Təhsil eksperti də BSU-nun rektorunu qınadı - Primakov qalmaqalı böyüyür
Ölçü:


Bakı Slavyan Universitetinin (BSU) 20 Yanvar qırığınının əsas səbəbkarlarından olan Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirdiyi inşa müsabiqəsi ətrafında qalmaqal böyüyür.

Koordinat.az xəbər verir ki, millət vəkili Fazil Mustafa Modern.az-a açıqlamasında universitet rəhbərliyinin bu hərəkətini siyasi savadsızlıq nümunəsi kimi qiymətləndirib: “Universitetdə bir nəfər də olsa düşünən adam olmalıdır ki, belə məqamlarda rəy bildirə bilsin. Rusiyadan bu cür tövsiyyə oluna bilər. Amma bunu Rusiya Mədəniyyət Mərkəzi keçirirsə, onların öz daxili işidir, bizim qarışmağımız düzgün deyil. Rusiya üçün Primakov bir dəyər ola bilər. Azərbaycan üçünsə, Qarbaçov nədirsə, Primakov da odur. Biz 20 Yanvar gününü Ümumxalq hüzn günü kimi qeyd edirik. Primakovun yubileyini bayram ediriksə, belə çıxır ki, bundan sonra 20 Yanvarı da bayram etməliyik? Bu cür siyasi savadsızlıq nümunəsinə yol vermək olmaz”.

Fazil Mustafa məsləhət görüb ki, universitet rəhbərliyi Rusiya ilə münasibətlər yaratmaq istəyirsə, Puşkinin, Dostayevskinin, Çaykovskinin və digər ədəbi, sənət adamlarının yubileyini keçirsin: “Bilavasitə azərbaycanlıların qanını tökmüş adamın yubileyini təşkil etməkdə məqsəd nədir? Azərbaycan xalqına “dəyərlərinizi tanımırıq” mesajdır?”

Təhsil eksperti Kamran Əsədov isə düşünür ki, Slavyan Universiteti profilindən asılı olmayaraq prinsipiallıq nümayiş etdirib tarixi irsin mənimsənilməsi istiqamətində tədbirlər keçirməli, bu tipli tədbirdə iştirak etməlidir: “Əslində Slavyan Universitetinin mövcudluğu bizə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində, xüsusi ilə slavyan ölkələri arasında tariximizi, mədəniyyətimizi təbliğ sahəsində daha çox işlər görməlidir. Düzdür, BSU-da bu istiqamətdə böyük işlər görülüb. Amma hesab edirəm ki, yol verilən qüsur ciddi qüsurdur. Hiss olunur ki, orda tarix fənnindən tədris keyfiyyətli keçirilməyib və tələbələrə Primakov haqqında lazımi məlumatlar verilməyib. Bu onu göstərir ki, biz ali təhsil müəssisələrində düzgün tədris qura bilməmişik”.

K.Əsədov qeyd edib ki, ali təhsil müəssisələrinin vəzifəsi, məqsədi tələbləri müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək, Vətəninə, xalqına, onun adət-ənənələrinə bələd olan, milli və ümumbəşəri dəyərlər zəminində formalaşan, fiziki və mənəvi cəhətdən sağlam, müstəqil həyata hazır və demokratik düşüncəli vətəndaşlar kimi yetişdirməkdir: “Hiss olunur ki, bu istiqamətdə böyük boşluqlar var. Müsabiqədə iştirak edənlər başa düşdük gəncdirlər, məlumatları yoxdur bəs o tələbəni ora aparan, yazını yoxlayıb müsabiqəyə təqdim edənlər? Təklif edirəm ki, neytral bir qrum tərəfindən universitetlər, onların maddi texniki bazası, kadr resursları yenidən ciddi şəkildə yoxlanılsın. Primakovun adını daşıyan müsabiqədə iştirak etmək utanc gətirən hadisədir”.

 
31.10.2019 14:51:00
Oxuma sayı: 24