Primakovla bağlı inşa qalmaqalı: mükafatlandırma tədbirinə Milli Məclisin 3 deputatı da qatılıbmış - FOTOLAR
Ölçü:

Bakı Slavyan Universitetinin (BSU) tələbələri arasında Yanvar qırğınının əsas təşkilatçılarından olan Yevgeni Primakovun 90 illik yubileyi ilə keçirilən inşa müsabiqəsinə dair bəzi təfərrüatlar ortaya çıxıb. Məlum olub ki, əli yüzlərlə Azərbaycan oğul və qızlarının qanına batmış şəxsin yubliyeyi münasibətilə keçirilən esse müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimində Milli Məclisin bir neçə deputatı da iştirak edib.

Koordinat.az xəbər verir ki, bu barədə teref.info məlumat yayıb. Bildirilir ki, mükafatlandırma mərasiminə Səməd Seyidov, Sahibə Qafarova və Sevinc Fətəliyeva da iştirak ediblər. Saytın əməkdaşı hazırda parlamentdə təmsil olunan deputatlarla əlaqə saxlayaraq bu qalmaqalla bağlı onların mövqeyini öyrənməyə çalışıb. Sevinc Fətəliyevanın köməkçisi Zəkiyyə Musayeva bildirdi ki, deputat o tədbirdə iştirak etməyib: "O foto Strasburqda çəkilib və yanlışlıqla ora qoyulub".

Sahibə Qafarovanın köməkçisi Səbuhi Məsimov deyib ki, xanım deputat hazırda xaricdədir və ölkəyə döndükdən sonra məsələ ilə bağlı açıqlama verəcək.

Səməd Seyidovun köməkçisi Orxan Həsrətov isə deputatla Milli Məclisdəki nömrəsi vasitəsilə əlaqə saxlamağı tovsiyə edib. Deputatın parlamentdəki iş nömrəsindən isə Səməd Seyidovun əvvəlcə iclasda olduğu bildirilsə də, sonradan onun qrafiklə (?) açıqlama verdiyi bildirilib.

Qeyd edək ki, adları çəkilən deputatların esse müəlliflərinin mükafatlandırılma mərasimində iştirak etməsi ilə bağlı material "Azərbaycan müəllimi" qəzetinin rəsmi www.muallim.edu.az saytında oktyabrın 15-də yerləşdirilib.
31.10.2019 21:43:00
Oxuma sayı: 25