Prezidentdən yeni Baş nazirə mühüm tapşırıq
Ölçü:

Əli Əsədov uzun illər mənim köməkçim kimi fəaliyyət göstərib. Əminəm ki, Baş Nazir kimi o, mənim tərəfimdən qarşıya qoyulan vəzifələri icra edəcək. Əsas vəzifə iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmaq və islahatları davam etdirməkdir.

Koordinat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün hökümət üzvləri ilə keçirdiyi müşavirədə bildirib. Dövlət başçısı Əli Əsədovun başçılıq etdiyi yeni hökumət qarşısında ciddi tələblər qoyub: "Bu gün də hələ bir çox şirkətlər vergiləri tam ödəmirlər. Onların qara mühasibatlığı var. Bəzi şirkətlərdə işləyənlər orada qeydiyyata alınmır. Düzdür, son müddət ərzində on minlərlə iş yeri rəsmiləşdirildi və beləliklə, qara bölgədən ağ bölgəyə transfer olundu. Amma bu, kütləvi xarakter daşımalıdır. Bir çox özəl şirkətlər vergiləri hələ də tam həcmdə ödəmir və ikili mühasibat saxlayır".

Prezident deyib ki, vergi orqanları, digər hüquq-mühafizə orqanları bu tipli dırnaqarası sahibkarlara qarşı çox ciddi tədbirlər görməlidirlər: "Həmin sahibkarlar da bilməlidirlər ki, vergiləri ödəmək onların borcudur. Onlardan heç bir başqa ödəniş tələb oluna bilməz. Mən bütün qurumlar qarşısında bu vəzifəni qoydum, maksimum şəffaflıq, dürüstlük olmalıdır, rüşvətxorluğa, korrupsiyaya son qoyulmalıdır. Ancaq sahibkarlar dövlət vergisini tam şəkildə ödəməlidirlər. Biz bu vergilər hesabına sosial layihələri icra edirik, vergilər hesabına köçkünləri yerləşdiririk, vergilər hesabına ordumuzu gücləndiririk. Ona görə də vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməlidir. Bir çox hallarda eşidirik ki, bizdə standartlar, meyarlar Avropa standartlarına uyğun olmalıdır. Avropa ölkələrində vergisini ödəməyənə hansı cəza verilirsə, biz də onlardan nümunə götürməliyik. Ona görə vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır. Mən bütün aidiyyəti qurumlara bir daha bu tapşırığı verirəm".
16.10.2019 19:28:00
Oxuma sayı: 40