Ucqar dağ kəndində 406 manat maaş alan müəllim: "Maşın olmayanda 16 kilometr yolu piyada gedirəm"
Ölçü:


Bu gün cəmiyyətimizdə bəzi gənclər peşə vəzifələrini ən ucqar kəndlərdə yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, ehtiyac olan yerlərdədirlər. İndiyədək respublikanın əksər ucqar rayonlarının kəndlərində işləməyə gedən gənc müəllimlərdən müsahibələr götürülüb və onların problemləri, dərs şəraiti öyrənilib.

Koordinat.az
Goranboy rayonunun ucqar dağ kəndi olan Todan kənd orta məktəbində başlayan Azad Həsənovun modern.az-da yayımlanan müsahibəsini oxuculara təqdim edir:

- Mən, 1992-ci il dekabrın 18-də Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuşam. 1999-cu ildə Qızılhacılı qəsəbə şəhid Mahir Dosiyev adına 2 saylı tam orta məktəbin 1-ci sinifinə getmişəm. 2010-cu ildə həmin məktəbi bitirərək, elə həmin ildə yüksək balla Bakı Dövlət Universitetinin (BDU) Tarix fakultəsinə qəbul olunmuşam. 2014-cü ildə BDU-nu bitirdikdən sonra, 2014-15-ci illərdə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində xidmət etmişəm. 2016-2017-ci tədris ilində Təhsil Nazirliyi tərəfindən keçirilən Müəllimlərin İşə Qəbulu müsabiqəsində respublika tarix müəllimləri arasında ən yüksək bal – 58 bal toplayaraq Goranboy rayonunun ən ucqar dağ kəndlərindən olan Todan kənd tam orta məktəbinə təyinat almışam. Hal-hazırda həmin məktəbdə tarix müəllimi işləyirəm.

- Müəllim olmağı əvvəldən istəmisiz? Bu qərara necə gəldiniz?

- Düzünü desəm, müəllim olmaq kimi fikrim olmayıb. Həmişə arzum hüquqşünas, ya da polis olmaq olub. Ancaq qismət məni BDU-nun Tarix fakültəsinə gətirdi. Hal-hazırda müəllim olmağıma peşman deyiləm. Mənə bu peşəni sevdirən şagirdlərimdir. Məktəbdə, sinifdə onların mənə qoyduqları hörmət, eləcə də kənd sakinləri tərəfindən gördüyüm mehribançılıq bir gənc müəllim kimi məndə müəllimliyə həvəs yaradır. İşlədiyim kənd Kəpəz dağının ətəyində yerləşir. Qarabağ müharibəsi zamanı Todan kəndi 4 yandan ermənilər yaşayan kəndlərlə əhatə olunsa da, çox qəhrəmanlıqla öz doğma kəndlərini qoruyublar. Burda kənd sakinləri ilə, kənddə yaşayan qazilərlə bu mövzuda çoxlu söhbətlər etmişəm. Todan doğrudan da Goranboyun qəhrəman kəndlərindən biridir. Bura həm də səfalı bir yerdir. Gözəl təbiəti var.

- Sizcə gənc müəllimlərin ucqar dağ kəndinə getmək istəməmələri nə ilə bağlıdır?
-  Bunun səbəbi məncə əsasən istilik problemi və yol problemiylə yanaşı, onlara ayrılan məvacibin normal yaşayış üçün qənaətbəxş olmamasıdır.

- Necə oldu ki, tarix üzrə respublika birincisi kimi ucqar dağ kəndini seçdiniz?
- Bu mənə ən çox verilən suallardandı. Mən ilk öncə ailə problemi və maddiyyatla bağlı olaraq bu kəndi yazdım. Həm də ki, mənə bir sıra şəhər məktəblərindən təkliflər gəldi. Ancaq təhsilimiz tək şəhərdən ibarət deyil ki! Kənd uşaqlarının da yaxşı müəllimdən yaxşı təhsil alması haqlarıdır. Ona görə də, seçimimdə heç də peşman deyiləm. Sizə onu da bildirim ki, respublika üzrə yüksək bal toplamağım münasibətilə Goranboy rayonunda bu il 2 fevral  “Gənclər günü” münasibətilə  "İlin müəllimi"  adına layiq görüldüm. Bu adı aldığım üçün qürur hissi duyuram. Məni qiymətləndirən hər kəsə təşəkkürümü bildirirəm. “İlin gənc müəllimi” adını almağım mənim üzərimə daha böyük məsuliyyət qoydu. Özümə söz verdim ki, hansı işdə, vəzifədə olmağımdan asılı olmayaraq hər zaman öz üzərimdə daha yaxşı çalışacam, gələcək nəslin təlim tərbiyəsində daha yaxından iştirak edəcəm.

