Ter-Petrosyan Qarabağ problemi barədə: “Ərazilərin qaytarılması şərti bütün planlarda yer alıb" - MÜSAHİBƏ
Ölçü:


“Azərbaycan güzəştlərə hazırdır və danışıqlar masası üzərindəki sənəddə cəmi 2-3 mübahisəli məqam qalıb”.

Koordinat.az xəbər verir ki, bunu Ermənistanin birinci prezidenti, “Erməni Milli Konqresi-Ermənistan Xalq Partiyası” (Konqres-EXP) blokunun lideri Levon Ter-Petrosyan İctimai Televiziyanın “Gündəmdən kənar” verilişinə müsahibəsində bildirib. Tert.am saytında dərc olunmuş müsahibəni erməni dilindən Worldmedia.az tərcümə edib. Həmin müsahibəni oxuculara təqdim edirik:

-Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanların olduğunu heç bir siyasi qüvvə inkar etmir. Bəs Ter-Petrosyanın təklif etdiyi kompromislər digər təkliflərdən nə ilə fərqlənir?

-Öncə bir məqamı dəqiqləşdirək. Mən hər hansı plan irəli sürməmişəm. Mənim fikirlərimə qarşı olanlar da hər hansı plan təklif etməyib. Belə bir plan əvvəldən var. Problem bizimlə Azərbaycan arasında yox, bizimlə dünya birliyi arasındadır. Biz, yəni həm Azərbaycan, həm də Ermənistan dünyanın ən nüfuzlu təşkilatlarının – BMT və ATƏT-in  bərabərhüquqlu üzvləriyik. Münaqişənin həlli ilə əlaqədar prinsipləri də nə Azərbaycan, nə Ermənistan, nə də Qarabağ müəyyənləşdirir. Onu beynəlxalq birlik müəyyənləşdirir. Əslində, bu heç də mücərrəd bir platforma deyil. Bu təşkilat qərar qəbul etmək səlahiyyətinə malik məhkəmə orqanı olmasa da, ona bu məsələ ilə məşğul olmaq səlahiyyəti verilib. Söhbət BMT-dən də xeyir-dua almış ATƏT-in Minsk qrupundan gedir. BMT-nin Qarabağla bağlı bütün sənədlərində bu məsələ ilə bağlı səlahiyyətlərin ATƏT-n Minsk qrupuna həvalə olunduğu vurğulanır.
 Beləliklə, sizin qeyd etdiyiniz təkliflər çoxdan var və onlar nə bizim, nə də Azərbaycanın təklifləridir. Bu təklifləri beynəlxalq təşkilatlar verib. İndi isə məsələ daha konkret qoyulub. Artıq nə mən, nə münaqişə tərəfləri hər hansı yeni plan irəli sürə bilərik. Ortada münaqişənin nizamlanması üçün “Madrid prinsipləri” adlandırılan plan var. 2007-ci ildən bəri məhz bu plan üzərində müzakirə aparılır.
İndiyədək tərəflərə 6 belə plan təqdim edilib: paket, mərhələli, “ümumi dövlət”, Ki-Uest planı, daha sonra ABŞ-ın Minsk qrupunu iradəsi xaricində irəli sürdüyü plan və nəhayət, “Madrid prinsipləri”. Əslində bu planların heç biri digərindən köklü şəkildə fərqlənməyib və fərq yalnız metodik yanaşmalarda olub. Təkliflərin bir hissəsi problemin paket, bir hissəsi mərhələli həllini nəzərdə tutub. Paket həll variantından 1997-ci ildə imtina olunub. Buna Qarabağ da etiraz edirdi. 1998-ci ildə ortaya qoyulmuş “ümumi dövlət” adlanan planı isə Azərbaycan qəbul etməyib. Halbuki, onu Ermənistan qəbul edirdi. “Madrid prinsipləri”nə gəlincə, hələlik ondan heç kəs imtina etməyib. Danışıqların əsası kimi, həm Ermənistan, həm də Azərbaycan onu qəbul edir.

