İtkin alpinistlərin axtarışı nəticəsiz qalır - 21 gündür
Ölçü:


Dekabrın 23-də itkin düşən "Gilavar” hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları hələ də davam edir.

Koordinat.az xəbər verir ki, xilasetmə tədbirlərinə xarici mütəxəssislər də cəlb edilməsinə baxmayaraq, axtarışlar heç bir nəticə vermir. İtkin düşmüş 3 nəfər alpinistin axtarışlarına cəlb edilən Avstriya Daxili İşlər Nazirliyinin dağ-xilasetmə polisi Adolf Herrer  qeyd edib ki, alpinistlərin  üzərində xüsusi cihazlar olsaydı, onları tapmaq asan olardı: "Biz yalnız təxmin edə bilərik ki, onlar hansı istiqamətdə hərəkət ediblər. Alpinistlər əslində Tufandağa çıxmaq istəyiblər, lakin hava şəraitinə görə marşrutu dəyişiblər. Havanın pisləşməsi nəticəsində müvəqqəti düşərgə qurublar. Səhəri gün də hava yaxşılaşmayıb deyə, Tufandağa getdikləri istiqaməti müəyyənləşdirmək mümkün olmayıb. Onların üzərində xüsusi cihazlar olmalı idi".

Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.

12.01.2018 12:03:28
Oxuma sayı: 94