518 nəfər imtahanlarda zal nəzarətçisi olmaq istəyir
Ölçü:

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlər oktyabrın 29-dan etibarən müsahibə mərhələsinə dəvət olunacaqlar.

Dövlət İmtahan Mərkəzindən (DİM) Koordinat.az-a verilən mlumata görə, müsahibələr DİM-in inzibati binasında (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küç, 1M) və regional bölmə mərkəzlərində Mərkəzin məsul əməkdaşları tərəfindən aparılır. Müsahibə zamanı namizədin psixoloji və fiziki cəhətdən sağlamlığı, ümumi dünyagörüşü, nitqi, stress vəziyyətində işləmək bacarığı yoxlanılır. Müsahibənin nəticəsi məqbul və ya qeyri-məqbulla qiymətləndirilir.

Namizədlər öz nəticələri ilə bağlı məlumatla namizədin elektron anketinə daxil olaraq tanış ola bilərlər. Müsahibədən uğurlu nəticə əldə edən namizədlər ümumi intellekt səviyyəsini yoxlayan test imtahanına dəvət ediləcəklər.

Qeyd edək ki, hazırda zal nəzarətçisi sertifikatı əldə etmək üçün 518 namizəd qeydiyyatdan keçib və onlardan 119 nəfəri DİM-in zal nəzarətçiləri bazasında olduğu üçün müsahibə mərhələsində iştirak etməkdən azaddırlar. Onlar qeydiyyatdan keçdikdən sonra birbaşa intellekt səviyyənin yoxlanılması üçün test imtahanına dəvət edilirlər.

Xatırladaq ki, ötən il 565 namizəd zal nəzarətçisi sertifikatı əldə edərək DİM tərəfindən keçirilən imtahanlarda iştirak edib.

İmtahanlara təyinat aparılan zaman, imtahanların xüsusiyyətləri, ixtisas, yaş və digər tələblər də gözlənilməklə, zal nəzarətçisi kimi fəaliyyəti sertifikatlaşdırılmış nəzarətçilərə üstünlük verilir.

22.10.2019 10:41:00
Oxuma sayı: 39