“Kadr və struktur islahatları kifayət etmir, qanunçuluq bərqərar olmasa, heç bir inkişaf olmayacaq" – MÜSAHİBƏ
Ölçü:


Prezidentin oktyabrın 23-də imzaladığı fərmana əsasən vergilər naziri Mikayıl Cabbarov bu vəzifədən azad edilib. Başqa bir fərmanla o, ölkənin iqtisadiyyat naziri təyin edilib.Dövlət başçısının həmin gün imzaladığı daha bir fərmanına əsasən isə Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi İqtisadiyyat Nazirliyinin tabeliyinə verilidi. Bu dəyişiklik nədən xəbər verir? Hüquqşünas, vergi, bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov dəyişikliklərlə bağlı ASTNA-nın suallarını cavablandırıb.

Koordinat.az
həmin müsahibəni olduğu kimi oxuculara təqdim edir:

-Əkrəm bəy, bildiyiniz kimi prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib. Sizcə, bu dəyişikliyə zərurət vardımı?

-Bütövlükdə, dövlət orqanlarının sayının azaldılmasına, o cümlədən onların birləşdirilməsinə və ləğv edilməsinə çoxdan zərurət var. Xüsusən də iqtisadi blokda. Konkret bu dəyişikliyə gəldikdə isə burada obyekti və subyektiv zərurət sezilir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi indiyədək də İqtisadiyyat Nazirliyinə tabe idi. Buna görə də faktiki yalnız iki orqan – Əmlak Məsələləri Dövlət Komitəsi və Vergilər Nazirliyi – İqtisadiyyat Nazirliyinə verildi. Komitənin verilməsi obyektiv zərurətdən irəli gəlir. Bu Komitə ilə yanaşı Energetika Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi də əslində İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinin bir hissəsini icra edir. Yəni əslində sonuncu nazirliklərin də İqtisadiyyat Nazirliyinə birləşdirilməsi obyektiv zərurətdir. Vergilər Nazirliyinə gəldikdə isə onun birləşdirilməsi gözlənilməz oldu. Vergilər Nazirliyi və Gömrük Komitəsinin fəaliyyəti Maliyyə Nazirliyinə daha yaxındır, çünki fiskal siyasəti həyata keçirirlər. Düşünürəm ki, Vergilər Nazirliyinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsi sırf sahibkarlığa dəstəyin gücləndirilməsi ilə bağlıdır. Belə ki, sözügedən dəstək İqtisadiyyat Nazirliyinin əsas prioritetlərindən biridir. Sahibkarların çəkindiyi əsas qurum (hüquq-mühafizə orqanlarını saymasaq) isə məhz Vergilər Nazirliyidir. Bu nazirliklərin birləşdirilməsi, özü də məhz Mikayıl Cabbarovun rəhbərliyi altında birləşdirilməsi bu sahədə dönüş yaratmağa hesablanıb. Cabbarov əvvəllər iqtisadiyyat nazirinin müavini olub. Bu günədək isə vergilər nazir idi. Yəni sahibkarların problemlərini hər iki tərəfdən yaxşı bilir. Bundan sonra onlara dəstək üçün çalışmalı və vergi siyasətini də bunu nəzərə alaraq həyata keçirməlidir. Yəni qısası, dövlət və özəl sektorun maraqları arasında düzgün və optimal balansı tapmalıdır. Cabbarovun hüquqşünas olduğunu da nəzərə alsaq, bu qənaətə gəlmək olar ki, dəyişikliyin bu hissəsi sırf subyektiv amildən, nazirin şəxsiyyəti faktorundan irəli gəlir. Cabbarov faktiki olaraq baş nazirə bərabər bir şəxsdir, gələcəkdə isə yəqin ki, elə baş nazir də olacaq.

-Bu dəyişikliklər müsbət nəsə verəcəkmi? Nəyi isə dəyişəcəkmi?

-Bunu zaman göstərəcək. Hər bir halda qeyri-standart, kreativ yanaşmadır. Prezident sanki Cabbarova deyir: bax, səni baş nazir təyin etmirəm ki, başın çoxsaylı işlərə qarışmasın, əsas işin sahibkarlığın inkişafıdır, bunu elə et ki, nə şiş yansın, nə kabab, həm dövlət büdcəsi dolsun, həm də sahibkarlara zülm edilməsin. Əlbəttə, çox çətin vəzifədir!

-Bu dəyişiklikləri islahat adlandırırlar. Sizcə bu dəyişiklikləri islahat adlandırmaq doğrudurmu? Yəni bu dəyişikliklər nazirliyin işinin mahiyyətini kökündən dəyişə biləcəkmi?
-Sırf dediyim kontekstdə bunu islahat kimi qəbul etmək olar. İqtisadiyyat nazirliyinin işi indiyədək əsasən kağız üzərində olub. İşinin nəticəsi yoxdur! Uzaqbaşı deyiblər ki, biz nə edək, sahibkarlara təzyiqlər çoxdur, vergi-filan və s. İndi belə demək mümkün olmayacaq. Bundan sonra da qeyri-neft sektoru inkişaf etməsə, sahibkarlara real dəstək olmasa, kimin üstünə yıxacaqlar? Hər bir halda unikal şans yaranıb!

-Yeri gəlmişkən, gözlənilən və illərdir ekspertlər tərəfindən təklif olunan o idi ki, Gömrük Komitəsi Vergilər nazirliyinə birləşdirilsin. Amma indi Vergilər nazirliyi İqtisadiyyat nazirliyinə birləşdirildi. Gömrük Komitəsi isə yerində qaldı. Sizcə, Gömrük Komitəsinin də bu quruma birləşdirilməsi yaxşı olardı, yoxsa elə bu vəziyyətdə qalması daha məqsədəuyğundur?

