Raquf Orucov heç vaxt şəxsi xarakterli xahiş etmədi – keçmiş icra başçısı xatırlayır
Ölçü:


Aprel döyüşlərinin şəhidi, əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun adı əsil xalq qəhrəmanı kimi yaddaşlara həkk olunub. O, həm cəsur hərbçi, qətiyyətli zabit, qayğıkeş komandir, həm də təvazökar və təmənnasız bir insan idi. Raquf Orucovu yaxından tanıyan, onunla ünisyyətdə olan, birlikdə xidmət edən, çiyin-çiyinə səngərdə dayanan hər kəs onu belə xatırlayır.

Koordinat.az xəbər verir ki, 2009-2014-cü illərdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Nizami Sadıqovun ötən ilin sonunda çapdan çıxmış “Ağdam gündəliyi. Beş ilin hesabatı” kitabında qəhrəman zabitin rayondakı hərbi hissədə komandir  olduğu  dövrə aid maraqlı faktlar öz əksini tapıb.  Kitabda polkovnik-leytenant Raquf Orucovdan bəhs edən hissəni olduğu kimi təqdim edirik:

Ağdam rayonunda yerləşən 190 saylı hərbi hissəyə 2012-ci ildə yeni komandir  təyin etmişdilər. İşlərim nə qədər çox olsa da, vaxt tapıb onunla görüşmək üçün hərbi hissəyə getdim. Tanış olduq: polkovnik-leytenant Raquf Orucov! Tanışlıqdan sonra komandir məni çay süfrəsinə dəvət elədi. Söhbətimiz təxminən bir saat çəkdi.
Onu da deyim ki, bir vaxtlar mən özüm də zabit olmuşam. 1971-ci ildə hərbi xidmətdən qayıdanda artıq leytenant rütbəsində idim. Ona görə də hərbi işdən az-çox anlayışım var. Və bilirəm, əgər komandir əsgərini sevirsə, onun qayğısına qalırsa, əsgər də komandirini sevir, ona böyük ehtiram bəsləyir. Raquf Orucovun sevimli komandir olduğunu elə ilk ünsiyyətdən hiss elədim.

Söhbət əsnasında həm hərbi qüvvələrimizin itkilərinin qarşısını almaq, həm də dinc əhalinin təhlükəsizliyini qorumaq məqsədiləkomandir düşmənlə təmas xətti boyunca torpaq sədd çəkilməsinə kömək göstərilməsini məndən xahiş etdi. Dedi ki, Bərdə rayonunda bir təşkilatda bu işi görə biləcək texnika var, özü də yalnız gecələr işləmək mümkündür ki, ermənilər texnikanı vura bilməsinlər.

Görüşdən çıxıb rayon icra hakimiyyətinə gəldim. Rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Allahverən Əliyevdən komandirin dediyi texnikanın Bərdə rayonunda hansı təşkilatda olduğunu öyrənməsini xahiş etdim. Səhərisi Allahverən müəllim həmin texnikanın sürücüsü ilə birlikdə yanıma gəldi. Qısa söhbətdən sonra sürücü təmas xəttində işləməyə razılıq verdi. Çətinliklə də olsa, 29 günə torpaq bənd çəkilişi başa çatdırıldı.

Raquf Orucovun növbəti xahişi hərbi hissənin həyətindəki meydançaya asfalt döşənməsi ilə bağlı oldu. Qısa müddətdə bu məsələni də həll etdik.

Görüşlərimizdən birində isə Raquf Orucov bir az utana-utana dedi ki, canlı qüvvə sarıdan itki verəndə həlak olan əsgərləri kəfənləyib ailəsinə təhvil vermək üçün hərbi hissədə şərait yoxdur. “Çox vaxt valideynlər özləri də yuyat yerinə girmək istəyirlər, - dedi - lazımi şərait olmadığından həm komandir, həm də bir ağdamlı kimi xəcalət çəkirəm. Bizə kömək edin, bu problemi həll edək”. Mütləq kömək edəcəyimi dedim. Bir ay müddətinə hərbi hissənin yaxınlığındakı qədim bir məscidin həyətində bütün şəraiti olan yuyat yeri tikdirdik.

