Qəbizliyin fəsadları - qara ciyəri də zədələyir
Ölçü:

Qəbizlik “ədəbsiz” sayılan xəstəliklərdən biridir ki, onun haqqında hətta həkimlə də danışmaq “qəbahət” hesab olunur. Bundan başqa, əksər insanlar qəbizliyi heç də təhlükəli hesab etmirlər. Bəzi insanlar illərlə bu xəstəlikdən əziyyət çəkərək, işlədici dərmanlar içib, imalələr edib və digər üsullarla “müalicə” olunaraq həkimə müraciət etmirlər. Bu çox təhlükəlidir. Qəbizlik "yüngülvari" halsızlıq deyil, orqanizm üçün ciddi fəsadlar verə bilən böyük bir problemdir.

Bəs, qəbzlik nədir?

Bəri başdan deyək ki, qəbzlik həkimlər və xəstələr tərəfindən fərqli olaraq təyin edilir. Roma İİİ meyarlarına əsasən aşağıda verilmiş xüsusiyyətlərdən ən azı ikisi mövcud olduqda funksional qəbzlik diaqnozu qoyulur:
-   bağırsaqları boşaltmaq üçün gücənmə,
 -  nəcisin bərk olması,
 -  bağırsaqların tam boşaldılmaması hissi,
 -  bağırsaqların barmaq manevrləri ilə boşaldılması,
  - anorektal obstruksiya hissi və
  - bağırsaqların gec-gec boşaldılması (həftədə 3 dəfədən az böyük bayıra getmə).

Funksional qəbzlik diaqnozunun qoyulması üçün yuxarıda təsvir edilən simptomların ən azı 3 ay davam etməsi və ilk dəfə diaqnozun qoyulmasından 6 ay əvvəl başlaması tələb olunur. Həmçinin, həmin xəstələrdə bağırsaq işlədiciləri olmadan yumşaq nəcisin olmaması müşahidə edilməli və qıcıqlanmış bağırsaq sindromuna cavab verən meyarlar olmamalıdır.

Əgər insan, xüsusən də uzun illər ərzində qəbizlikdən əziyyət çəkirsə, onun bağırsağı normal şəkildə fəaliyyət göstərə bilmir, qidanın tərkibində olan vitamin və mineral maddələrin mənimsənilməsi xeyli dərəcədə çətinləşir, nəticədə maddələr mübadiləsi pozulur. Digər tərəfdən, qəbizliyin xroniki forma alması nəticəsində orqanizmdə xeyli miqdarda toksinlər, şlaklar, zəhərli maddələr də yığılır.

Koordinat.az bildirir ki, qana sovrulan bu maddələr orqanizm boyunca yayılaraq bütün orqanları zəhərləyir, sinir sistemini, hətta beyini də zədələyirlər. Ona görə də xroniki qəbizliklər bəzi hallarda, sanki onlarla heç bir əlaqəsi olmayan patoloji halların - güclü baş ağrıları, yaddaş pozğunluğu, həddindən artıq əsəbilik, və hətta qocalıqdakı ağıl zəifliyi kimi əlamətlərin baş verməsinə səbəb olurlar.

Xroniki qəbizliklər qaraciyərə ciddi zərər vururlar! Məsələ bundadır ki, bu orqanın əsas vəzifələrindən biri – orqanizmdə olan toksinlər və digər zərərli maddələri zərərsizləşdirərək onları bədəndən xaric etməkdən ibarətdir. Bu maddələr bədəndə xeyli dərəcədə çox yığıldıqda (qəbizliklər nəticəsində) qara ciyər də həddindən artıq dərəcədə yüklənərək zədələnir. Qaraciyərdə xəstəlik olduqda bu daha da təhlükəli olur.

Yoğun bağırsaqda xərçəngin əmələ gəlmə səbəblərinin araşdırılması zamanı tədqiqatçı alimlər belə bir nəticəyə gəlmişlər ki, xroniki qəbizliklər də bu qorxulu xəstəliyin inkişaf etməsinə təsir edə bilər. Məsələ bundadır ki, bizim bütün həyatımız boyu, mədə-bağırsaq sistemindən minlərlə kanserogen (xərçəng xəstəliyinə səbəb ola bilən) maddələr keçir.

Aydındır ki, qəbizlik olduqda bu zərərli maddələr orqanizmdə daha uzun müddət ərzində qalırlar. Onlar orqanizmdə nə qədər çox qalırlarsa, xərçəngin inkişaf etmə ehtimalı daha artıq olur. Yaşlı adamlarda bu risk daha çox olur. Axı onlarda xroniki qəbizlik daha çox təsadüf edilir. Buna görə də onların xərçəngə tutulma təhlükəsi daha yüksək olur.

Bundan başqa, uzun müddət ərzində davam edən qəbizlik, bağırsaqda nəcis daşlarının, son nəticədə isə bağırsaq keçməməzliyinin əmələ gəlməsinə də səbəb ola bilərlər.

Qəbizliklər həmçinin insanın immunitetini də aşağı salırlar. Bizə məlumdur ki, immun sisteminin 90%-i bağırsaqlarda yerləşir. Beləliklə, bağırsaqlarların istənilən, xüsusən də xroniki formada olan problemləri, immun sisteminə güclü mənfi təsir edərək, müxtəlif mikroblara, infeksiyalara, özümüzun mutasiya olunmuş (dəyişmiş) hüceyrələrinə (yəni, xərçəng hüceyrələrinə) qarşı bizim təbii müdafiəmizi xeyli dərəcədə zəiflətmiş olur.

Qəbiliklərdən, orqanizmin nəinki daxili orqanları, həmçinin xarici görünüşü də güclü şəkildə zərər çəkir. Belə ki, bu zaman dəridə xeyli sayda irinli səpgilər (yeniyetmə dövrdə olan səpgiləri ilə qarışdırmayın) əmələ gəlir. Onları digərlərindən ayırmaq heç də çətin deyil. Belə ki, bu səpgilər dərinin ən daxili qatlarından gəldikləri üçün çox dərin olurlar. Bunlar, təbii yolla (bağırsaqlarla) xaric ola bilməyən toksinlərdir. Onlar, məhz dəridəki məsamələr və piy vəzilərinin köməkliyi ilə xaricə “açılırlar”.

Qəbizlik çox davam etmirsə, “bağırsaq” səpgiləri yanaqlarda əmələ gəlir. Qəbizlik uzun illər ərzində davam etdikdə isə, səpgilər kürəklər və sinə nahiyyəsində də əmələ gələ bilər. Belə insanlarda qocalma əlamətləri də vaxtıdan əvvəl meydana gəlir. Orqanizmin müxtəlif şlaklarla güclü şəkildə çirklənməsi nəticəsundə dərinin elastikliyi (tonusu) tez bir zamanda pozulur. Bu zaman dəri solğun və xeyli qırışmış olur. Dırnaqlar qat-qat laylanaraq qırılırlar. Xroniki qəbizlik daha çox hallarda erkən yaranan keçəlliyə də səbəb olurlar (Saglamolun.az)

26.10.2019 19:44:00
Oxuma sayı: 38