-İndi, ortada olan son variant "Kazan variantı" deyimi?
-Artıq "Kazan razılaşması"nın heç bir keçərliliyi yoxdur. Bu, Minsk qrupunun həmsədrləri olan Rusiya, Fransa və ABŞ-ın birgə bəyanatlarında da bir neçə dəfə qeyd olunub. Hazırda ortada olan “Madrid prinsipləri”dir, müzakirələr də bu sənəd üzərindən aparılır. Bu prinsiplərlə bağlı həmsədrlər arasında da fikir ayrılığı yoxdur. Bu prinsiplərin sırasında ərazilərin geri qaytarılması və güc tətbiq etməməklə bağlı öhdəlik var. Bundan başqa, Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə hüququ, əlavə olaraq, təhlükəsizlik mexanizmlərinin tətbiqi, bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsi də planda yer alır. Kim deyir ki, problem həll edilə bilməz? Danışıqlar elə bunun üçündür. Sadəcə tərəflər özləri üçün mümkün əlverişli nəticəyə nail olmağa çalışır. Əvvəllər münahisəli məsələlər çox olsa da, indi onların sayı 2-3-ə enib.

-Ermənistan güzəştlərə hazırdır, Azərbaycan yox?
-Azərbaycan güzəştlərə hazır olmasaydı, ümumiyyətlə Minsk qrupunun apardığı prosesdə iştirak etməzdi. Yəni, hər iki tərəf güzəştlərə hazırdır. Sadəcə, onlar mümkün qədər üstünlük qazanmağa çalışırlar. Bu da təbiidir. Bütün digər planların müzakirəsi zamanı da belə olub. Doğrudur, hansısa mərhələdə hər iki tərəf bu plana da “yox” deyə bilər. Ancaq bu, hələ ki, baş verməyib.

-Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanımağa hazırdırmı?
-
Bu, tamamilə başqa məsələdir və bəlkə də heç Azərbaycandan asılı deyil. Bəlkə bu məsələni də beynəlxalq birlik müəyyən edəcək. Qarabağın statusunu Azərbaycan yox, Minsk qrupunun həmsədrləri müəyyən edəcək. Vəssalam. Sadəcə bu, onlar üçün birinci dərəcəli məsələ deyil. Odur ki, bu istiqamətdə ciddi səy göstərmirlər. Münaqişənin həll olunmaması da tərəflərin deyil, vasitəçilərin günahıdır.
Amma gələcəkdə bu məsələnin mütləq həll olunmacağına hər kəs inanır.

-Qarabağ hansı mərhələdə müzakirələrə qatılacaq?
-İndi, bu məsələ gündəmdə deyil. Hazırda mən konkret plan haqda danışıram. Bu planda isə qeyd etdiyiniz məsələ yoxdur. Sadəcə həmsədrlər bir neçə dəfə şifahi şəkildə belə söz veriblər. Deyiblər ki, hansısa mərhələdə Qarabağ da tərəf kimi, nizamlama prosesinə qatıla bilər. Mən bunun hansı mərhələ olduğunu bilirəm. Amma açıqlaya bilmərəm. O an mütləq gələcək. Ümumiyyətlə, mən Ermənistanla Azərbaycan arasında müzakirələrin sonuncu mərhələsində razılaşdırıla biləcək məqamları da bilirəm. Bunlar çox deyil. Əsas odur ki, artıq böyük ixtilaflara son qoyulub və razılaşdırılmalı olan 2-3 məqam qalıb. Onlar gizli olduğundan, açıqlaya bilmirəm.

