Milli Məclisin komitələri büdcənin müzakirəsini yekunlaşdırdı
Ölçü:

Noyabrın 7-də Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət  quruculuğu, Beynəlxalq  münasibətlər və parlamentlərarası əlaqələr, Gənclər və idman komitələrinin birgə iclası  keçirilib.

Koordinat.az
-ın məlumatına görə, iclası Milli Məclis Sədrinin müavini, İnsan  hüquqları komitəsinin sədri Bahar Muradova açaraq “Azərbaycan  Respublikasının 2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirələrinin parlamentin komitələrində bir neçə gündür davam etdirildiyini bildirib. Qeyd  olunub ki, sənəd reallıqlara, dövlətin qarşısında dayanan hədəflərə, insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına və təhlükəsizliyinin təmin olunmasına cavab verəcək formada hazırlanıb.
 Vitse-spiker budcə layihəsinin başlıca iqtisadi sənəd olaraq 2020-ci ildə həyatımızın müxtəlif istiqamətlərini əhatə edəcəyini, dünya və ölkə iqtisadiyyatında gözlənilən meyllərin təhlilinə uyğun hazırlandığını vurğulayıb.

Gələn ilin büdcəsinin əsas parametrləri barədə məlumat verən Maliyyə naziri Samir Şərifov bildirib ki, 2020-ci il və ortamüddətli dövrdə Azərbaycanın  milli  iqtisadiyyatının  başlıca sektorları  üzrə Strateji Yol  Xəritələrinin  icrası, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsi üzrə tədbirlər büdcə xərclərinin əsas istiqamətlərindən biri olacaq.

“Gələn il üçün Ümumu Daxili Məhsulun real iqtisadi artımı 3 faiz, qeyri-neft sektorundan gələn artımlar isə 3,8 faiz proqnozlaşdırılır. Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək. 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon manat təşkil edəcək. Gəlirlərin 10 milyard 605 milyon manatı, yəni 43,9 faizi qeyri-neft sektoru üzrə daxilolmaların, 13 milyard 530 milyon manatı, yəni 56,1 faizi isə neft gəlirlərinin payına düşəcək. Vergi orqanlarının xətti ilə büdcəyə 7 milyard 875 milyon manat, gömrük orqanlarının xətti ilə isə 4 milyard manat daxilolmalar proqnozlaşdırılır. Növbəti ildə Dövlət Neft Fondundan Dövlət Büdcəsinə 11 milyard 350 milyon manat transfer nəzərdə tutulur.  Büdcənin xərcləri isə 26 milyard 914 milyon manat təşkil edəcək. Xərclərin 17 milyard 276 milyon manatı cari xərclərə, 7 milyard 810 milyon manatı əsaslı xərclərə, 1 milyard 828 milyon manat dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək”.

Nazir  bildirib ki, bu illə müqayisədə növbəti ildə elm xərclərinə 42,1 faiz, təhsil xərclərinə 38,3 faiz, səhiyyə xərclərinə 31,3 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 31,1 faiz, mədəniyyət, informasiya, bədən tərbiyəsi və gənclər siyasətinə 29,3 faiz, müdafiə və hüquq mühafizə orqanlarının saxlanması xərclərinə 22,5 faiz çox vəsait nəzərdə tutulub.

“Dövlət büdcəsinin 10 milyard 210 milyon manatı konkret proqram və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək.  Müdafiə və təhlükəsizliyin təmin edilməsi, məhkəmə hakimiyyəti, o cümlədən hüquq mühafizə orqanları, prokurorluğun saxlanması xərcləri üçün 5 milyard 827 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Hərbi qulluqçuların mənzillə təmin olunması, əhalinin güzəştli şəkildə mənzil əldə edilməsi, ipoteka kreditləri ilə dəstəklənən məsələlərə də maliyyənin ayrılması nəzərdə tutulub. Bu tədbirlərin maliyyələşdirilməsi üçün 245 milyon manat vəsait ayrılacaq”.
07.11.2019 16:35:00
Oxuma sayı: 23