Abşeron yarımadası fasiləsiz içməli su ilə təmin edilirmi?
Ölçü:


"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bu gün YAP qərargahında keçirilən mətbuat konfransında deyib ki, hazırda Abşeron yarımadasının 81,5 faizi fasiləsiz, yəni 24 saat su ilə təmin edilir.

Koordinat.az xəbər verir ki, "Azərsu" sədrinin bu açıqlaması ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, ölkə ictimaiyyəti, xüsusilə paytaxt Bakı əhalisi hazırda Abşeron yarımadası kimi sıx məskunlaşmış zonanın 24 saat ərzində fasiləsiz içməli su ilə təmin edilməs barədə iddiaların reallığı əks etdirmədiyi qənaətindədir.

Bəs, regionun fasiləsiz içməli su təminatına dair real göstəricilər necədir?

İqtisadçı ekspert Rövşən Ağayev bu suala özünün "Facebook" səhifəsində fikrini bildirib. "Azərsu" sədrinin açıqladığı rəqəmə şübhə etmək üçün əlində ciddi əsaslar yoxdur: "Amma şübhələnməkdən də özümü saxlaya bilmirəm və burdaca bir təklifin faydalı ola biləcəyini düşünürəm".

Ekspert əhalinin fasiləsiz şəkildə içməli su ilə təminatı barədə dəqiq göstəricilər əldə etməyin yolunu da göstərib. Onun sözlərinə görə, bunun üçün "Azərsu" rəhbərliyi Abşeron yarımadasına daxil olan bütün inzibati ərazi vahidlərinin elektron xəritəsini hazırlamalıdır: "Həmin xəritədə hər bir qəsəbə və rayon üzrə su ilə təminat səviyyəsi əks olunmalıdır ki, Abşeron yarımadasının hansı ərazisi 100 faiz, hansı ərazilərin 50 faiz, yaxud 10 faiz təşkil etdiyi konkret görünməlidir. Dövlət Statistika Komitəsinin təcrübəsində belə xəritələrdən çox istifadə edilir".

Rövşən Ağayev bildirib ki, Aberon yarımadası üzrə maksimum 80 qəsəbə və rayon var. Bu isə o deməkdir ki, Abşeron yarımadasına daxil olan inzibati ərazilərin içməli su təminatı üzrə elektron xəritənin hazırlanması elə də mürəkkəb iş deyil: "Əlavə olaraq, hər bir ərazi üzrə abonentlərin sayı, onların əhali və qeyri-əhali bölgüsü, il ərzində ev təsərrüfatlaırna verilən suyun ümumi həcmi və adambaşına düşən həcmi, ərazilər üzrə ev təsərrüfatlarından toplanan yığımların həcmi barədə məlumatı hesabat formasında internetdə yerləşdirmək də çox asan işdir. Bu qədər şəffaflıq olanda, ictimaiyyətin şübhələri də olmur. Şəffaflıq olmayan mühitdə iqtisadi inkişaf da olmaz - olsa-olsa inanılmaz şəxs zənginləşmə olar..."
07.11.2019 18:39:00
Oxuma sayı: 78