Oqtay Gülalıyev ikinci dərəcəli koma vəziyyətindədir - beyinə siqnal çatmır
Ölçü:

Oktyabrın 29-da Bakıda piyada qismində yolu keçərkən avtomobillə vurulmuş hüquq müdafiəçisi Oqtay Gülalıyev hələ də ikinci dərəcəli koma vəziyyətindədir.

Koordinat.az xəbər verir ki, bu barədə tanınmış həkim Adil Qeybulla bildirib. O, "Fecebook" səhifəsindəki statusunda qeyd edib ki, hazırda Neyrocərrahlıq Xəstəxanasının reanimasiya şöbəsində müalicəsini davam etdirən Oqtay Gülalıyevin səhhətində ciddi irəliləyiş yoxdur: "Bu gün Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsində, hüquq müdafiəçisi Oqtay Gülalıyevə baş çəkdim. Hələ ki, süni ventilyasiya şəraitindədir. Bununla yanaşı vəziyyəti stabildir, geriləmə yoxdur. Söhbətimiz zamanı həkim bildirdi ki, Oqtay bəyin qan dövranı, ürək döyünməsi, böyrək fəaliyyəti tam qaydasındadır. Toxumaların oksigen təminatı normaldır. Həkimin bildirdiyinə görə, hemodinamik göstəriciləri stabildir, sadəcə beyinə siqnal çatmır. Hazırda gözlənilən məqam da budur. İnanıram ki, tezliklə bu anı yaşayacağıq. Allahdan ümid kəsilməz, İnşallah".

Adil Qeybulla onu da qeyd edib ki, reanimatoloqun verdiyi məlumata görə, gün ərzində Oqtay Gülalıyevin səhhətində ara-sıra müəyyən reflekslər müşahdə olunub.

Professor Adil Qeybulla Oqtay Gülalıyevin xəstəxanaya qəzadan 2 saat sonra çatdırılmasının səbəblərini də araşdırmağın vacibliyinə işarə edib: "Bu gün onun xəstəliyinin dinamikası haqda məlumat verməyi planlamışdım. Sadəcə aydın oldu ki, Oqtay Gülalıyev 29.10.2019 tarixdə saat 17:20 radələrində avtoqəza nəticəsində kəllə-beyin travması almış, xəstəlik tarixindəki qeydə görə yalnız saat 19:10-da 1 saylı Kliniki Mərkəzə daxil olub. Təxminən 2 saat zaman harada olub, bu məsələni dəqiqləşdirirəm. Bu barədə geniş açıqlamanı 1-2 gün ərzində hər nüansı dəqiqləşdirdikdən sonra bölüşəcəyəm".

04.11.2019 21:51:00
Oxuma sayı: 25