Ümumiyyətlə, Ağdamda işlədiyim müddətdə Raquf Orucov mənə dəfələrlə xahişlə müraciət etdi. Amma bu xahişlərin biri şəxsi xarakterli deyildi. Onun bütün müraciətləri yalnız hərbçilərin həyat şəraitinin yaxşılaşdırılması və onların təhlükəsizliyi ilə bağlı idi.

Bayaq əsgərlərin Raquf Orucovu komandir kimi çox sevdiklərini hiss etdiyimi dedim. Bax həmin sevgi və ehtiram məhz Raquf Orucovun bir komandir kimi sözübütövlüyündən, ağayanalığından, qayğıkeşliyindən qaynaqlanırdı.

Raquf Orucovla müntəzəm görüşlərimiz olurdu. Onunla birlikdə tez-tez əsgərlərlə nahar edərdik. Bayramlarda onun komandiri olduğu briqadanın bütün heyəti üçün plov hazırladırdım. Əlavə olaraq, şirniyyat, mer-meyvə tədarükü də görüb hərbi hissəyə, hərbçilərlə bayramlaşmağa gedirdik.

Ümumiyyətlə, mənim rəhbərliyim dövründə Ağdam rayonunun bütün idarə və müəssisə rəhbərləri ayrı-ayrı hərbi hissələrə təhkim olunmuşdu, bütün hərbi hissələrə, hərbçilərə daim xüsusi diqqət göstərilirdi. Hərbi hissələrdə mütəmadi olaraq Ağdam “Şur” ansabmlının konsertlərini təşkil edir, keçirilən bütün tədbirlərə şəxsən özüm də qatılırdım.

Bir dəfə söhbət zamanı söz necə gətirdisə, Raquf Orucovdan soruşdum:

- Komandir, müharibə başlasa, düşmənə qalib gələ bilərkmi? Yetərincə gücümüz varmı?

Raquf Orucov:
- Əgər Ali Baş Komandan əmr versə, - dedi,- bizim briqada bir günə Ağdam şəhərini işğaldan azad edə bilər.

O zaman komandirin bu sözləri məni xeyli qürurlandırmışdı. Təsadüfi deyil ki, doğma torpağı düşməndən tezliklə azad etmək üçün hər an döyüşə hazır olan bu peşəkar zabit 2016-cı ilin aprel ayında Talış yüksəkliyi istiqamətində ordumuzun uğurla həyata keçirdiyi əks-hücum zamanı öz silahdaşları ilə birlikdə böyük qəhrəmanlıq göstərdi. Hələ gənc zabit kimi Murovdağ istiqamətindəki hərbi hissələrdən birində kəşfiyyat bölüyünün komandiri olarkən Raquf Orucovun düşmən arxasında bir neçə uğurlu əməliyyat keçirdiyi, əfsanəvi igidliyinə görə,  həm dövlət təltifinə layiq görüldüyü, həm də “Murov qartalı” kimi rəmzi bir ad aldığı barədə mən də eşitmişdim... Aprel döyüşlərində isə o, ən öndə gedən komandirlərdən biri kimi düşmənə ağır zərbə vurdu, lakin özü də qəhrəmancasına həlak oldu, şəhidlik zirvəsinə yüksəldi. Bu döyüş, Raqufun vaxtilə mənə dediyi kimi, göstərdi ki, ordumuz torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır! Mən bu igid eloğlumla fəxr edirəm. Onun şəhid olması məni dərindən kədərləndirdi. Raqufun Sumqayıt şəhərinin Şəhidlər Xiyabanındakı məzarını ziyarət edəndə bir daha şahid oldum ki, xalqımızın belə qəhrəmanlara necə böyük sevgisi, ehtiramı var...

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

12.01.2018 11:32:17
Oxuma sayı: 42587