İqtisadiyyat naziri müşavirə keçirdi
Ölçü:

Azərbaycanda fəaliyyət göstərən sənaye parklarına indiyədək 5,7 mlrd. manat investisiya yatırılıb, 9 minə yaxın iş yeri açılıb.

İqtisadiyyat Nazirliyindən Koordinat.az-a verilən məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə əlaqədar olaraq İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclasında çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

İqtisadiyyatın aparıcı sahələrinin inkişafı istiqamətində görülən işlərdən danışan nazir dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, sənaye parkları və məhəllələrinin yaradılması, rezidentlərin fəaliyyətinin genişləndirilməsi və yeni iştirakçıların cəlb edilməsi tədbirlərinin daha effektiv şəkildə davam etdirildiyini bildirib.

Qeyd edək ki, hazırda mövcud 5 sənaye parkında 44 rezident qeydiyyatdan keçib ki, bunlardan da artıq 24-ü fəaliyyət göstərir. Sənaye parklarına rezidentlər tərəfindən daha 673 mln. manat yatırılması və əlavə olaraq 1,5 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Sənaye parklarında istehsal olunan məhsullar daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac olunur. Bu ilin 9 ayında sənaye parklarında 564 mln. manatlıq məhsul istehsal edilib, bunun 233 mln. manatlıq hissəsi ixrac olunub, məlumatda bildirilir.

Sənayenin inkişafında yeni və mütərəqqi mexanizmlərdən olan sənaye məhəllələrinin təşkili davam etdirilir. Artıq ölkə regionlarında 4 sənaye məhəlləsi yaradılıb. Bu sənaye məhəllələrində 38 rezident qeydiyyatdan keçib və bunlardan 22-si artıq fəaliyyət göstərir.

Məlumata görə, sənaye məhəllələrinə indiyədək sahibkarlar tərəfindən 53,8 mln. manat investisiya yatırılıb, 650-dən çox iş yeri açılıb. Sənaye məhəllələrinə daha 90 mln. manatdan çox sərmayə yatırılacaq ki, bu da əlavə olaraq 1400-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq.

Hazırda ölkənin digər bölgələrində də sənaye zonalarının yaradılması ilə bağlı araşdırma və təhlillər aparılır. Bu ilin sonunadək bölgələrdə daha 2 sənaye zonasının (sənaye parkı və ya məhəlləsi) təşkili barədə təkliflər aidiyyəti üzrə təqdim ediləcək.

21.10.2019 15:26:00
Oxuma sayı: 19