İlham Əliyev: "Azərbaycan xarici borcu az olan dövlətdir"
Ölçü:


“Zirvə görüşlərimiz ənənəvi olaraq əməkdaşlığımızın müxtəlif sahələrini əhatə edən mövzulara həsr olunur. Kiçik və orta sahibkarlığa həsr olunan builki Zirvə Görüşünün mövzusu da mühüm aktuallıq kəsb edir".
Koordinat.az xəbər verir ki, bunu bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, 2017-ci ildə Azərbaycanda Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb, Agentliyin yaradılmasında da məqsəd məhz kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsidir: "Ölkə daxilində və xaricində geniş fəaliyyət imkanlarına malik güclü sahibkarlar sinfi formalaşıb. Sahibkarlığın İnkişafı Fondu tərəfindən indiyə qədər 36 min sahibkara 1,4 milyard ABŞ dolları həcmində güzəştli kredit ayrılıb. 2018-ci ildə özəl sektorun ölkəmizin ümumdaxili məhsulunda payı 85 faiz təşkil edib. Son 16 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb. Ölkəyə 270 milyard dollardan çox sərmayə qoyulub ki, bunun da yarısı xarici sərmayədir”.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan xarici borcu az olan dövlətdir: “Azərbaycanın borcu ümumdaxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada 9-cu yerdəyik. İqtisadi sahədə aparılmış islahatlar beynəlxalq təşkilatlar tərəfindən də təqdir olunur. Dünya Bankının 2020-ci il üzrə "Doing Business" hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir. Azərbaycanın Türkiyə iqtisadiyyatına qoyduğu sərmayə 15 milyard ABŞ dolları, Türkiyənin Azərbaycan iqtisadiyyatına qoyduğu sərmayənin həcmi isə 12 milyard ABŞ dollarıdır”.
Dövlət başçısı nəzərə çatdırıb ki, tarixən qədim İpək Yolu üzərində yerləşən ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq əsas istiqamətlərdən biridir: “Azərbaycan Şərq-Qərb Nəqliyyat Dəhlizinin fəal iştirakçılarından biridir. 2017-ci ilin oktyabrında istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu tarixi İpək Yolunun bərpasına müştərək töhfəmizdir. Beynəlxalq Bakı Dəniz Limanı 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malikdir. Ehtiyac olduğu təqdirdə yükaşırma qabiliyyəti 25 milyon ton yük və 1 milyon konteynerə kimi artırıla bilər. Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir. 2018-ci ildə türkdilli ölkələrdən 8 milyon ton yük Azərbaycan vasitəsi ilə daşınıb. Biz enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət veririk. Azərbaycan bu sahədə də öz imkanlarını təqdim edir. Mərkəzi Asiyadan olan tərəfdaşlarımızın enerji resurslarının bir hissəsi Azərbaycan vasitəsi ilə dünya bazarlarına nəql edilir”.
Prezident İlham Əliyev bildirib ki, ölkələrimizə xaricdən turist cəlb edilməsi və ölkələr arasında turist axınını təşviq etmək üçün səylərimizi artırmalıyıq: “2019-cu ilin ilk 9 ayında Azərbaycana ümumilikdə 2 milyon 400 min turist səfər edib ki, bunlardan 330 mini türkdilli ölkələrin payına düşür. 2018-ci ilin eyni dövründə isə bu rəqəm 285 min olub. Ölkələrimiz arasında təhlükəsizlik sahəsində də əməkdaşlıq genişlənir. Ötən ay Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanlarının Konfransının 22-ci iclası Bakıda keçirilib. Təhlükəsizliyimizin möhkəmləndirilməsi və regional sabitliyin təmin olunması baxımından bu sahədə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir”.




15.10.2019 15:20:00
Oxuma sayı: 39