-Obyektiv olaraq əlbəttə Vergilər Nazirliyinin və Gömrük Komitəsinin Maliyyə Nazirliyinin çətiri altında birləşdirilməsi daha düzgündür. Amma real vəziyyət sahibkarlığa dəstəyi tələb edir. Gömrük Komitəsini də İqtisadiyyat Nazirliyinə ona görə vermədilər ki, yeni Supernazir çox yüklənməsin. Sahibkarların əsas problemi nədir? Vergilər və əmlak qeydiyyatı! Bundan sonra bunlara da İqtisadiyyat Nazirliyi rəhbərlik edəcək. Əlbəttə, sahibkarların hüquq-mühafizə və məhkəmələrlə də problemi çoxdur. Amma bu, tam başqa müstəvidir.

-Vaxtı ilə Əmlak Komitəsi ilə Antiinhisar komitəsi  elə İqtisadi İnkişaf nazirliyinin nəzarətində idi. Amma sonradan ayırdılar. Indi yenidən birləşdirmək, yenidən keçmişə qayıtmaq nə anlamına gəlir?
-Əvvəllər ona görə ayırmışdılar ki, bütövlükdə dövlət orqanlarının artması tendensiyası var idi. Artan neft gəlirləri hesabına özümüzü cırtdan ölkə hesab etmək istərmirdik. Məsələn, xaricdə çoxlu səfirliklər açırdıq. Halbuki, zərurət yox idi. Məsələn, Bolqarıstan kimi ölkədə səfirlik nəyə lazımdır? Lazım deyil! Eyni məsələdir. İndi isə ixtisar meylləri güclənir. Çünki qənaət etməliyik.

-İqtisadiyyat naziri Şahin Mustafayev Baş nazirin müavini təyin olundu. Onun yerinə isə Vergilər naziri Mikayıl Cabbarov təyin olundu. Və Vergilər Nazirliyi də İqtisadiyyat Nazirliyinə birləşdirildi. Bu kadr yerdəyişmələrinə necə baxırsız? Bu kadrlar əvvəl də yüksək postları tuturdular. Və onların həmin postlarda hansısa kosmik uğurları gözə dəymirdi. Yəni həmin bu kadrların yerini dəyişməklə nəyə nail olmaq istəyirlər? Bu dövlətə və iqtisadiyyata nə yenilik gətirəcək?

-Şahin Mustafayev ümumiyyətlə uğursuz məmurdur. Yaxşı mühasib kimi bəlkə də vergilər nazirliyində işinin öhdəsindən gəlirdi. Amma iqtisadiyyat naziri kimi bütün fəaliyyəti kağız üzərində idi. Nə etməli olduğunu bilmirdi. Elə yaxşı ki, baş nazirin müavini oldu, qoy gedib kağız-kuğuz işləri ilə məşğul olsun. Mikayıl Cabbarova gəldikdə isə o, hazırda hökumətin ən effektiv menecerlərindən biridir. Kosmik uğurları olmayıb əlbəttə. Amma həm təhsil, həm də vergilər nazirliyində qayda-qanun, səliqə-səhman yarada bildi. Xüsusən də vergilər naziri kimi prinsipial mövqe tutmağı da bacardı. Məsələn, Lerikdəki “Relaks” məsələsində. Oxşar məsələlər az olmayıb son 2 ildə. Buna görə də ona ümidlər böyükdür. Bacaracaq ya yox – demək çətindir. Obyektiv olaraq qarşısında duran vəzifələr ağırdır. Subyektiv problemləri də var. Məsələn, Cabbarov daha çox əvvəlki iş yerlərindəki kadrlarla işləməyə üstünlük verir. Komandasını genişləndirməyə ya istəyi, ya da vaxtı yoxdur. Amma fəaliyyəti və səlahiyyəti artdıqca bunu mütləq etməlidir.

Belə çıxır ki, hakimiyyət iqtisadiyyat sahəsinə xüsusi diqqət ayırır. Amma mahiyyət dəyişməsə nəyə isə nail olmaq mümkündürmü?
-Bəli, hakimiyyət üçün iqtisadi inkişaf hazırda çox önəmlidir. Başa düşürlər ki, qeyri-neft sektoru, sahibkarlıq inkişaf etməsə, ölkənin gələcəyi ürəkaçan deyil. Bunun üçün isə həqiqətən sadəcə kadr və struktur islahatları kifayət etmir. Ölkədə qanunçuluq bərqərar olmasa, heç bir inkişaf olmayacaq!

 -Sizcə hakimiyyətin bundan sonra iqtisadiyyat sahəsində atmalı olduğu əsas addımlar hansılardır ki, bütün bunları əsl islahat kimi qələmı verə bilsin?

-Real məhkəmə-hüquq islahatları olmasa, əsl islahatlardan və uğurdan danışmaq mümkün deyil. İqtisadi inkişaf aydın və riayət edilən oyun qaydalarından asılıdır. Bazar iqtisadiyyatının üç sütunu var: 1) mülkiyyət hüququnun qorunması; 2) öhdəliklərin icrasının təminatı; 3) sağlam rəqabət. Bunun üçün isə iki şey lazımdır: 1) təkmil qanunvericilik; 2) dürüst, savadlı və müstəqil məhkəmə. Qanunvericiliyimiz bərbaddır. Təkcə Mülki Məcəlləyə baxmaq kifayətdir: keçmiş SSRİ ərazisində ən geridə qalmış Məcəllə bizimkidir. Məhkəmələrimizin də vəziyyəti göz qabağındadır: nə hoqqadan desən çıxırlar! Odur ki, bu istiqamətlərdə real addımlar atılmasa, heç bir islahat, heç bir inkişaf olmayacaq.

 

27.10.2019 17:54:00
Oxuma sayı: 49