Azərbaycanda qanunsuz ova görə 7 cinayət işi açıldı
Ölçü:


Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə məişət tullantılarının tutumundan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə tədbirlərini davam etdirir.
Koordinat.az -a Daxili İşlər Nazirliyindən bildirilib ki, bu ilin 9 ayı ərzində birgə keçirilən tədbirlər zamanı Bakı şəhərində və Abşeron rayonu ərazisində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) və 264-cü (su obyeklərinin mühafizə qaydalarının pozulması) maddələrinin tələblərini pozan 16 fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunub. Onlara tətbiq olunan cərimələr 24.520 manat təşkil edib.
Məlumata görə, ümumilikdə, 9 ay ərzində şəhər, rayon polis orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyektlərinin mühafizə qaydalarının pozulması), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənara atılması) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozan 1152 nəfər inzibati məsuliyyətə cəlb olunub ki, həmin şəxslərə tətbiq olunan cərimələr 80 250 manat təşkil edib.
Ekoloji cinayətlərin və ekoloji təhlükəsizlik əleyhinə olan inzibati xətaların qarşısının alınması məqsədilə bu ilin 9 ayı ərzində daxili işlər orqanları zəruri tədbirlər həyata keçirib, balıq və başqa su heyvanlarını tutmağa görə 93, qanunsuz ağac kəsmə faktı üzrə 35, qanunsuz ovla bağlı 7 cinayət işi başlanıb. Eyni zamanda, meşə qanunvericiliyinin tələblərini, yerin təkindən istifadə qaydalarını pozduqlarına və qanunsuz ov etdiklərinə, eləcə də mülki silahın daşınması qaydalarını pozduqlarına görə 670 nəfər inzibati məsuliyyətə cəlb edilib, tətbiq olunan cərimələr 41 075 manat təşkil edib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
16.10.2019 16:00:00
Oxuma sayı: 31