Tibbi sığortanın tətbiqinə hazırlıqlar başladı
Ölçü:

UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzi gələn ildən ölkədə tətbiq olunacaq icbari tibbi sığorta ilə bağlı müvafiq qurumların yanında olmaq, onlara bu sahədə araşdırmaların aparılması və hesabatların hazırlanması istiqamətində xidmət göstərəcək. Belə ki, yeni yaradılan Mərkəzdə təcrübəli ekspertlər tərəfindən real sektorda baş verən problemlərin araşdırılaraq, həmin problemlərə elmi baxışlar ortaya qoyulacaq.

Koordinat.az xəbər verir ki, bunu Dövləq İqtisad Universitetinin (UNEC) rektor Ədalət Muradov UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzində keçirilən toplantıda bildirib.
Tədbirdə UNEC-in professor-müəllim heyəti ilə yanaşı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev, tibbi sığorta üzrə mütəxəssislər və digər qonaqlar iştirak ediblər.

UNEC-in “Beynəlxalq iqtisadiyyat” kafedrasının müəllimi Mirsahib Eminov isə “Səhiyyənin maliyyələşdirilməsində beynəlxalq təcrübə və onun Azərbaycan icbari tibbi sığorta sisteminə tətbiqi imkanları” mövzusunda çıxış edib. Səhiyyə sistemlərində maliyyələşmə mexanizmləri ilə bağlı beynəlxalq təcrübədə 4 istiqamətin mövcud olduğunu deyən məruzəçi onları təhlil edərək, Azərbaycanın icbari tibbi sığorta sistemində tətbiqini açıqlayıb. M.Eminov Azərbaycanda icbari tibbi sığortada 2 xidmət paketinin təklif ediləcəyini, birinci zərf üçün tələb olunan 29 manatlıq vəsaitin dövlət hesabına qarşılanacağını qeyd edib. Əlavə xidmətlər paketinin isə 2% əmək haqqı və 2% işəgötürən hesabına maliyyələşəcəyini qeyd edib.

Təqdimatdan sonra iştirakçıların səhiyyənin maliyyələşdirilməsi mexanizmləri, maliyyə mənbələri, dövlət büdcəsindən icbari sığortaya ayrılan vəsaitin məbləği, adambaşına düşən tibbi sığorta xərcləri və mövzu ilə bağlı digər sualları cavablandırılıb.

Millət vəkili Musa Quliyev icbari tibbi sığortanın qarşılaşa biləcəyi problemlərdən və onların həlli yollarından danışıb. Tibbi texnologiyaların inkişafı nəticəsində dünyada səhiyyə xərclərinin artdığını deyən millət vəkili, Azərbaycanda və digər ölkələrdə adambaşına düşən səhiyyə xərclərinin miqdarını açıqlayıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzinin yaradılmasının əhəmiyyətindən danışıb. Ölkədə səhiyyə xərcləri ilə bağlı dəqiq məlumatların əldə edilməsində çatışmazlıqların olduğunu bildirib. Z.Əliyev UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzində bu istiqamətdə faydalı  elmi araşdırmaların aparılacağına əminliyini ifadə edib.

Sonda rektor Ədalət Muradov UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzində  icbari tibbi sığorta ilə bağlı vahid məlumat və statistik baza formlaşdırılacağını, mərkəzin ekspertlərindən ibarət işçi qrupu tərəfindən icbari tibbi sığortanın uğurla  tətbiq olunduğu postsosialist ölkələrdə bu sistemin tətbiqi zamanı üzləşdikləri problemlər və onların aradan qaldırılması yolları ilə bağlı kitabçanın hazırlanacağını bildirib. Həmçinin UNEC-in müəllim və tələbələrindən ibarət “İcbari tibbi sığorta” elçilər komandasının formalaşdırılacağını və regionlarda maarifləndirici tədbirlərin aparılacağını qeyd edib. Rektor Tədqiqat Mərkəzi tərəfindən ölkədə icbari tibbi sığortanın tətbiqindən sonra tibbi xidmətin keyfiyyətinin monitorinq sisteminin və maliyyə vəsaitlərinin səmərəliliyi ilə bağlı diaqnostik sistemin yaradılacağını diqqətə çatdırıb. İcbari tibbi sığortaya cəlb olunan əməkdaşlara UNEC Eksterndə distant təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb.
24.10.2019 09:44:00
Oxuma sayı: 43