 3-5 faiz azalma onun satış qiymətinə ciddi təsir etmir: “Azərbaycanda xüsusən də əhaliyə satılan qazın hasilatı və emalı məsələsi bir qədər mürəkkəbdir. SOCAR-ın hasil etdiyi qazın demək olar ki, hamısı ixracata yönəldilib. Qaz yataqlarından hasil edilən mavi yanacağın çox cüzi bir hissəsi əhalinin istehlakına yönəldilib. Azərbaycanda əhalinin məişətdə istifadəsi üçün verilən qaz səmt qazıdır. Demək olar ki, tələbatın təxminən 90 faizə qədəri səmt qazı hesabına ödənilir. Səmt qazı neftlə birgə çıxarılır, halbuki Sovet dönəmində bu yanacağı tutmaq mümkün deyildi. Əvvəllər dənizdəki quyuların ətrafında neftlə birgə çıxan qazın çıxışına boru qoyub yandırırdılar. Çox vaxtı da səmt qazını yandırmırdılar, havaya uçurdu. Azərbaycana həmin texnologiyanı BP şirkəti gətirdi. Əsrin müqaviləsinə əsasən BP-nin istismar etdiyi neft quyularından çıxan səmt qazı Azərbaycan hökumətinə əvəzsiz olaraq verilir. Həmin qazın tərkibinə xüsusi iy vurmaqla istehlakçılara çatdırılır. Səmt qazı başqa texnoloji proseslərə məruz qalmır. Yəni bu gün ölkə əhalisinə satılan 1 kubmetr qazın maya dəyəri təxminən 10-15 manat civarındadır. Əvvəllər bu həcmdə səmt qazının tutulması üçün avadanlıqların işləməsinə, işıq sərfiyyatına və qazın tərkibinə vurulan iyli maddənin dəyərinin 7-8 dollara başa gəldiyi deyilirdi. Hazırda bu, 12 manat civarında bir məbləğ edir, hesab edirəm ki, bu xərc bu gün artmayıb”.

Ekspert onu da qeyd edib ki, bu gün səmt qazı dünyanın başqa ölkələrində də məişətdə istismara yönəldilib: “Amma istismardan əvvəl həmin qazın tərkibində yanar karbohidrogenlərin səviyyəsi ölçülür. Əgər 1 kubmetr təbii qazın tərkibində yanar maddələrin xüsusi çəkisi 60 faizdən çoxdursa, bu, birbaşa əhalinin istehlakı üçün verilir. Əgər yanar maddələrin çəkisi aşağıdırsa, sənayedə məcburi yanma sobalarının təyinatında istismar edilir, ya da onun tərkibi zənginləşdirildikdən sonra istismara verilir. Azərbaycanda çıxan səmt qazının tərkibində yanar maddələrin xüsusi çəkisi 40-50 faizə qədər olmasına baxmayaraq, heç bir zənginləşdirilmə aparılmadan əhaliyə verilir. Yəni əslində, bu gün ölkə vətəndaşına satılan mavi yanacağın maya dəyəri hazırkı satış qiymətindən 7-8 dəfə aşağıdır. SOCAR-ın hesabatlarda göstərdiyi qazı Azərbaycan vətəndaşına verilmir. İstehsal edilmiş həmin mavi yanacaq borular vasitəsilə dünya bazarlarına ixrac edilir. Qazın bugünkü qiymətinin ucuzlaşdırılması üçün geniş imkanlar var. Bu gün istehlakçılara limitli qaz 7-8 dəfə, limitsiz qaz 10-15 dəfə baha satılır. Hökumət istəsə qazın maya dəyəri aşağı düşmədən də qiyməti aşağı sala bilər”.
07.11.2019 19:21:00
Oxuma sayı: 49