Qoşulmama Hərəkatına qoşulmaq Azərbaycan nə verir? - rəsmi cavab
Ölçü:

Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin Xarici İşlər nazirlərinin görüşü başlayıb. Azərbaycan paytaxtında 25-26 oktyabrda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə görüşünə hazırlıq toplantısına sədrlik Venesuelanın Xarici İşlər naziri Jorge Arreaza tərəfindən Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarova təqdim edilib.

Koordinat.az
xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva moderator.az-a açıqlamasında “Azərbaycan Respublikası 2011-ci ldən Qoşulmama hərəkatına üzv kimi beynəlxalq və regional siyasət səviyyəsində nələri qazanıb?”  sualını belə  cavablandırıb: “Bu sualın “Azərbaycan Qoşulmama Hərəkatına üzv olmaqla nə əldə edib?” şəklində qoyulması zənnimcə, ölkəmizin bu Hərəkatda iştirakının bizim üçün istər regional, istərsə də qlobal müstəvidə hansı imkanları yaratması məsələlərinə nəzərə yetirmək baxımından daha dəqiq olardı. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük siyasi platformadır və bu Hərəkatın əsasını Azərbaycanın da bölüşdüyü və ölkəmizin hörmətlə yanaşdığı prinsiplər təşkil edir. Bu Hərəkatın 2012-ci ildən etibarən Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı sərgilədiyi birmənalı və ədalətli mövqe, əlbəttə, çox önəmlidir və münaqişənin həllinin hüquqi bazasının daha da möhkəmlənməsinə töhfə verir. Qoşulmama Hərəkatına üzvlük BMT çərçivəsində irəli sürülən təşəbbüslərə böyük dəstəyin əldə edilməsi deməkdir. Təsadüfi deyil ki, ölkəmizin BMT Təhlükəsizlik Şurasına 2012-2013-cü illərdə qeyri-daimi üzvlüyü seçkilərində Qoşulmama Hərəkatı üzv ölkələrinin dəstəyi mühüm rol oynamışdır.

“Əgər Azərbaycan bu hərəkata üzv olmasaydı, milli dövlət maraqlarımıza yönəlmiş hansısa təhlükəli proseslər baş verə bilərdimi?” sualına isə XİN rəsmisinin cavabı bu cür olub: “Azərbaycan bu Hərəkata hər hansı təhlükəli proseslərin qarşısını almaq üçün qoşulmayıb. Hərəkata üzvlüyümüz, təməl prinsinplərini bölüşdüyümüz mühüm siyasi platformada Azərbaycanın fəal iştirakını təmin etmək, mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanlarımızı genişləndirmək, ölkəmiz haqqında həqiqətləri bu önəmli platformada təşviq etmək və nəhayət, ümumilikdə dünyada sülh və təhlükəsizliyə töhfə vermək məqsədlərinə xidmət edir. Qoşulmama Hərəkatı müasir dünyada çoxtərəfli əməkdaşlığı təşviq edən əsas hərəkərverici qüvvələrdən biridir. Bu çoxtərəfli çərçivənin tərkib hissəsi olmaq və qarşıdan gələn 3 il ərzində ona rəhbərlik etmək ölkəmizə olan etimadın və öz növbəsində, ölkəmizin bu Hərəkatın gələcək uğurlarına töhfə vermək əzminin göstəricisidir”.


24.10.2019 13:16:00
Oxuma sayı: 287