"Primakov müsabiqəsinin iştirakçıları əcnəbi deyil, azərbaycanlı tələbələrdir" - deputatdan BSU-ya etiraz
Ölçü:

"Yevgeni Primakov adına keçirilən müsabiqədə bizim universitet tələbələrinin iştirak etməsi sadəcə siyasi biabırçılıqdır".

Koordinat.az
xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib. O, Bakı Slavyan Universitetinin belə bir səhvə yol verməsini kəskin qınayıb: “Bu baxımdan biabırçılıqdır ki, univeritet səviyyəsində anlamırlar ki, hansı məsələ ilə bağlı tədbir keçirmək və yaxud ona qoşulmaq olar. Rusiya səfirliyi bu müqabiqədə iştirak üçün müraciət edibsə, onların da öz strategiyası ola bilər. Azərbaycanlılar anlamalıdırılar ki, onun qeyd ediləcək əlahiddə xüsusiyyəti yoxdur. Primakov Tiflisdə anadan olub. Bu gün Tiflisdə belə bir şey keçirə bilərlərmi? Tiflisdə hansısa tələbə belə bir müsabiqəyə qoşularmı? Ona görə də hesab edirəm ki, bizimkilərin belə bir müsabiqəyə qoşulması siyasi səbatsızlıqdır. Belə məsələlərdə kimdənsə təlimat almağa ehtiyac yoxdur. Elementar düşüncəsi, dünyagörüşü olan insan heç vaxt belə bir məsələyə müsbət yanaşmır, ən azından bundan yayınır. Belə bir şeyə yol verilməsini ciddi səhv hesab edirəm”.

Fazil Mustafa universitetin sözügedən addıma tələbələrin “əcnəbi olması” ilə haqq qazandırmasını da tənqid edib: “Əvvəla, onlar əcnəbi deyil, azərbaycanlı tələbələrdir. Digər tərəfdən, lap əcnəbi olsun. Ölkəmizə əcnəbi gələndə gedib Şəhidlər Xiyabanında rəqs etmir ki! Əcnəbi də başa düşür ki, bu xalqın dəyəridir, acısıdır. Bəyəm universitet bunu başa sala bilməyib?”

Millət vəkili bildirib ki, Primakovla bağlı yazı müsabiqəsində iştirak etmək 20 Yanvarın matəm kimi yox, xoş hadisə kimi qeyd edilməsi anlamına gəlir: “Ona görə də bu məsələlərdə bəhanəyə yer yoxdur. Bu cür səhvə yol verildiyi üçün cəmiyyətdən üzr istənilməlidir”.(axar.az)

02.11.2019 13:12:00
Oxuma sayı: 32