Şagirdlərin yerdəyişmə proseduru elektronlaşıb
Ölçü:


Şagirdlərin elektron yerdəyişməsi prosesi ilə bağlı sorğuların qəbulu oktyabrın 21-dən davam etdirilir.

Koordinat.az xəbər verir ki, Təhsil Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 15-dək yerdəyişmə ilə bağlı ümumilikdə 54 830 müraciət daxil olub. Onlardan 53 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib. 875 sorğuya isə dil uyğunsuzluğuna, daxili müsabiqə keçirən lisey və məktəb-liseylərin müsabiqə nəticələrinə əsasən imtina verilib.

Xatırladaq ki, bu ildən etibarən şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir. Təhsil aldığı məktəbi digər təhsil ümumtəhsil müəssisəsinə dəyişmək istəyən şagirdlərin valideynlərindən biri və ya qanuni nümayəndəs sistemdə qeydiyyatdan keçməlidir. Bunun üçün valideyn əvvəlcə övladının hazırda təhsil aldığı məktəbin rəhbərliyinə müraciət etməklə  Ümumi Təhsil İnformasiya Sistemində (UTİS) şagirdə məxsus unikal kod almalıdır. Bundan sonra valideyn və ya şagirdin qanuni nümayəndəsi özünün şəxsiyyətini təsdiq edən sənədin FİN kodunu (xarici ölkə vətəndaşları üçün isə miqrasiya sənədinin seriya nömrəsini) www.sy.edu.az portalına daxil etməklə qeydiyyatdan keçməlidir. Qeydiyyat mobil telefona göndərilən SMS vasitəsilə təsdiq olunur.

Qeydiyyatdan keçdikdən sonra valideyn müvafiq prosedurlara əməl etməklə övladının təhsil sənədlərini oxuduğu məktəbdən götürərək bundan sonra təhsil alacağı məktəbə təqdim etməlidir.

27.10.2019 17:30:00
Oxuma sayı: 35