Deputatlardan “Primakov müsabiqəsi”nə etiraz: “Üzr istəməsinlər”
Ölçü:


Bakı Slavyan Universitetinin (BSU) Azərbaycanda 20 Yanvar qırğınının törədilməsində iştirak etmiş Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilimiş esse müsabiqəsi keçirməsi ictimai narazılığa səbəb olub.

Koordinat.az xəbər verir ki, universitet rəhbərliyinin belə bir tədbirə razılıq verməsi cəmiyyətdə yaxşı qarşılanmayıb. Xüsusilə sosial şəbəkələrdə etirazla qarşılanan bu hərəkət millət vəkilləri tərəfindən də pislənilib. Deputat Qüdrət Həsənquliyev "Modern.az"a açıqlamasında Primakovu 1990-cı ildə Bakıda 20 Yanvar qırğınının törədilməsində birbaşa rolu olmuş şəxs, "20 Yanvar canisi" kimi dəyərləndirib: “Belə bir adamla bağlı Azərbaycanın istənilən dövlət təsisatında yubiley tədbiri keçirmək yolverilməzdir. Mən Bakı Slavyan Universitetində keçirilən bu tədbiri qətiyyətlə pisləyirəm. Bu tədbirin keçirilməsi 20 Yanvar şəhidlərinin ruhuna, ümumiyyətlə Azərbaycan xalqına təhqirdir. Hesab edirəm ki, təşkilatçılar üzr istəməlidirlər”.

Deputat Tahir Kərimli də BSU-dakı tədbiri pisləyib: “Yevgeni Primakov Rusiyanın dövlət adamı idi. Yəhudi əsilli olsa da, onun Rusiyada müəyyən qədər nüfuzu var, onunla bağlı hansısa tədbirin keçirilməsi, sərginin olması bizim işimiz deyil. Söhbət onunla bağlı tədbirin Azərbaycanda keçirilməsindən gedir, bu isə heç də doğru deyil. Mən Azərbaycanda belə bir tədbirin keçirilməsini qınayıram, çünki bu belə olmamalıdı, hər zaman bir tədbir keçirəndə Primakovun Azərbaycan xalqına, Azərbaycan xalqının Primakova münasibəti ortada olmalıdı. Bu münasibətlər qarşılıqlı mənfi olub. O, SSRİ Nazirlər kabinetinin sədri idi, açıqca ermənipərəst mövqeyini etiraf elədi. Yeri gəlmişkən, o, Ermənistanın milli qəhrəmanıdır. O müsahibəsində “Qorbaçov məndən sonuncu dəfə soruşdu, Azərbaycanda nə etmək lazımdır, mən birbaşa dedim ki, hərəkətə keçmək lazımdı. Tapşırığı verdim və 20 yanvar qırğını törədildi” deyib. O, bununla özünün və Qorbaçovun qatil olmasını gizləmir. Düzdü, Yevgeni Primakov bunu diliylə demir, amma biz bilirik ki, o zaman Azərbaycandakı hadisələrə siyasi cəhətdən o məsuliyyət daşıyırdı, hərbi cəhətdən isə Yazov məsuliyyət daşıyırdı. 20 Yanvar bizim dirçəlişimizə təsir etsə də, SSRİ-nin dağılmasını sürətləndirsə də, eyni zamanda xalqımıza qarşı böyük qətliam idi. Bakı Slavyan Universitetində Primakova belə bir tədbir keçirilməsini qınayıram. Mən bununla bağlı dinməyə bilərdim, amma Dövlətimin və millətimin mənafeyi məcbur edir ki, danışım, etirazımı bildirim”.

Deputat Fəzail Ağamalı da bildirib ki, Azərbaycanda belə bir tədbirin keçirilməsinə mənfi yanaşır: “Primakov Azərbaycanda 1990-cı il 20 yanvar faciəsinin təşkilatçılarından biridir.  Onunla bağlı esse müsabiqəsi və sərginin Azərbaycanda keçirilməsi doğru deyil, bunu pisləyirəm. Mən bildiyim qədər bu sərgini keçirən Azərbaycandakı Rus İcmasıdır. Onlar bizim dəyərli yurddaşlarımızdı, onların hər birinə böyük hörmətimiz var, uzun illərdir ki, bir bir yerdə yaşayırıq. Lakin belə məsələlərdə onlar diqqətli olmalıdırlar. Onlar bunu bilməlidir ki, Primakov Azərbaycanın ictimai şüurunda çox mənfi və 20 Yanvar faciəsini törədənlərdən biri kimi əks olunub. Təəssüf edirəm ki, bu nəzərə alınmadan Bakı Slavyan Universiteti də onunla bağlı müsabiqə təşkil edib”.

31.10.2019 13:28:00
Oxuma sayı: 28