Rövşən Rzayev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb - FOTO
Ölçü:

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bu gün Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Koordinat.az bildirir ki, görüşdə diplomata Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və mövcud vəziyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, Ermənistan işğalçılıq siyasətini davam etdirir, nəticədə 1 milyon 200 mindən çox insan hələ də ölkəmizdə qaçqın və köçkün vəziyyətindədir. Qonaqlara məlumat verilib ki, respublikanın müxtəlif rayonlarında yaşayan məcburi köçkünlərin sosial problemlərinin həlli daim diqqət mərkəzindədir. Qeyd olunub ki, Azərbaycan dövləti torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində də məqsədyönlü iş aparır. Prezident İlham Əliyevin tapşırığına əsasən, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün yeni qəsəbələr salınır. Eyni zamanda ölkə başçısı bu kateqoriyadan olan vətəndaşlarımızın maddi rifahının yüksəldilməsini, məşğulluğunun təmin edilməsini diqqət mərkəzində saxlayır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ən ağır şəraitdə yaşayan məcburi köçkünlərə xüsusi qayğı göstərir, onların yeni mənzillərə köçürülməsi üçün zəruri tədbirlər görür.

Toivo Klaar səmimi qəbula görə təşəkkürünü bildirib. O, ötən il Azərbaycanda olduğunu və məcburi köçkün ailələrin vəziyyəti ilə yaxından maraqlandığını diqqətə çatdırıb. Avropalı dipomat, həmçinin, məcburi köçkünlərlə bağlı fəaliyyətin artırılması üçün çalışacağını vurğulayıb. Toivo Klaar Aİ və Azərbaycan arasındakı əməkdaşlığın hazırkı səviyyəsini yüksək qiymətləndirib. Qonaq bu əlaqələrin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

31.10.2019 16:49:00
Oxuma sayı: 39