ABŞ səfirliyi Mirşahinin iddialarını rədd etdi: "Bu ittihamlar yalan və cəfəngdir"
Ölçü:

ABŞ-ın Azərbaycandakı səfirliyi Real TV-yə "Mirşahinin vaxtı" proqramında irəli sürülən ABD diplomatlarının oktyabrın 19-da Bakıda keçirilmiş etiraz aksiyalarının təşkilində hansısa şəkildə iştirak etməsi və xarici diplomatlarla hansısa siyasi partiyanın, müxalifət üzvü və yaxud onların liderləri və digərləri ilə ünsiyyətini təkzib edir.

Koordinat.az xəbər verir ki, bu barədə Real TV məlumat yayıb. Mirşahin Ağayevin rəhbəri ilduğu Real TV səfirliyin rəsmi məlumatını ötən axşam yayıb.

"Birləşmiş Ştatlar Azərbaycanın müstəqilliyini və suverenliyini tam dəstəkləyir və bizim Azərbaycanda stabilliyi pozmaqda hansısa şəkildə maraqlı olmağımız barədə istənilən ittihamlar yalan və cəfəngdir" - deyə, ABŞ-ın Azərbaycandakı səfirliyi rəsmən bəyan edib.

Xatırladaq ki,  Real TV-nin rəhbəri Mirşahin Ağayev Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin oktyabrın 19-da Milli Şuranın mitinqi zamanı ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi işlər üzrə müşaviri Uilliam Solly ilə telefon danışığının audioyazısını yayıb. Gültəkin Hacıbəyli səs yazısında evində internet kəsildiyi üçün yaza bilmədiyini qeyd edir, aksiya ilə bağlı məlumat verir. ABŞ diplomatı isə xanım Hacıbəyliyə internet bərpa olunan kimi geniş məlumat yazmağı tapşırır və şəhərdə prosesi izlədiyini bildirir. Proqramda, həmçinin, Gültəkin Hacıbəylinin Avropa İttifaqının siyasi, sosial məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Denis Daniilidis ilə görüşündən də danışılıb. Səsləndirilən audioyazıda Gültəkin Hacıbəylinin razılaşdırılmamış aksiyadan əvvəl avropalı diplomatla nahar masası ətrafında söhbət etdiyi, ondan mitinqə kömək etməyi xahiş etdiyi aydın olur.

Digər səs yazısında Gültəkin Hacıbəyli aksiyada 500 nəfərin saxlanıldığını bildirir, Əli Kərimli ilə bağlı narahat olduğunu qeyd edir.

Qeyd edək ki, Gültəkin Hacıbəyli "Facebook" səhifəsində bu danışığın olduğunu təsdiqləyib, səs yazısının yayılmasına görə istifadəçisi olduğu mobil operatoru ittiham edib.
22.10.2019 11:14:00
Oxuma sayı: 77