- İşlədiyiniz kənddə çətinliklərlə qarşılaşmısızmı?
- Çətinlik hər zaman olur. İşlədiyim kənd doğulub boya-başa çatdığım qəsəbədən 86 km məsafədə yerləşir. Gedib-gəlmək çətin olur, əsas da qış aylarında. Yolları narahatdı. Gəlmək üçün xərcim çox çıxır. Maşın olmayanda 16 kilometrə yaxın yolu piyada Göygöl rayonunun Çaykəndinə qalxıb, ordan taksiylə avtovağzala gəlirəm. Yeri gəlmişkən, rayon rəhbərliyindən bir gənc müəllim kimi xahiş edirəm ki, bu kəndin yolları düzəldilsin və imkan varsa həmin kəndə işləyən avtobus da yenilənsin. Sovetdən qalma bir “PAZ” avtobusu var. O da sərnişin olanda kəndə gəlir, olmayanda gəlmir.

- Bəs, aylıq gəlirinizlə ehtiyacınızı ödəyə bilirsiniz? Orada kirayə qalırsınız? Kirayə haqqı nə qədərdir?
-  Aylıq gəlirim problemlərimi ödəməyimə kömək edir. Maaşım 246 manatdı. 160 manat da təyinat puludu. Çətin olsa da, halal zəhmətimlə qazanıram. Burda kirayədə yaşayıram. Aylıq 30 manat kirayə haqqı verirəm.


- Şagirdlərinizin dərsə davamiyəti, sizin fənninizə marağı necədir?
- Məktəbdə ümumilikdə 119 şagird var və məktəbdə davamiyyət yaxşıdır. Havadan asılı olmayaraq şagirdlər hər gün dərsə gəlirlər. Təvazökarlıqdan uzaq olsa da, o məktəbdə tarix fənninə həvəs olmasa da, o həvəsi artıq şagirdlərimdə yaratmışam və mənim fənnimə hazır gəlirlər.

- Ümumilikdə, işlədiyiniz məktəbin şəraiti, keçirilən dərslərin keyfiyyəti necədir?
- Məktəbin şəraiti heç də yaxşı deyil. 40-cı illərdə tikilmiş məktəbdir. Dam örtüyü yaxşı olsa da, tavanı, döşəməsi yaxşı deyil. Partalar da hamsı köhnədir. Yeni məktəbin tikilməsi ilə bağlı yeni plan götürüblər. Yayda yeni məktəb inşa olunacağı deyilir. Ölkəmiz neft-qaz ölkəsi olsa da, heyif ki, o kənddə qaz yoxdur. Siniflərdə isə 4-cü saata kimi sobalar yanır, sonra sinif soyuq olur. Ancaq, odun sobalarından istifadə olunur. Məktəb rəhbərliyi istiliklə bağlı məsələni aradan qaldırmağa çalışsa da, bu bir nəfərin həll edə biləcəyi iş deyil.

- İstedadlı şagirdlər varmı mətəbinizdə?
- Bəli, bu kənddə həmişə adlı-sanlı insanlar yetişibdir. Hal-hazırda da var. Eyni ildə BDU-nun Hüquq fakültəsinə 2 nəfər, Qafqaz Universitetinə, Gəncə Dövlət Universitetinə qəbul olunan tələbələr var. Keçən il də, Tarix, Filologiya, Riyaziyyata qəbul olunan şagirdlər olubdur. Bu ənənənin bu il də davam edəcəyinə inanıram. Çünki, dərs dediyim savadlı şagirdlər var.

-  Gənc yaşda müəllimlik fəailiyyətinə şəhərdə yox, ucqar dağ kəndində başlayan müəllimlərə fədakar kimi baxırlar. Sizcə də bu belədir?
- Mən həmişə fərqli olmağa çalışmışam. Ona görə də, ən yüksək balla ən ucqar dağ kəndini yazmışamsa, deməli bir qədər də fərqli olmaq istədim.

- Sizin işlədiyiniz məktəbə gəlişiniz hansı dəyişikliyə səbəb oldu?
- Mənim gəlişim sırf dəyişikliyə səbəb olmasa da, şagirdlərdə vətənpərvərlik, vətənə, millətə, bayrağa, şəhidlərə qarşı sevgini artırıb. Çünki, arada dərsdə boş vaxtlardan istifadə edib şagirdlərə vətənpərvərliyi təbliğ edirəm. Çünki, biz ömür boyu bizə vətəni əmanət qoyan babalarımıza, şəhidlərimizə borcluyuq.

