Əli Əhmədov: "Əhalinin gur olduğu yerdə asayişin pozulması ehtimalı yüksəkdir"
Ölçü:


"Azərbaycanda hər hansı müxalifət partiyaları tərəfindən aksiyaların keçirilməsi nə YAP üçün, nə də ölkə iqtidarı üçün narahatlıq və nigaranlıq mənbəyi deyil və ola bilməz. Amma narahatlıq yaradan bəzi məqamlar var ki, cəmiyyətə bu barədə fikirlərini çatdırılmasına ehtiyac var".

Koordinat.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini- icra katibi Əli Əhmədov Milli Şuranın okytabrın 19-da keçirdiyi mitinqilə bağlı YAP-ın təşkil etdiyi toplantıda bildirib. Onun sözlərinə görə, mitinqin ölkə başçısının oktyabr ayının əvvəlində bir neçə səfərlərində və 9 aylıq iqtisadi inkişafla bağlı keçirilən müşavirədə səsləndirdiyi fikirlərdən bir neçə gün sonra təşkil edilməsi heç də təsadüfi deyil: "Görünür ki, Azərbaycana xaricdən müxtəlif üsullarla təsir göstərmək istəyən maraqlı dairələr çirkin niyyətlərini həyata keçirmək üçün bu işə əl atıblar. Kütləvi aksiyaların keçirilməsi üçün yerlərin ayrılmasına baxmayaraq müxalifət partiyaları mitinqləri icazəsiz şəkildə, razılıq verilməyən yerdə keçirmək niyyətinə düşüb və buna cəhd ediblər. Onlara verilən tapşırığa uyğun olaraq qarşıdurma yaratmaqla ölkədəki sabitliyi pozmağa cəhdlər göstərirlər. Bununla da dövlət və hökumət nümayəndələri arasında qarşıdurma niyyətində olublar".

Əli Əhmədov deyib ki, dünyanın hər yerində insanların mitinqin keçirilməsi üçün ayrıca yerlər ayrılır. Bu da ictimai təhlükəsizliyinin təmin edilməsi üçün əsasdır: "Ancaq bunları nəzərə almadan elə bir yer seçmişdilər ki, sağlam məntiqə sığmırdı. Əhalinin və hərəkətin sıx olduğu yeri seçməklə ictimai dəstəyin geniş olduğunu göstərməyə çalışırlar. Baxmayaraq bu siyasi etika baxımından düzgün sayıla biləcək hərəkət deyildi. Bizi narahat edən onların siyasi etikası deyil, belə yeri seçməklə çirkin niyyətlərini həyata keçirmək üçün münbit yer seçməyə çalışmalarıdır. Çünki əhalinin gur olduğu yerdə asayişin pozulması ehtimalı yüksəkdir".

Əli Əhmədov deyib ki, YAP hər hansı partiyanın hakimiyyətə gəlmək iddiasına qarşı deyil: "Amma nəyin bahasına olursa hakimiyyətə gəlmək ölkəni xaos və anarxiyaya sürükləyir. Bu dünyanın heç yerində məqbul sayılmır. Bunun nəticəsi də ürəkaçan olmaz".
21.10.2019 12:56:00
Oxuma sayı: 36