Rövşən Rzayevdən unikal təklif: "BMT qurumlarının Bakıdakı ofisləri ilə birgə dinləmələr keçirilsin"
Ölçü:


"Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanda qaçqın və məcburi köçkünlərin sayı kifayət qədərdir. Təəssüf ki, Ermənistanın işğalçı siyasəti hələ də davam edir".

Koordinat.az
xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycanda məcburi köçkünlərə yardımı mövzusunda keçirilən dəyirmi masada çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib. Onun sözlərinə görə, Azərbaycan dövlətinin siyasəti nəticəsində məcburi köçkünlərin mənzil və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görülür: "Bu günə qədər Azərbaycanda məcburi köçkünlər üçün 106 qəsəbə salınıb, 300 minə yaxın insan həmin qəsəbələrdə məskunlaşıb. Prezident İlham Əliyev tərəfindən məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün xeyli vəsait ayrılıb və qəsəbələr tikilir. Bu prosesdə Birinci vitse-prezident Mehriban Əliyevanın da böyük əməyi var. Ötən il 6000 məcburi köçkün həmin evlərə köçürülüb, bu il də 6000 nəfər köçürüləcək və bu, gələcəkdə də davam edəcək. Amma bu gün hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər var".

Komitə sədri BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr barədə qurumun Bakıdakı ofisləri ilə dinləmələr həyata keçirməyi təklif edib: "Yəni, qətnamələrin icra mexanizminin yollarını axtarmalıyıq. Vaxtilə qəbul edilmiş həmin qətnamələrin icra vəziyyətinin nə yerdə olduğuna dair fikir mübadiləsi aparmalıyıq. BMT-nin Baş Katibi son çıxışında bildirib ki, dünyada 41 milyondan çox qaçqın və məcburi köçkün var. Biz bir neçə dövlətin vəziyyətinə baxa bilərik. Eyni zamanda Azərbaycanla bağlı fikir mübadiləsi aparmaq vacib olar. Birgə fəaliyyət göstərərək Azərbaycanın məcburi köçkünlərinin vəziyyətini müvəqqəti yaxşılaşdırmaq üçün işlər görə bilərik".

 
01.11.2019 12:04:00
Oxuma sayı: 30