- Fikrinizcə, hansı məsələlər həll olunsa, kəndlərdə təhsilin keyfiyyəri artar?
- Təhsilin keyfiyyəti üçün, ilk növbədə maddiyyat önəmlidir. Çünki, ailələrdə maddi çətinliklə bağlı şagirdlərə valideyinləri tərəfindən müəyyən işlər tapşırılır. Bu da uşaqların dərsdən yayınmasına gətirib çıxardır.

- Güzəştli şərtlərlə müəllim işləyənlər 3 il bitdikdən sonra məcburdurlar ki, həmin məktəbdə işləsinlər? Gələcəkdə fikriniz nədir?
- Mən bayaq özüm haqda məlumat verəndə dedim, uşaqlıq arzum hüquqşünas və ya polis olmaq olubdur. Hüquqşünas olmağım real görünməsə də, ancaq polis olmaq üçün imtahana hazırlaşıram. İxtisasım pedaqoq olduğu üçün, 18 yaşa qədər olan şəxslərlə Profilaktik iş üzrə polis vəzifəsinə qəbul üçün imtahan materiallarına hazırlaşıram. Keçən ildən vakansiya veriləcəyi deyilsə də, hələ vakansiya verilməyib. Vakansiya verilsə imtahan mərhələsindən keçəcəyimə inanıram. Hal-hazırda Goranboy rayonu üzrə keçiriləcək müəllimlərin diaqnostik qiymətləndirmə imtahanına da hazırlaşıram. İnanıram ki, bu imtahandan da yüksək nəticə əldə edəcəm.

- Necə oldu ki,58 bal topladınız? Bu balı topluyacağınıza inanırdınızmı?

- Bəli, inanırdım. Çünki, qarşıma məqsəd qoymuşdum ki, bu il yüksək balla qəbul olacam. Bir az kurikulum suallarından çəkinirdim, amma imtahanda “bitir” düyməsindən sonra hər şey bəlli oldu. Respublika üzrə rekord nəticə yığmaq isə tam başqa qürurvericidir.

- Dərsdən əlavə repetitorluqla məşğul olursunuzmu?
- Bəli, məşğul oluram.


- Müəllimlikdən başqa, işdən sonra hansı işlərlə məşğul olursunuz?
- İşdən sonra, boş vaxtlarımda evdə yandırmaq üçün odun doğrayıram. Todan kəndinə hələ də mavi qaz çəkilməyib. Mən uşaqlıqdan idmanın cüdo növüylə məşğulam. Hər gün boş vaxtımda 2 saata qədər idmanla da məşğul oluram. Bundan əlavə, ixtisasıma aid və bilik yarışlarını əhatə edən materiallar oxuyuram. Fəaliyyətim tək müəllimliklə deyil, həm də Goranboyda bir sıra ictimai işlərdə yaxından iştirak edirəm. Bir sıra bilik yarışlarının, respublika kubokunun 2016-cı il dekabrın 4-də Bakıda Fairmont sarayında "Nə? Harada? Nə zaman?" Milli İntellektual yarışında komanda kapitanı kimi Goranboyu təmsil etmişəm. Keçən il yay aylarında Göygöldə keçirilən "Xəmsə" Milli İntellektual yarışı üzrə komandamla birlikdə zona 2-cisi olmuşuq. Bundan əlavə keçən il yaradılan Goranboy İntellektual Oyunlar Kubokunun rayon daxili keçirtdiyi yarışlarda iştirak edirəm və həmin klubun sədr müaviniyəm. Əlavə olaraq “Feysbuk”da yaratdığım Tarix müəllimlərinin qrupunda vaxtımı keçirdirəm.

- Sizin müəllimliyə hazırlaşanlara tövsiyəniz nədir?
- Qarşıya qoyulan hər məqsədə çatmaq olur. Yetər ki, can-başla çalışasan. Heç kim alim doğulmur. Hamı oxuyub məlumatlanır. Daha səylə çalışmaq və uğura imza atmaq lazımdır. Mən bunu özümdən gördüm. 3 ay yay aylarında mən çox əziyyət çəkdim və şükür ki, bəhrəsini gördüm.


- Bu yolda sizə kimlər dəstək olub?
- Birinci növbədə ailəm dəstək olub. Müəllim dostlarım olan Yunis və Yusif müəllim də mənə böyük dəstək oldular. Onların hər ikisi hazırlığıma köməklik göstərdilər. Buna görə onlara təşəkkür edirəm.
12.04.2017 16:08:44
Oxuma sayı: 1542