Yanvarın 1-dən işçilərin maaşından hər ay 10 manat tutulacaq - icbari tibbi sığortaya
Ölçü:

1 yanvar 2020-ci ildən etibarən icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqi nəzərdə tutulur. Bu məqsədlə ötən ilin sonlarında “Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilib. Həmin qanuna əsasən, xidmətlər zərfi baza və əlavə hissələrdən ibarət olacaq.

Koordinat.az xəbər verir ki, baza hissə üzrə tibbi xidmətlər (ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti) dövlət büdcəsi hesabına göstəriləcək. Əlavə hissəyə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığorta haqqı ödənilməlidir. Milli Məclis, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan şəxslər, seçkili ödənişli vəzifədə işləyən şəxslər, habelə neft-qaz və dövlət sektorlarında çalışanlar aylıq məvaciblərinin 2%-i məbləğində, işəgötürənlər isə hesablanmış əməyin ödənişi fondunun aylıq 2%-i məbləğində icbari tibbi sığorta haqqı ödəyəcəklər.

Aşağıdakı şəxslər illik 120 manat icbari tibbi sığorta haqqı ödəyəcək:
1. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.
2. Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər.
3. Müstəqil ödəyicilər (iqtisadi qeyri-fəal əhali və imtiyazlı əhali qrupuna daxil olmayan bütün şəxslər).

Bu isə o deməkdir ki, Azərbaycanda əmək müqaviləsi əsasında işləyən hər bir ölkə vətəndaşın maaşından gələn il yanvarın 1-dən rtibarən hər an 10 manat məbləğində icbari tibbi sığorta haqqı tutulacaq.

Ölkə əhalisinin 45 faizini təşkil edən imtiyazlı təbəqə üzrə isə sığortahaqqı dövlət büdcəsi hesabına ödəniləcək. Belə ki, əmək və ya mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda aşağıda qeyd olunan əhali qrupları icbari tibbi sığorta haqqı ödəməkdən azaddırlar:

•18 yaşınadək şəxslər
•23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslər
•Pensiyaçılar
•Sosial müavinət almaq hüququna malik olan şəxslər
•Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri
•Ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonrakı 42 gün müddətində qadınlar
•Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar

Bu güzəştlər yalnız Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur.

06.11.2019 16:48:00
Oxuma sayı: 23