-Qarabağa sonuncu səfərinizdən hansı təəsüratlarla qayıtdınız?
-Bilirsiniz, mən o adamlardan deyiləm ki, 2 nəfərlə görüşməklə, qarabağlıların nə istədiyini deyim. Bunu müəyyənləşdirmək üçün aylarla orada qalmalıyam. Bir şey bəllidir ki, Ermənistanın da, Qarabağın da əhalisi bu 20 ildə ciddi beyin travması alıb. Müntəzəm şəkildə qələbədən danışmaqla, əraziləri geri verməyəcəklərini deməklə, “dənizdən dənizə Ermənistan” yaratmaq xülyaları ilə, qalib ordudan, 1994-cü ilin zəfərlərindən bəhs etməklə, millətin məsələlərə açıq gözlə baxmaq hissini yox ediblər. Gəlin Qarabağ məsələsinə daha konkret, daha yaxından baxaq. Ərazilərin qaytarılması məsələsinə bir az açıq gözlə baxaq. Ən ağrılı problem budur. Xalqı çaşdıran politoloqlar, siyasətşünaslar belə bir fikir formalaşdırmağı sevir: kim ərazilərin geri qaytarılmasından danışırsa, o xaindir, qorxaqdır, türkdür, nə bilin nədir… Yaxşı tutaq ki, mən türkəm, xainəm, qorxağam, məndən sonra gələn Koçaryan, Vardan Oskanyan eyni plan üzərində çalışmırdılarmı? Üstəlik onlar daha pis plan üzərində işləyirdilər. Bilin, ərazilərin qaytarılması şərti bütün planlarda yer alıb və bu şərti hər kəs qəbul edib. Serj Sarqsyan da onlardan bu şərtin olduğu planı miras alıb və hazırda onu reallaşdırmaqdadır. Yaxşı, demək, Ermənistanın bütün hakimyyətləri, bütün prezidentləri xaindir? Hər kəs anlamalıdır ki, biz beynəlxalq ailənin üzvüyük və bu ailənin qaydalarına əməl etməyə borcluyuq. Biz BMT və ATƏT-in sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü ilə bağlı prinsiplərini qəbul etdiyimizə dair imzalar atmışıq. Bu sənədlər vasitəsilə sərhədlərin güc tətbiqi ilə dəyişdirilməsinin yolverilməzliyini qəbul etmişik. Demək, buna əməl etməliyik. Bu prinsipləri biz də qəbul etmişik, Azərbaycan da. Dünya isə bu prinsiplərin pozulması ilə bağlı heç bir bəhanəni tanımır. Biz Qarabağın nəzarəti altında olan Azərbaycan ərazilərini “Tarixi Ermənistan” da, "Azad olunmuş ərazilər" də adlandıra bilərik, oraya müqəddəs ərazilər və sair də deyə bilərik. Amma beynəlxalq hüquqda belə kateqoriyalar yoxdur və ola da bilməz. Bunlar xülyadır. Nə bizim hakimiyyətimiz, nə Koçaryan, nə də Sarqsyan bu ifadələrdən beynəlxalq sənədlərdə istifadə edib. Əgər belə ifadələrdən istifadə etsəydik, ölkəmizi “qanmaz ölkə” elan edərdilər.

-Bəs həmin ərazilər sizin vaxtınızda azad edilmədimi?
-Biz “azad edildi” deyə bilərik. Beynəlxalq birlik isə başqa cür adıandırır: işğal!

– Belə çıxır ki, oranı siz işğal etmisiniz?
– Beynəlxalq birliyə görə, bəli!

-Siz bunu nə ilə izah edə bilərsiniz – biz torpaqları nəyin qarşılığında geri qaytarırıq?

-Biz torpaqları beynəlxalq təşkilatlara təhvil veririk. Bizim üçün Azərbaycanın tələblərinin əhəmiyyəti yoxdur. Biz BMT və ATƏT-in tələblərini yerinə yetiririk. Vəssalam!.

