ABŞ səfiri Azərbaycanın Çin şirkətlərinin proqram təminatından istifadə etməsinə narazıdır
Ölçü:

"Azərbaycan Çin şirkətlərinin proqram təminatlarından istifadə etməklə, başqa bir dövlətin "arxa qapı"dan məlumat bazasına daxil olmasına imkan yaratmış olur".

Koordinat.az
-ın məlumatına görə, bunu "Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik" mövzusunda keçirilən seminarda çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger deyib. Səfir bildirib ki, bu halda Azərbaycanda istifadəçi şəbəkəsinin məxfiliyi, toxunulmazlığı və bütövlükdə qorunması zədələnir.

"Azərbaycan İKT sektorunu inkişaf etdirdikcə ölkənin həm özəl, həm də dövlət sektoru yalnız etibarlı provayderlərlə çalışmalıdır. Biz bilirik ki, "Huawei", ZTE və bir çox məşhur Çin şirkəti Kommunist Partiyasına “yox”, yəni “istifadəçilərin məlumatına çıxışı təmin edə bilmərik” deyə bilməz. Kommunist Partiyası bunu səbəb olaraq qəbul etməyəcək. Onlar sizin məlumatlarınıza çıxış əldə edirlər", - deyə səfir qeyd edib.

Diplomat əlavə edib ki, Azərbaycanda kibertəhlükəsizliyi ən yüksək səviyyədə təmin etmək üçün yalnız etibar edilən şirkətlərlə işləmək lazımdır. L.Litzenberger bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə görüşü zamanı qeyd olunan məsələyə dair müzakirələr aparılıb: "Nazirliyin vaxtında icra etdiyi prosedurlar var ki, etibarlı şirkətlərlə həyata keçirilir. Niyyətimiz odur ki, özünü kibertəhlükələrdən daha yaxşı qoruması üçün Azərbaycana kömək edək".


07.11.2019 17:43:00
Oxuma sayı: 42