Akif Əlizadənin bu gün istefa verəcəyi təsdiqləndi
Ölçü:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadənin bu gün tutduğu vəzifədən istifadə verəcəyi barədə ötən axşam yayılan məlumatlar rəsmi təsdiqini tapıb.

Koordinat.az xəbər verir ki, 85 yaşlı akademik Akif Əlizadə AMEA-nın bu günə çağırılan yığıncağında istefa verdiyini rəsmən elan edəcək. Belə ki, bu gün  saat 16:00-da  AMEA-nın Rəyasət Heyətinin iclası keçiriləcək və orada yeni prezident seçiləcək.

AMEA-nın vitse-prezidenti  İsa Həbibbəyli Modern.az-a açıqlamasında yayılan xəbərləri təsdiqləyərək deyib ki, konkret yeni namizəd barəsində heç bir məlumatı yoxdur: “Bu gün AMEA-da Rəyasət Heyətinin toplantısı  keçiriləcək. Mən də ora dəvət almışam. Təbii ki, Akif Əlizadə rəsmi qaydada istefa məsələsini elan edəcək. Yeni prezident də seçiləcək. Ancaq yeni prezidentin kimliyi   barədə  məlumatım yoxdur”.

Akif Əlizadə 1934-cü ildə Bakıda doğulub. Azərbaycan Sənaye İnstitutunu bitirib.
Geologiya ixtisasına yiyələnən A.Əzlizadə 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutuna işə qəbul edilib. Əvvəlcə elmlər namizədi, 35 yaşında isə doktorluq dissertasiyası müdafiə edən A. Əlizadə SSRİ-də ən gənc yüksək ixtisaslı mütəxəssislərdən biri və Azərbaycan Elmlər Akademiyası sistemində ən cavan direktor müavini olub.

Akif Əlizadə “Şöhrət” və “Şərəf” ordenləri ilə mükafatlandırılıb. Geologiya-mineralogiya elmləri doktoru, professordur. 2013-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti postunu tutur. O, 2013-cü ildən Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və İdarə Heyətinin üzvü seçilib.

 
23.10.2019 09:59:00
Oxuma sayı: 33