– Axı nəyin qarşılığında?
– İzah edim: artıq qeyd etdiyim kimi, nizamlama prosesi kifayət qədər balanslaşdırılıb. Bütün variantlar – paket həll də, mərhələli həll də, “ümumi dövlət” də, nəhayət, “Madrid prinsipləri” də bəzi istisnalarla, eyni plandır. Hamısının əsasında bir az əvvəl sadaladığım prinsiplər var. Biz Azərbaycanla münaqişə tərəfləriyik və problemin həlli üçün məlum beynəlxalq təşkilatlara müraciət etmişik. Onlar hansı həll planını təqdim etsə, Ermənistanla Azərbaycan onu qəbul etməyə borcludur. Soruşursunuz ki, torpaqları nəyin qarşılığında veririk? Çox yaxşı sualdır.
Birincisi, bunu beynəlxalq hüquq tələb edir. Amma sənəddə məsələn, Qarabağ əhalisinin öz müqəddəratını təyin etməsi hüququ, sərbəst, təhlükəsiz yaşama hüququ kimi məsələlər də əksini tapıb. Bu, artıq ən böyük güzəştdir. Çünki Azərbaycan əvvəllər Qarabağın varlığını belə, qəbul etmək istəmirdi. Bakı Qarabağın muxtar vilayət statusunu ləğv edib, bunu Konstitusiyasından silib. İndi isə məsələ o səviyyəyə gəlib ki, onun xalq səsverməsi yolu ilə həll edilməsindən danışılır. Bu, böyük qələbədir, böyük nailiyyətdir. Bir zaman bunu yalnız xəyal edə bilərdik. Ötən illər ərzində Azərbaycan bir sıra ciddi güzəştlərə gedib. Biz beynəlxalq qurumların – BMT-nin, ATƏT-in Qarabağın öz müqəddaratını təyin etməsi haqqını qəbul etməsinə nail olmuşuq. Bundan böyük nə güzəşt gözləyirik? Beynəlxalq birlik ərazilərin Qarabağın nəzarəti altında qalmasını qəbul etmir. Ərazilərin dərhal boşaldılması tələb olunur. Laçın dəhlizi ilə bağlı isə istisna var. Anlayırlar ki, bunsuz Qarabağ əhalisinin təhlükəsizliyini təmin etmək çətin olacaq. Üstəlik yalnız Qarabağın təhlükəsizliyi üçün yox, həm də Ermənistanla normal iqtisadi əlaqələr üçün birbaşa rabitə olmalıdır. Bu da qəbul edilib. Bütün bu şərtlər faktiki olaraq, Azərbaycan tərəfindən qəbul olunub. Sazişi Azərbaycan və Ermənistanla yanaşı, Minsk qrupuna daxil olan dövlətlər də imzalayacaq. Onlar sazişə əməl edilməsinə zamin olacaqlar. Biz birtərəfli qaydada Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təminatçısı olduğumuzu bəyan etmişik və bu da qəbul olunub. Bundan sonra Dağlıq Qarabağ və Laçın dəhlizi ilə bağlı razılaşmalara əməl olunmazsa, Ermənistan artıq qanuni şəkildə işə qarışa, Qarabağla bağlı qanunsuzluqların qarşısını ala bilər. İndi soruşuruq ki, Qarabağ və ya Ermənistan tərəfi nə əldə edib? Əgər 1988-ci ildəki vəziyyəti yada salsaq, bu, möcüzədir. Əgər buna nail ola bilsək….

-Siz yenə də İlham Əliyevi rasional düşünən dövlət xadimi sayırsız? Bu fikriniz etirazla qarşılanmışdı…
-
Burda nə var ki? Bu ifadəyə görə mənə hücum edənlər rasional düşüncənin nə demək olduğunu anlamır. Rasional düşüncə başqa şeydir. Belə insanlar problemli işlərə də imza ata, zalım da ola, müsbət işlər də görə bilər. Rasional düşüncə dəyər deyil. Kiminsə haqqında “rasional düşünür” demək, onu tərifləmək deyil. Normal adam rasional olmalıdır. Rasional adam normal varlıqdır. Adi kəndli daha çox rasional ola bilər, nəinki universitet məzunu. Əliyev də çox rasional adamdır. Müzakirələrdə maksimum nailiyyət əldə etməyə çalışır.
03.04.2017 19:47:54
Oxuma sayı: 2244