Müxalifət liderləri bir arada: qapalı görüşdən əvvəlki açıq mesajlar
Ölçü:

Bu gün Müsavat Partiyasının qərargahında müxalifət liderlərinin iştirakı ilə dəyirmi masa keçirilib. Müsavat Partiyası başqanının təşəbbüsü ilə keçirilən görüşün mediaya açıq olan hissəsində iştirakçılar media üçün tədbirlə bağlı məlumat veriblər.

Koordinat.az xəbər verir ki, toplantını giriş sözü ilə çıxış edən Müsavat Partiyasının başqanı Arif Hacılı bu görüşdə Azərbaycanda mövcud ictimai-siyasi durum və vəziyyətdən çıxış yollarının müzakirə olunacağını deyib. Görüşdə Müsavat partiyası başqanı, habelə sabiq səhiyyə naziri Əli İnsanov, eks Müsavat başqanı İsa Qəmbər, AXP sədri Pənah Hüseyn, AXCP sədri Əli Kərimli, Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, politoloq Hikmət Hacızadə iştirak edib.

Müsavat başqanı Arif Hacılı deyib ki, Milli Şura təmsilçisi Cəmil Həsənli və Real Partiyasının rəhbəri İlqar Məmmədov ölkədə olmadıqları üçün bu tədbirə qatıla bilməsələr də, prosesə müsbət münasibət bildiriblər: “Yeni siyasi şərait yaranıb. Bu şəraitin Azərbaycan cəmiyyəti üçün ağrısız ötüşməsinə nail olmalıyıq".

Sabiq səhiyyə naziri Əli İnsanov isə bildirib ki, ölkədə durum bərbaddır. Onun sözlərinə görə, ictimai-siyasi və diplomatik vəziyyət birgə müzakirəni labüd edir: “Bu, Azərbaycan xalqının sosial sifarişidir. Heç kəs nəyəsə nail olmaq üçün mübarizəyə girişməyib. Hər kəsin arzusu Azərbaycanın birliyinə nail olmaqdır. Tərkibin geniş olmasının əleyhinəyəm. Doğrudur, biz heç kəsi inkar etməyəcəyik. Belə geniş tərkibdə olanda ümumi qərara gəlmək mümkün deyil. Xalqın bu sifarişini diqqətə almalıyıq və bütöv xalqımız üçün istəyi həyata keçirməliyik. Mənim təklifim budur ki, mübarizə 4 mərhələdə aparılsın: öncə sərbəst toplaşma azadlığı uğrunda mübarizə aparaq. Bunu əldə edə bilsək, erkən prezident və parlament seçkiləri tələb edə bilərik. Ölkədəki ədalətsizliyi ədalətlə aradan qaldıracağıq və axıra qədər mübarizəmizi davam etdirəcəyik”.

AXCP sədri Əli Kərimli bildirib ki, hakimiyyətin bu və ya digər sahədə islahat adı altında atdığı addımlar müxalifətin keçirdiyi aksiyaların nəticəsidir: “19 dekabr aksiyasından sonra hakimiyyətin sosial-iqtisadi islahatlar imitasiyası başlayıb. İndi də 19 oktyabr aksiyasından sonra siyasi islahat adı altında addımlar atırlar: qocalmış korrupsionerləri yeni nəsillə əvəz edirlər. Ölkədəki vəziyyət müxalifəti daha ciddi koordinasiya olunmağa sövq edir. Hökumətlə məsafəsi eyni olan qüvvələr bir araya gəlməlidir. Kiminlə hansı həddə qədər mümkünsə, o həddə qədər əməkdaşlıq edilməlidir. Müxalifətdaxili mübarizə qınanmalıdır. Kim nə qədər bacarırsa, hökumətlə o qədər mübarizə aparsın”.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bildirib ki, xalq ölkədə dəyişikllik etmək istəyir. Onun sözlərinə görə, hakimiyyət də imic dəyişmə istəyinə keçib: “Bu, Azərbaycanı növbəti dəfə biabır etmək baxımdan səciyyələndirilə bilər. Hakimiyyət imic dəyişməyə başlayıbsa, bu, cəmiyyət, demoratik düşərgə üçün imkanlar yaradacaq. Bunun üçün də mümkün yanaşmalardan biri odur ki, demokratik düşərgə toparlansın. Bu qərarlar cəmiyyət tərəfindən də daha böyük maraq və etimadla qarşılanacaq”.

"Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bu tədbirdə jurnalist kimi iştirak etdiyini söyləyib: “Bu formata fövqəladə vəziyyət kimi baxmaq lazım deyil. Uzun illərdir ki, bu müzakirə və mübadilə olub. Bugünkü toplantı Azərbaycandakı böhranlı durumla bağlıdır. Mən bu masada iştirak etməklə istədim ki, ölkədəki vəziyyəti dəyişmək üçün hansısa töhfə verim. Söz azadlığı, sərbəst toplaşma kimi dəyərlər bərqərar olmasa, böhranlı vəziyyətdən çıxa bilmərik”.

Politoloq Hikmət Hacızadə təklif edib ki, bu tədbirin nəticəsi olaraq bir neçə bəyanat olsun. Onun sözlərinə görə, bu bəyanatların biri “yuxarılar”a göndərilməlidir: “Bu bəyanatda onlara deyilməlidir ki, “bəsdir”. İkincisi xalqa ünvanlanmalıdır: niyə biz susmuruq, dağılmırıq? Üçüncüsü, demokratlara edilməlidir. Söyüş məsələsi də var. Adətən liderlər bir-birini söymür, sıravi adamlar bu davanı başlayırlar, dava qızışır. Burada bir mexanizm tapılmalıdır. Qərbə mürqaciət olunmalıdır, deyilməlidir ki, “siz də kişi olun”. İqtidar nümayəndələri təzə ifadə tapıblar ki, yeni müxalifət olsun. Yeni müxalifət olmayacaq. Biz ona görə müxalifət olmamışıq ki, müxalifət olmaq istəmişik. Sadəcə mövcud durum dəyişməlidir”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə bildirib ki, bu, ilin üçüncü mühüm siyasi hadisəsidir. Onun sözlərinə görə, bugünkü toplantının cari siyasətə, orta dönəmdə ümumi fəaliyyətə müsbət təsiri olacaq: “Vəziyyətdən çıxış yolu Azərbaycan cəmiyyətinin ictimai-siyasi fəallığının, standart fəallığının artmasıdır. Bugünkü tədbir buna xidmət etməlidir. Bunun üçün müzakirənin tərkibi genişlənməlidir. Bir-biri ilə dartışan, savaşan, hətta söyüşən, amma ölkədə dəyişiklik istəyən bütün qüvvələrin bir araya gəlməsinə nail olmaq lazımdır. Müxalifət sözündən imtina etmək lazımdırsa, ondan da imtina edək. Bizim qırmızı xəttimiz var. Azərbaycan hakimiyyəti 92-93-cü illəri tənqid edir. Bunu kənara qoymaq lazımdır. Eləcə də müxalifət daxilində qarşılıqlı ittihamlar var. Təklif edirəm ki, illi maraq və mənafeyimizə xidmət edən məsələlər ətrafında birləşək. Hansı məsələdə mümkündürsə, ortaq məxrəcə gələk. Bu istiqamətdə fəaliyyət və təşəbbüslər davam etməlidir”.

05.11.2019 18:26:00
Oxuma sayı: 30